26 sentyabr 2026-cı ildə Naxçıvan şəhərində M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Söz sərhəd tanımır” adlı ədəbi tədbir keçirilib.
“Füyuzat” xəbər verir ki, tədbir Bakıda yazıçı-publisist Esmira Abdullayevanın rəhbərlik etdiyi “Kitabçılar” birliyi ilə Naxçıvanda yazıçı-publisist Təranə Arifqızının rəhbərliyi ilə fəaliyyət göstərən “Zərif Qadınlar” ədəbi qrupunun birgə layihəsi çərçivəsində təşkil olunub.
Görüşdə Bakı və Naxçıvanın ədəbi mühitlərini təmsil edən şair və yazıçılar, ziyalılar, gənc qələm sahibləri, ədəbi qrupların üzvləri və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə “Kitabçılar” birliyinin üzvləri Nigar Səttarzadə, Mehriban Məmmədova, Sevil Ülvi, Rəna Cəbrayılova, Elmira Kərəmova və digər iştirakçılar çıxış ediblər. Bakıdan gələn “Kitabçılar” birliyinin doqquz üzvü və onların dəvəti ilə tədbirə qatılan qonaqlar Naxçıvanın ədəbi mühitinin nümayəndələri ilə görüşüblər. Görüş zamanı şeirlər səsləndirilib, ədəbi-mədəni əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar tədbir iştirakçılarını salamlayaraq Naxçıvanda yazıb-yaradan ədəbiyyat nümayəndələri haqqında məlumat verib. O, həmçinin gənc şair və yazıçılara dəstəyin vacibliyini vurğulayıb.
Tədbirdə şair-publisist Sevinc Azadlı, Naxçıvan ədəbi mühitinin nümayəndələri, eləcə də şair-qəzəlxan İman Naminin rəhbərliyi ilə fəaliyyət göstərən “Sehirli misralar” ədəbi qrupunun üzvləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tədbir üçün məkan və təşkilati dəstək göstərib.
Ədəbi görüşdən sonra iştirakçılar Vətən uğrunda şəhid olanların məzarlarını ziyarət ediblər. Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanların məzarları önünə baş çəkilib, onların xatirəsi ehtiramla yad olunub. Həmçinin Türkiyə şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib.
Proqram çərçivəsində qonaqlar Naxçıvan süfrəsi ətrafında bir araya gəlib, yerli mətbəxin nümunələri ilə tanış olublar.
Günün sonunda iştirakçılar Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyin bələdçisi Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də muzeydə nümayiş etdirilən eksponatlara dair məlumat verib.
“Söz sərhəd tanımır” adlı ədəbi görüş Bakı və Naxçıvan ədəbi mühitləri arasında əlaqələrin genişləndirilməsi, yaradıcı insanların qarşılıqlı ünsiyyətinin və əməkdaşlığının inkişaf etdirilməsi məqsədi daşıyıb.







