Payızın ilk ayının son günü. Bir az nasaz olduğum üçün iş çıxışında bu dəfə hər dəfəkindən fərqli olaraq yeni öyrəndiyim kəsə yolu seçirəm. Addımlarımı yavaşladıram, sanki tələsməyə heç bir yerim yoxdur. İş bitsə də, düşüncələrim istirahətə çıxmayıb beynimdə var-gəl edirlər; biri bitir, o biri başlayır. Yol kənarındakı köhnə bağçanın ətrafından uşaq səsləri eşidilir. Şən gülüşlər, səs-küy… Onları izləmək üçün bağçaya tərəf boylananda gördüyüm mənzərə birdən-birə mənim üçün zamanı və məkanı dondurur:
Kənardan sadəcə uşaqlar üçün adi bir əyləncə, rəngli oyun meydançasında qurulmuş beton uşaq sürüşkəni kimi görünən mavi fil. Mənim üçün isə keçmişin səhifələrindən boylanan rəngli uşaqlıq illərimin qəribə xatirəsi:
Balaca vaxtı qəsəbəmizdəki həmin mavi filli parkın yanından keçəndə necə də sevincək olurdum. Nənəmin yanına çatmağa az qalıb, az qalıb ki, qaçıb qucağına atılım. Mavi filli parkın yanından sonrakı döngə birbaşa nənəmin yanına aparırdı. O döngənin hər daşı, hər küncü mənə doğma idi.
Böyüdük, zaman sürətlə keçdi və bir gün həmin mavi fil yox oldu. Yerindən söküb apardılar, yeniləri ilə əvəzlədilər. O mavi fillə sanki uşaqlıq xatirələrimizi aparmış kimi oldular. Amma yenə də həmin döngədən keçəndə içimdəki o uşaq sevinci yerində idi. Ta ki həmin evdə mənim o döngələrdə əlimdən tutub “nənənin yanına gedirik” deyən o doğma səsi itirənə kimi.
İndi o döngəni keçəndən sonra mənə təsəlli verən tək şey həmin evin tamamilə boş olmaması, işıqlarının hələ də yanmasıdır. Uşaqlıq xatirələrimizin bir parçası olan o döngədə uşaqlığımı itirib böyüsəm də…
Gecə düşür. Bitirdiyimi düşündüyüm yazımı qeyd dəftərimə köçürməyə çalışıram, amma cümlələr bir-birinə qarışır. Gözüm qeyri-ixtiyari saata sataşır: 00:40 01.10.2026. Çox güman ki, bu gecə də sosial mediada yeni ayla, payızın gəlişi ilə bağlı paylaşımlər edilir, hər kəs həyatında açacağı yeni səhifədən danışır. Mənsə yenidən mavi fili düşünürəm. Təqvimə baxıram və anlıyıram ki, mavi fili məhz bu tarixdə – payızın bu gecəsində yenidən görməyim təsadüf deyilmiş. Düzü, bu həyatda başımıza gələnlərin təsadüf qəlibinə sığdığına heç vaxt inanmamışam da. İnanmaq da istəmirəm. Hər şeyin bir izi, hər səmtin bir ünvanı var.
Artıq iki ildən çoxdur ki, hər ayın ilk günü mənə uşaqlıq günlərimin ən yaxın dostunu itirdiyim günü xatırladır. Zaman keçir, illər bir-birini əvəz edir, amma o ağrılı təqvim rəqəmləri dəyişsə də, içimdəki yeri eyni qalır. Xüsusən də payızdan qışa doğru uzanan bu soyuq təqvimdə hər gün bir az daha dərindən hiss olunur, ürəyimi qəribə bir hüznlə doldurur. Başımı qaldırıb pəncərədən bağımıza baxıram. Payız gecəsinin sərin mehi üzümə toxunur, içimdə isə mavi fillə söhbətim davam edir:
O döngədə əlimdən tutan, hər darıxanda yanımda olan dostumu itirdiyim tarixi göstərən təqvimə cəmi 123 gün qalır…



