Afrikadakı vəhşi şimpanzelərin əllərini və ayaqlarını istifadə edərək ağacların üzərində ritm tutduqları müşahidə edilib. Şimpanzelər ağacın dibindən çölə doğru yayılan böyük dayaq köklərinə vuraraq meşənin içində bir kilometrdən daha uzağa gedə bilən dərin və əks-sədalı səslər çıxarırlar. Bu cür ritm tutmaq uzun məsafəli ünsiyyət formasıdır. Uqandada şimpanzelər üzərində 2022-ci ildə aparılan araşdırma göstərdi ki, şimpanzelərin özünəməxsus ritm tutma üslubları var və onlar bu üslublardan qrupdakı digər fərdlərə harada olduqlarını bildirmək üçün istifadə edirlər.
Altı fərqli şimpanze populyasiyasında 370-dən çox ritm tutma modelini araşdıran yaxın dövrə aid bir təqib tədqiqatı şimpanzelərin ritm tutma üsullarının məkanına görə də dəyişdiyini göstərdi. Qərbi Afrikadakı şimpanzelər, sanki bir texno musiqi parçasındakı bas zərbələri kimi bərabər aralıqlı vuruşlarla ritm tutmağa meyllidirlər; Şərqi Afrikadakılar isə vuruşlar arasında daha qısa və daha uzun fasilələri növbələşdirirlər. Bəzi şimpanzelər ritm tutarkən alətlərdən də istifadə edirlər. Əsasən şimpanzelərə məxsus xarakterik qışqırıqlar olan yüksək səsli nəfəs-kəsici səslərin (“pant-hoot”) ardınca, ağac gövdələrinə daş ataraq tıqqıltılı səslər çıxarırlar. Bu “rok musiqisi” davranışı yaxın zamanda Qvineya-Bisauda şimpanzelərdə sənədləşdirilib. Tədqiqatçılar gənc heyvanların daş atma davranışını qrupun yaşlı üzvlərindən öyrənməsinin mürəkkəb şimpanze mədəniyyətinin nümunəsi ola biləcəyini irəli sürürlər.
Zərbəli səslər çıxaran primatlar insanların ritmik musiqi ifa etmə və bundan zövq alma qabiliyyətinin köklərinin təkamül baxımından bizim əcdadlarımıza dayandığını göstərir. Bir pank-rok sənətçisinə yaraşan, diqqətçəkən və qara rəngli təpəciyə sahib olan palmiya kakadusu ayağı ilə tutduğu çubuqları və ya toxum qabıqlarını ağaclara ritmik şəkildə vurur. Erkək palmiya kakaduları bunu dişiləri cəlb etmək və ya öz ərazilərini işarələmək məqsədilə nümayiş etdirirlər. Belə davranış quş növləri arasında olduqca unikaldır. Hətta bu quşlar çubuqları və ya toxum qabıqlarını istədikləri forma və ölçüyə salana qədər diqqətlə yonaraq öz ritm alətlərini hazırlamaq üçün də vaxt sərf edirlər.
Hazırladı: Mədinə Məcidli



