Baş redaktordan • Füyuzat 150 • Loğman • Xəbərlər

Baş redaktordan

Söz insan ruhunun ətridir.

İnsan duyğu və düşüncələrinin, arzu və istəklərinin ifadəsidir.

Sevginin, qayğının, duanın, alqışın izharıdır.

Müqəddəsdir.

Sözün gücü yükündə, təsiri səmimiyyətindədir.

Səmimi sözə hər ürəyin qapıları açıqdır.

Sevgi dolu sözün yeri bütün fəsillərdə bahardır.

Söz var, söz var…

Söz var, çiçəyə qonan kəpənək kimi yük olmaz, qəlbə dəyməz.

Söz var, meh çiçəkdən ləçək qoparan kimi, adamın könlün alar, incitməz.

Söz var, qılıncdan ovxarlı, söz var, qalxandan arxalı.

Söz var, xəncərdən iti, söz var, sözdən ötə.

Söz var, könül qırmaq üçündür, söz var, könül qurmaq üçün.

Söz var, adamı urvata mindirər, söz var, şahı taxtdan endirər.

Söz var, atdan yüyrək, söz var, haqqa dirək.

Söz var, ölüncən deyilməz, söz var, bir batman balla yeyilməz.

Söz var, sükutda deyilər, almasan, yükündən xəbərin olmaz.

Bərkdə-boşda, ötə-bəridə əli olmayanın sözü ötəyə getməz, elə bəridə qalar.

Çiy söz də elədir, sıyıq kündə kimi küt gedər, külə batar, itə çatar, yeyilməz.

Söz qədri bilənlər düzü deyərlər, sözün şaxını sındırmaz, qəddini əyməzlər.

Düz sözü üzə deyərlər, üzə vurmazlar.

Abırlı adamlar üzə durmazlar, sözü güdaza verməzlər.

Əyri danışan əyilib gedər.

Düz – arxa danışmaz.

Arxa – söz götürməz.

Arxa danışana arxa çevirərlər.

Arxa danışandan üz döndərərlər.

Dik danışmaq dikə çıxarmaqdır, yoxuşa dırmaşdırmaqdır.

Yoxuş danışmaq savaşa çağırmaqdır.

Söz dəydisə, yetişdisə, yerində, məqamında düşər.

Kal söz üz-göz turşudar, ürək bulandırar, yiyəsini peşman edər.

Yalan söz yalaq sözdür, yaltaq sözdür – yal güdər.

Him-cimlə, göz-qaşla deyilən söz laldır, səssiz sözdür – gözlə oxunar, gözlə eşidilər.

Onu oxumaq duyuq adamın işidir.

Düz adamın sözü gözünə yazılar –

gərək deyiləndə görəsən.

Söz üzə deyilsə də, ürəyə yazılar.

Ürək söz boğçasıdır, saxlanc yeridir –

oxunduqca oxunar, yazıldıqca silələnər.

Ağlınız kəsərdən, sözünüz urvatdan düşməsin.

Sözünüzə tən olun ki, sizi sözünüzdən tanısınlar.

Sözünüzə tən olun ki, özünüzə tən olasınız.

Sözdən əməlin ətri gələndə insan özünə çatır.

Söz əmələ çevriləndə insan özünü ötür.

Özünü ötən insana söz çatmaz…