Bu gün Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilirsə, bunda Azərbaycanın prosesin hər mərhələsində ortaya qoyduğu fəal siyasətin mühüm rolu var
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasını davam etdirir. Avqustun 1-dən oktyabrın 31-dək davam edəcək layihə çərçivəsində Türk dünyasının inteqrasiyası, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərinə həsr olunmuş on mövzu üzrə silsilə müsahibələr hazırlanır. Layihə ilə bağlı təqdim edəcəyimiz 10 müsahibə toplusunun Səkkizinci mövzusu “Türk Dövlətləri Təşkilatı – yeni qlobal güc mərkəzi: Azərbaycanın Orta Asiya ilə strateji əməkdaşlığından Türk dünyasının daha dərin birliyinə” adlanır. Bu mövzu çərçivəsində TDT-nin beynəlxalq mövqeyinin güclənməsi, regional təşkilatdan daha geniş geosiyasi platformaya çevrilməsi, Azərbaycanın təşəbbüsləri və diplomatik fəaliyyəti, Azərbaycan-Orta Asiya əlaqələri və iqtisadi inteqrasiya və s. bu kimi məqamlara toxunulur.
Qeyd edək ki, müsahiblərimiz mövzu ətrafında aşağıdakı sualları cavablandırıblar:
1.Türk Dövlətləri Təşkilatının son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini necə qiymətləndirirsiniz? Bu prosesdə TDT-nin regional təşkilatdan daha geniş siyasi və geosiyasi platformaya çevrilməsi hansı amillərlə bağlıdır? Azərbaycanın təşkilat daxilindəki təşəbbüsləri və fəal diplomatik siyasəti bu prosesə nə dərəcədə təsir göstərir?
2.Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə münasibətlərinin son dövrdə sürətlə genişlənməsinin Türk dünyasının inteqrasiyası baxımından hansı strateji əhəmiyyəti var? Burada xüsusilə Azərbaycan–Qazaxıstan, Azərbaycan–Özbəkistan və Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafını necə qiymətləndirirsiniz? Eyni zamanda, Orta Dəhliz, Transxəzər nəqliyyat marşrutu, enerji və ticarət layihələri Türk dövlətlərini yalnız siyasi deyil, həm də iqtisadi baxımdan daha sıx bir məkanda birləşdirə bilərmi?
3.Qarşıdakı illərdə TDT-nin və bütövlükdə Türk dünyasının qlobal siyasətdə daha təsirli güc mərkəzinə çevrilməsi üçün hansı addımlar atılmalıdır? Sizcə, Azərbaycanın bu prosesdə əsas prioritetləri nələr olmalıdır və “Türk Dünyası–2040” kimi strateji hədəflərin reallaşması Azərbaycanın və digər türk dövlətlərinin beynəlxalq mövqeyinə hansı yeni imkanlar yarada bilər?
Mövzu ilə bağlı fikirlərini bölüşən müsahiblərimiz – Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin müəllimi Doç. Dr. Fatih Çağatay Baz və Türkiyədən olan eğitimci-yazar Murat Anar hər bir sual ətrafında öz baxışlarını sərgiləyiblər. İndi isə onların bu suallara verdikləri cavabları təqdim edirik:

Doç. Dr. Fatih Çağatay Baz: Azərbaycanın Orta Asiyaya açılımı Türk dünyasının siyasi həmrəyliyini iqtisadi qarşılıqlı asılılığa, Orta Dəhlizi isə sadə tranzit marşrutundan Türk dünyasının iqtisadi onurğa sütununa çevirmək potensialına malikdir
1.Türk Dövlətləri Təşkilatı Orta Asiya, Qafqaz, Xəzər dənizi və Avropa arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik əlaqələri yaradan çoxşaxəli geosiyasi platforma xüsusiyyəti qazanmaqdadır. Təşkilat ilkin mərhələdə daha çox mədəni və iqtisadi əməkdaşlığa diqqət yetirsə də, hazırda siyasi məsləhətləşmələr, nəqliyyat, enerji, rəqəmsallaşma, investisiya, müdafiə, ətraf mühit və təhlükəsizlik kimi sahələrdə daha institusional əməkdaşlığa yönəlir.
Türk dövlətləri Avropa ilə Asiya arasında, xüsusilə Azərbaycanın təşəbbüsləri ilə Xəzərdən keçən Şərq-Qərb nəqliyyat və ticarət marşrutlarının üzərində yerləşir. Rusiya-Ukrayna müharibəsindən sonra alternativ nəqliyyat və enerji marşrutlarının əhəmiyyət qazanması Orta Dəhlizi və bununla əlaqədar Azərbaycan-Türkiyə-Orta Asiya bağlantısını daha strateji əhəmiyyətli hala gətirib. Bu baxımdan Azərbaycanın fəal diplomatik siyasəti mühüm rol oynayır. Bununla yanaşı, enerji ehtiyatlarının, nəqliyyat şəbəkələrinin, limanların, dəmir yollarının, rəqəmsal infrastrukturun və ticarət yollarının inteqrasiyası Türk dünyasını iqtisadi baxımdan daha sıx əlaqələndirilmiş coğrafiyaya çevirir. Şuşa Bəyannaməsində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, Orta Dəhlizin gücləndirilməsi, gömrük proseslərinin asanlaşdırılması və rəqəmsallaşma məsələləri xüsusi olaraq vurğulanıb.
Xəzər hövzəsi və Orta Asiyanın enerji resurslarının dünya bazarlarına çatdırılması TDT ölkələrinin geoiqtisadi əhəmiyyətini artırır. Bununla yanaşı, əməkdaşlığın artıq yalnız neft və təbii qazla məhdudlaşmayaraq bərpaolunan enerji və yaşıl enerji dəhlizlərinə doğru genişlənməsi diqqət çəkir. Azərbaycan və digər Türk dövlətləri arasında enerji sistemlərinin əlaqələndirilməsini nəzərdə tutan layihələr bu transformasiyanın mühüm nümunələrindəndir. Bu proseslərdə Azərbaycan Türk dünyasını bir-birinə bağlayan strateji körpü mövqeyində çıxış edir.
2.Azərbaycanın Orta Asiyaya açılımı Türk dünyasının siyasi həmrəyliyini iqtisadi qarşılıqlı asılılığa, Orta Dəhlizi isə sadə tranzit marşrutundan Türk dünyasının iqtisadi onurğa sütununa çevirmək potensialına malikdir. Bu transformasiya uğurla həyata keçirildiyi təqdirdə TDT yalnız ortaq tarix və mədəniyyət əsasında bir araya gələn dövlətlər birliyi deyil, həm də ticarət, enerji, nəqliyyat, texnologiya və investisiya şəbəkələri ilə bir-birinə bağlanmış güclü geoiqtisadi regiona çevriləcək.
Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla inkişaf etdirdiyi münasibətləri Türk dünyasının inteqrasiyasında bir-birini tamamlayan üç iqtisadi və geosiyasi halqa kimi qiymətləndirmək mümkündür. Qazaxıstan Xəzərin şərq sahilində Orta Dəhlizin və enerji resurslarının mühüm iştirakçısıdır. Özbəkistan böyük əhalisi, istehsal potensialı və Orta Asiyanın iqtisadi mərkəzinə çevrilmək imkanları ilə seçilir. Qırğızıstan isə Orta Asiyanın daxili bağlantılarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə bütün bu elementləri Xəzər üzərindən Türkiyəyə və Avropaya bağlayan əsas ölkə mövqeyindədir.
Bu səbəbdən qarşıdakı dövrdə məqsəd yalnız Türk dövlətləri arasında daha çox ticarətin həyata keçirilməsi ilə məhdudlaşmamalıdır. Daha irəli hədəf kimi Türk dövlətləri arasında ortaq iqtisadi məkanın yaradılması məsələsi gündəmə gətirilməlidir. Bunun üçün Orta Dəhliz, enerji dəhlizləri, rəqəmsal dəhliz, gömrük inteqrasiyası, ortaq investisiya mexanizmləri, birgə istehsal və dəyər zəncirləri kompleks şəkildə nəzərdən keçirilməlidir.
3.“Türk Dünyası – 2040” vizyonu siyasi əməkdaşlıqla yanaşı, iqtisadiyyat, nəqliyyat və gömrük, enerji, rəqəmsallaşma, ətraf mühit, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət kimi çox geniş sahələri əhatə edir. Azərbaycan Xəzərin qərb sahilində yerləşməsi səbəbindən Orta Asiya ilə Türkiyə və Avropa arasında strateji körpü mövqeyindədir. Azərbaycan bu üstünlüyünü daha güclü liman, dəmir yolu, enerji və rəqəmsal infrastrukturu ilə dəstəkləyəcək. Azərbaycanın gələcəkdəki rolu yalnız neft və təbii qaz ixracatçısı olmaqla məhdudlaşmayacaq. Xəzərin bərpaolunan enerji potensialı, elektrik enerjisi bağlantıları və yaşıl enerji layihələri vasitəsilə Azərbaycan Türk dünyasının yaşıl enerji bağlantı mərkəzlərindən birinə çevriləcək.
Azərbaycanın fəal diplomatik siyasəti TDT-nin Avropa, Asiya və digər regional təşkilatlarla münasibətlərinin inkişafına töhfə verəcək. Lakin burada əsas məsələ TDT-nin digər güc mərkəzlərinə qarşı mövqeləndirilməsi deyil, çoxtərəfli sistem daxilində özünəməxsus siyasi və iqtisadi çəkisini formalaşdırmasıdır.
“Türk Dünyası – 2040” vizyonunun ən mühüm xüsusiyyəti ortaq hədəfləri yalnız siyasi ritorika olmaqdan çıxararaq uzunmüddətli strateji yol xəritəsinə çevirməsidir. Bu baxımdan “Türk Dünyası- 2040” vizyonunun uğuru ortaq tarix və mədəniyyətin nə dərəcədə güclü olmasından daha çox, bu ortaq dəyərlərin nə dərəcədə konkret institutlara, layihələrə və iqtisadi potensiala çevrilə bilməsindən asılı olacaq.
Bütün bunlar Türk Dünyası – 2040 kimi strateji hədəflərin həyata keçirilməsi ilə Azərbaycanın və digər Türk dövlətlərinin beynəlxalq mövqelərinin möhkəmlənməsi və qarşılarına yeni imkanların çıxması üçün zəmin yaradacaq.
Murat Anar: Əslində, bu gün Türk Dövlətləri Təşkilatından danışırıqsa, bunu Azərbaycanın türklərin ən çətin dövrlərində belə “Türk birliyi” idealını yaşatmasına borcluyuq



