Xəbərlər

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Oktyabrın 5-də “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək.

“Füyuzat” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki,“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda təşkil olunacaq.

Forumun əsas məqsədi təhsildə yeni çağırışlar və müasir yanaşmaların müzakirəsi, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən təhsil mühitinin formalaşdırılması ilə bağlı beynəlxalq təcrübələrin bölüşülməsidir.

Tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Süni intellekt mühəndisliyi kafedrasında elm və fəlsəfə üzrə koordinator, müəllim və yazıçı Anoşirvan Mianci, Estoniyada təhsil müəssisələrinin memarlığı üzrə ixtisaslaşmış memar Gert Guriev, Sinqapur Müəllimlər İttifaqının baş katibi Mayk Tirumən və Varkey Fondunun direktoru Avqustin Porres təqdimatlarla çıxış edəcəklər.

Forum çərçivəsində professor Ziya Səlcuqla sual-cavab sessiyası da keçiriləcək.

Müzakirələr zamanı təhsildə yüksək nəticə gözləntisi ilə şagird rifahı arasında balansın qurulması, şüurlu düşünmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitinin pedaqoji dizaynı və davranış memarlığı, rəqəmsal pəhriz, məktəb memarlığının öyrənmə motivasiyasına və rifaha təsiri, həmçinin süni intellektdən istifadə zamanı real bilik və bacarıqların obyektiv qiymətləndirilməsi məsələləri diqqətdə saxlanılacaq.

Forumda əyani iştirak etmək istəyən şəxslərin əvvəlcədən qeydiyyatdan keçmələri tövsiyə olunur. Yerlər məhduddur.