27 sentyabr – Azərbaycan tarixinin yaddaşına yalnız bir savaşın başlanğıc günü kimi deyil, illərlə içimizdə daşınan bir iradənin gerçəyə çevrildiyi gün kimi həkk olunub. Həmin gün başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında ağrısı, qüruru, qəhrəmanlığı və Zəfəri ilə bütöv bir tarixi salnaməyə çevrildi.
İllərlə işğal altında qalan torpaqlarımızın azadlığı arzusu bir günün, bir ilin, hətta bir nəslin arzusu deyildi. Bu, tarixin müxtəlif mərhələlərindən keçərək nəsildən-nəslə ötürülən milli iradə idi. 27 sentyabr 2020–ci ildə isə həmin iradə döyüş meydanında öz ən böyük ifadəsini tapdı. Azərbaycan Ordusu 44 gün ərzində hər qarış torpaq uğrunda mübarizə apardı və hərbi–siyasi reallığı kökündən dəyişdi.
Bu qələbənin arxasında yalnız silah, texnika və hərbi strategiya dayanmadı. Burada şəhidlərin canı, qazilərin fədakarlığı, əsgərin cəsarəti, ailələrin səbri və bütöv bir xalqın birliyi vardı. Hər evdən cəbhəyə uzanan dualar, hər küçədə dalğalanan Azərbaycan bayrağı, hər ailənin yaşadığı qürur və narahatlıq 44 günün görünməyən, amma ən böyük tarixini yazdı.
8 noyabr 2020–ci il isə həmin mübarizənin ən möhtəşəm səhifələrindən birinə çevrildi. Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusu yalnız strateji və tarixi əhəmiyyət daşıyan bir şəhəri geri qaytarmadı; Şuşanın timsalında milli yaddaşımızın, mədəni irsimizin və Qarabağla bağlı mənəvi bağlarımızın bərpasına yeni səhifə açıldı. 10 noyabrda imzalanan üçtərəfli bəyanat isə müharibənin nəticələrini siyasi müstəvidə rəsmiləşdirdi.
27 sentyabrdan sonra Azərbaycan üçün artıq başqa bir mərhələ başladı. Qarabağda quruculuq, Böyük Qayıdış, dağıdılmış şəhər və kəndlərin yenidən inşası, yolların, hava limanlarının, məktəblərin, məscidlərin və yaşayış məntəqələrinin bərpası Zəfərin davam edən tarixidir. Çünki torpağı azad etmək böyük qələbədirsə, həmin torpaqda həyatı yenidən qurmaq da Zəfərin ən mühüm davamıdır.
Bu gün 27 sentyabrı xatırlayarkən 44 günün hər bir anını yada salırıq.
27 sentyabr bizə bir həqiqəti bir daha göstərdi: millətin yaddaşı yaşadıqca, onun iradəsi də yaşayır. 44 günlük Vətən müharibəsi həmin iradənin tarix qarşısında yazılmış ən parlaq səhifələrindən biridir. Bu səhifənin adı isə birdir – Azərbaycanın Zəfəri.



