Pərviz Əmirovla müsahibə
Keçən əsrin əvvəllərində mətbuat tariximiz bənzərsiz bir dərgi ilə feyzləndi: 1906-cı ildə Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə “Füyuzat” məcmuəsi işıq üzü gördü. Məcmuə Azərbaycanın ictimai fikir tarixində yeni bir mərhələnin əsasını qoydu, vətənin və millətin müqəddəratını həll edəcək taleyüklü məsələlər bu dərginin səhifələrində özünə yer tapdı. Lakin işıq tutduğu mətləblər bu gün belə aktual olan məcmuənin nəşr ömrü heç də uzun sürmədi, cəmi bir il fəaliyyət göstərən mətbu orqanın 32 sayı oxuculara qovuşa bildi. Buna baxmayaraq məcmuə milli özünüdərk, maarifçilik, türkçülük, müasirlik və mədəni tərəqqi ideyalarının formalaşmasında mühüm rol oynayaraq intellektual bir cərəyanın – “Füyuzat” ədəbi məktəbinin formalaşmasına rəvac verdi. Nəşri dayandıqdan sonra onlarla füyuzatçı mətbu orqan açıldı, tarix səhifələri arasında itib-batan vərəqlərdən ibarət olmadı “Füyuzat”. Fikirlərdə, ideyalarda, könüllərdə yaşayan “Füyuzat” bulağı təşnə tapdı – 2007-ci ildə dövrün maarifçiləri bir araya gələrək 100 illik közərən ocağın atəşini qaladılar – Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən “Füyuzat”ın nəşri qaldığı yerdən – 33-cü saydan bərpa edildi. Bu gün dərginin artıq 150-ci sayı işıq üzü görür. Nəşr prosesində 150 sayı yubiley olmaqla yanaşı, həm də illər ərzində qorunan ideyaların və mənəvi varisliyin simvoludur. Bu əlamətdar hadisə münasibətilə dərginin yenidən nəşrə başlamasının təşəbbüskarlarından olan MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirovla söhbətləşərək “Füyuzat”ın keçdiyi yolu, bu gününü və gələcəyini dəyərləndirməyə çalışdıq.
***
– 2007-ci ildə MİMTA Fondu bənzərsizliyi ilə seçilən, öz məktəbini yaradan, mətbuat tariximizdə silinməz iz qoyan “Füyuzat” məcmuəsini bərpa etdi. Niyə məhz “Füyuzat”? Bu seçimin arxasında hansı zərurət dayanırdı?
– Bu sualın cavabı fondumuzun nizamnaməsində açıq ifadə olunub. Çünki MİMTA Fondunun əsas məqsədi milli irsi, mədəni, tarixi dəyərləri araşdırmaq və təbliğ etmək olub. Bu niyyətlə başladığımız işdə ilk fəaliyyətimiz də məhz milli mətbuat tariximizin araşdırılması oldu. XX əsrin əvvəllərində “Füyuzat” jurnalı öz tutumu, mövzuları, azərbaycançılıq ideyası başda olmaqla təbliğ etdiyi dəyərlərlə xüsusi bir dəstxət yaratmışdır. Onun milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi yönündə göstərdiyi fəaliyyətin fondumuzun qarşıya qoyduğu məqsədlərlə üst-üstə düşdüyünü gördük. Bu səbəbdən “Füyuzat” dərgisi ilə aramızda doğmalıq hiss etdik. Belə bir dərginin bərpa edilərək yenidən nəşr olunmasını zəruri saydıq və belə demək mümkünsə, onu yenidən həyata qaytardıq.
Ancaq, bildiyiniz kimi, fondumuz tərəfindən mətbuat tariximizin araşdırılması bununla bitmədi, yuxarıda sadaladığımız dəyərləri daşıyan digər mətbuat orqanları ilə bağlı tədqiqatlarımız davam edirdi. Nəticədə 2011-ci ildə “İşıq” qəzetini dərgi formatında yenidən nəşr etməyi məqsədəuyğun gördük. 1911–12-ci illərdə maarifpərvər ziyalılarımız tərəfindən nəşr edilən və Azərbaycanda ilk qadın mətbuatı kimi xüsusi çəkiyə malik olan “İşıq”ın fəaliyyətini 100 il sonra bərpa etmək, düşünürəm ki, müasir mətbuat tariximizdə mühüm hadisədir.
Araşdırmalarımızın növbəti mərhələsi əski əlifba ilə dərc olunmuş mətbuat incilərinin transliterasiyası ilə davam etdi. Belə ki, 2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “İşıq” qəzetinin, 2025-ci ildə BP Azərbaycan şirkəti ilə birlikdə “Dirilik” jurnalının bütün saylarını transliterasiya edərək toplu şəklinə saldıq. Bu il isə yenə BP Azərbaycan şirkəti ilə ortaq layihədə Azərbaycanın ilk uşaq dərgisi olan “Dəbistan” jurnalının transliterasiyası həyata keçirilir. Bu ilin sonuna qədər bu toplu da geniş oxucu kütləsinə təqdim ediləcək.
– Əli bəy Hüseynzadənin Azərbaycan xalqına əmanət qoyduğu “Füyuzat” dərgisinin ilk nömrəsini təxminən 20 il öncə hazırlayarkən hansı çətinliklərlə üzləşdiniz?
– Bütün işlər kimi “Füyuzat”ın da yenidən həyata qayıtma prosesinin özünəməxsus çətinlikləri oldu. Əvvəla, “Füyuzat” kimi mühüm fikir jurnalının bərpa edilməsi çox məsuliyyətli işdir və əlbəttə ki, asanlıqla reallaşdırıla bilməzdi. Bütün çətinlikləri təbii qəbul edərək bu müqəddəs maarifçilik yoluna qədəm qoyduq. Çətinliklər həm də bizim inkişafımızı təmin etdi və nəticədə gələcək layihələrimizə stimul verdi.
– “Füyuzat”dan “Füyuzat”a varislik gəldi” şüarı ilə oxuculara xitab edən dərgi üçün bir təsisçi kimi fondun müəyyən etdiyi missiya nədən ibarətdir?
– Fondun müəyyən etdiyi missiya “Füyuzat”ın üz qabığında yer alan fikirlər və “Amalımız millətimizə və dövlətimizə faydalı olmaqdır” şüarı ilə bizim fəaliyyətimizin yol xəritəsidir. Qayəmiz köklü dəyərlərimizi araşdırmaq və öyrənmək, eyni zamanda gələcək nəsillərə ötürməkdir. Həm “Füyuzat”da, həm də digər mətbu orqanlarımızda fondun həyata keçirdiyi missiya tarixi, mədəni və bütövlükdə milli irsimizin bütün dəyərlərinin tanıdılması uğrunda aparılan fəaliyyətimizdir.
– Bu gün “Füyuzat” artıq 150-ci sayı ilə oxucularını salamlayır. Bu sayların 118-i MİMTA Fondu tərəfindən nəşrə hazırlanıb. Yubiley sayının astanasında dayanıb geriyə baxanda nə görürsünüz? Bu illər ərzində dərginin imza atdığı uğurlar içində hansılar daha çox yadda qalıb?
– “Füyuzat”ın sadiq oxucularını, bu illərdə bizə öz qələmi, sözü ilə dəstək verən ziyalılarımızı 150-ci yubiley sayının işıq üzü görməsi münasibətilə təbrik edirəm. Milli məfkurəmizin öndərləri olmuş füyuzatçıların izi ilə gedən müasir füyuzatçıların hər birinin bu təbrikdə payı var. Onlara üzümü tutub demək istəyirəm ki, siz dövrümüzün fədakarlarısınız. Məhz sizin çiyinlərinizdə, sizin əzmkarlığınızla “Füyuzat” irsi gələcək nəsillərə ötürüləcəkdir. Bu şərəfli yolda addımlamaq, “Füyuzat”ın varisi olmaq sizin taleyinizdir. Bu yolu siz könüllü seçmisiniz və təqdirəlayiq şəkildə davam etdirirsiniz. “Füyuzat” kimi bir fikir jurnalını, 32 klassik sayının davamı olaraq 118 nömrəsinin belə yüksək poliqrafik və məzmunlu şəkildə nəşri sizin gərgin əməyiniz sayəsində ərsəyə gəlib. Bir sözlə, geri dönüb baxanda fədakarlıq dolu şərəfli və işıqlı bir yol görürəm.
– XX əsrin əvvəllərində formalaşan füyuzatçılıq ideyası bu gün hansı məzmunla yaşayır? Texnologiya əsrində poliqrafiya məhsulu olan bir dərginin elektron resurslarla rəqabətə davam gətirə bilməsi üçün nələr edirsiniz?
– Bu gün “Füyuzat”ın ideyalarının son dərəcə mütərəqqiliyi göstərir ki, Əli bəy Hüseynzadə nə qədər uzaqgörən və xalqını sevən bir şəxsiyyət olub. Klassik “Füyuzat”ın Türk dünyasının birliyinə verdiyi önəm bu gün daha aydın başa düşülür. “Füyuzat”ın təməl ideyası bu gün də qorunur. Çünki “Türkləşmək, müasirləşmək, islamlaşmaq!” ideyası yenə də aktualdır. Millətimiz var olduqca da bu dəyərlər yaşayacaq. Dövlətimizin güclənməsi və inkişafına bizim də bir vətəndaş töhfəmiz varsa, bundan xoşbəxtlik duyuruq. Fondumuzun “Amalımız millətimizə və dövlətimizə faydalı olmaqdır!” şüarı bu gün “Füyuzat”ın fəaliyyəti ilə gerçəkləşdirilir. Ancaq yenə də qeyd edirəm: XX əsrin əvvəllərində “Füyuzat”ın məzmununda müasirləşmək əhəmiyyətli yer tuturdu. Bu ənənə istər müasir “Füyuzat”ın ilk baş redaktoru, mərhum professor Teymur Əhmədovun fəaliyyəti dövründə, istərsə də bu gün olsun, daim qorunur, davam və inkişaf etdirilir.
Müasirləşmək həm də dərin mənada öz kökünü qorumaq deməkdir. Öz irsimizi qorumaq üçün müasirləşərək yolumuza davam etməliyik. Dəyərlərimizi müasir vasitə və üslublarla təqdim etməyi bacarmalıyıq. Müasirləşdikcə irsimiz də yeni, müasir formada inkişaf edəcəkdir. Bu gün ortaya qoyduğumuz fəaliyyət də illər sonra irsimizin bir parçası olmalıdırsa, onu müasir resurslarla davam etdirməliyik. Buradan sualınızın ikinci hissəsinin cavabı aydın olur. Müasirlik texnologiya əsri dediyimiz bu dövrdə müxtəlif yönlərini göstərən dəyərdir. Nə üçün öz məqsədlərimizə çatmaq üçün bu vasitədən istifadə etməyək? Rəqabət aparmaq yerinə, daha çox müasir texnologiyalarla işimizi davam etdiririk. XX əsrin müasir təbliğat növü dərgiçilik idisə, bu günün də daha rahat və daha əlçatan vasitələri var. Texnologiya əsri, əslində, bizim tədqiq etmək və irəli aparmaq istədiyimiz dəyərlərin təbliğində daha çox köməklik göstərir. Bunun üçün də “Füyuzat” ənənəsinə sadiq qalmaq şərti ilə “Füyuzat TV”, “fuyuzat.az” saytı ilə fəaliyyətinin çoxçeşidliliyini təmin edir.
– Məcmuənin dünənindən, bu günündən söz açdıq. Əziz “Füyuzat”ımıza uzun ömür diləyərək sizə son sualımızı da ünvanlamaq istərdik. Gələcək illərdə, növbəti 150 sayında “Füyuzat“ı hansı nöqtədə görmək istərdiniz? Jurnalın gələcəyi ilə bağlı hansı layihələr üzərində çalışırsınız?
– İstər XX əsrin əvvəllərində nəşr edilən klassik “Füyuzat”, istərsə də 100 il sonra MİMTA–nın təsis etdiyi müasir “Füyuzat” öz dəyərlərinin, yəni milli irsin, mədəniyyətin, tarixin araşdırılması və təbliğində necə fəaliyyət göstəribsə, növbəti 150 sayda da bu ənənəyə sadiq qalmasını istərdim. İndiki şəraitdə bir jurnalın nəşrini 20 il davam etdirmək, həqiqətən, asan məsələ deyil. Jurnalın gələcəyi üçün də əlimizdən gələn hər şeyi edirik. Hazırda sürətli informasiya dövründə öz dəyərlərimizi təbliğ edən, tanıdan layihələr həyata keçirməyə çalışırıq. Jurnal öz ənənəsinə sadiq qaldıqca gələcəyi heç vaxt şübhə doğurmur. Fikir jurnalı kimi oxuculara daha əlçatan olmağa çalışırıq. Tələbə kontingenti ilə sıx əlaqələr qurmuşuq, “Füyuzat” və digər mətbu orqanlarımızda fəaliyyət göstərmək arzusunda olanlara şərait yaradırıq.
Ülviyyə İbrahimova



