Şah Abbasın tərəfindən İspaniyaya səfir təyin edilmiş Təbrizli Oruc bəy Bayata iddia edilən əsərdə Səfəvi dövlətini idarə edən və üstün imtiyazlara sahib 32 Qızılbaş-Türk ailəsi haqqında maraqlı məlumatlar qeyd edir.
“İran (Səfəvi | Qızılbaş) şahı özünümüdafiə və məsləhətlər üçün Zadəganlar (Qızılbaşlar) ilə həmrəydir. Onlardan həm şəxsi xidməti, həm də ölkəni idarə etmək üçün kömək istəyir. Ədalətin icrası və tətbiq edilməsi və müharibə kimi məsələlərdə onların köməyinə ehtiyac duyar.
Bu günlərdə İranda üstün hüquq və imtiyazlara malik 32 tayfa və ya zadəgan ailəsi mövcuddur. Aşağıda onların adları yazılmışdır. Onların bir çoxunun adlarının sonunda görünən “lı/,lu” şəkilçisi, sözügedən tayfanın o addakı Rəisinə bağlı olduğunu göstərir.
Bu tayfaların birincisi Ustaclıdır. Onların üzvləri daim Şahın diqqətini çəkən xadimlərdir və həmişə böyük və şərəfli məqamları tutmuşlardır.
Şamlı – tayfasının üzvləri İspaniyadakı moyordomlara bərabər tutulur. Onlar sarayın Başçılarıdır və sarayın idarəsi də bu tayfanın əlindədir.
Sonra Əfşarlar gəlir. Bunlar çox hallarda Bəy və ədliyyə başçıları olurlar.
Ondan sonra [Mosullu/Pürnak] Türkmənlər gəlir. Türkmənlər çox yaxşı əsgər olduqlarından Sərkərdələr, Bəylər və sərdarlar bu tayfadan çıxır. İran (Səfəvi) şahları, Türkmənləri həmişə öz yanına çəkmək üçün, bu tayfadan evlilik etməyə çalışıblar. Şah Təhmasib bir Türkmən bəyinin qızı ilə evlənmişdir. (Həmçinin Şah İsmayılın həyat yoldaşı Taclı Bəgüm də, Mosullu Türkmən qızı idi.)
Bayat və Təkəlilər əsilzadə və aristokrat sülalədir. Bunların hamısı İspaniya hersoqları ilə eynidir.
Xırmandalı Eli də, Markizlər kimi məqama sahibdirlər.
Dülqədirlilər (Zülqədərli) döyüşkən, olduqca igid və dindar insanlardır; iyerarxik olaraq hersoqlara bənzəyirlər.
Qacar və Qaramanlı tayfaları da hersoq kimidirlər.
Bayburtlu, İspirli və Oyratlar isə Qraflar ilə bərabər məqama sahibdir.
Çavuşlu tayfası hersoq və qraf vəzifəsindədir.
Asayişli tayfası da, Qraf kimidirlər.
Aşağıdakı ailələr də Qraflarla eyni mövqedədirlər; Cəmiş-qazaxlı, Sarızolaqlı, Qarabacaqlı, Baharlı, Göynüoralı, Qırxlı, Bozçalı, Hacı Fəqihli, Həmzəli, Zolaqlı, Mahmudlu, Qara Çomaqlı, Qaraqoyunlu.
Gözübəyizli, Peykli, İnazlu, Kuhgünyalı ailələri də Hersoqlara bənzəyirlər. Deyildiyi kimi, Dövlətin idarəsi hər cəhətdən bu tayfaların ixtiyarına verilmişdir.
Mənbə: «İlişkiler; Bir Şiî/Katolik Oruç Bey Bayat/ İranlı Don Juan», səhifə 32./ 33. Tercüme Tufan Gündüz (Yeditepe yayınevi)
Müəllif: Vahid İbayev



