Xəbərlər

Bakı daha bir beynəlxalq telekommunikasiya tədbirinə ev sahibliyi edib

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC) Azərbaycanda keçirilməsindən sonra ölkəmiz növbəti mühüm beynəlxalq telekommunikasiya tədbirinə ev sahibliyi edib.

“Füyuzat” xəbər verir ki, AZCON Holding şirkətlərindən olan Azərkosmosun təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və İnnovsiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə 14–18 sentyabr 2026-cı il tarixlərində Bakıda Avropa Poçt və Telekommunikasiya Administrasiyaları Konfransının (CEPT) Konfransa Hazırlıq Qrupunun B layihə komandasının (CPG PTB) növbəti görüşü keçirilib.

Beş gün davam edən görüşün əsas məqsədi 2027-ci ildə keçiriləcək Ümumdünya Radiorabitə Konfransına (WRC-27) hazırlıq çərçivəsində kosmik və peyk rabitəsinə dair gündəlik məsələləri müzakirə etmək, radiotezlik spektrindən səmərəli və koordinasiyalı istifadəyə dair yanaşmaları nəzərdən keçirmək, eləcə də CEPT ölkələrinin bu istiqamətdə ortaq mövqelərinin formalaşdırılmasına töhfə vermək olub.

Görüşdə Avropa ölkələrinin telekommunikasiya və tənzimləyici qurumlarını təmsil edən ekspertlər iştirak ediblər. Müzakirələr zamanı peyk rabitəsi xidmətləri üçün tezlik diapazonlarından istifadə, mövcud və yeni nəsil peyk sistemlərinin fəaliyyəti, tezliklərin ölkələr və sistemlər arasında koordinasiyası, rabitə siqnallarına zərərli maneələrin qarşısının alınması, həmçinin radiotezlik spektrinin və peyk resurslarının səmərəli idarə olunması ilə bağlı texniki və tənzimləyici məsələlər nəzərdən keçirilib.

Tədbirin proqramı çərçivəsində iştirakçılar üçün sosial turlar da təşkil olunub. Qonaqlar Azərbaycan mədəniyyəti, tarixi və milli irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, Azərbaycan 2027–2030-cu illər üçün Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasına üzvlüyə namizədliyini irəli sürüb. Bununla yanaşı, Azərkosmosun Radiotezliklərin idarə edilməsi şöbəsinin rəhbəri Sitarə Mehdiyeva da eyni dövr üçün BTİ-nin Radio Tənzimləmə Şurasına (Radio Regulations Board – RRB) üzvlüyə namizəddir. Onun namizədliyi Şərqi Avropa və Şimali Asiyanı əhatə edən C regionu üzrə irəli sürülüb.

“WRC-27”yə hazırlıq prosesi beynəlxalq radiokommunikasiya sahəsinin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Konfrans çərçivəsində qəbul ediləcək qərarlar yeni rabitə texnologiyalarının tətbiqinə, peyk və yerüstü rabitə sistemlərinin qarşılıqlı fəaliyyətinə, eləcə də radiotezlik spektrindən və orbit resurslarından daha səmərəli istifadəyə təsir göstərəcək. “CEPT CPG PTB” görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq telekommunikasiya əməkdaşlığında və radiotezlik spektrinin idarə olunması sahəsində fəal iştirakını, eləcə də ölkənin yüksəksəviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirir.