“Bir” ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi “Ctrl is hers” proqramında 66 iştirakçı üçün intensiv təlimlər başlayıb.
“Füyuzat” xəbər verir ki, proqrama qısa müddətdə 1012 müraciət daxil olub. Çoxmərhələli seçim prosesinin ilkin mərhələsində 652 namizəd texniki testdən keçib. Test nəticələrinə əsasən 103 namizəd müsahibəyə dəvət olunub. Yekunda isə 66 qadın proqramın iştirakçısı seçilib.
Seçilən iştirakçılar layihənin davamında “Kibertəhlükəsizlik”, “Frontend developer”, “Data elmi”, “IT əməliyyatları və texniki dəstək”, “Backend developer” “Mobil tətbiqlərin hazırlanması”, “UX/UI dizaynı”, “IT biznes analizi”, “Keyfiyyətə nəzarət və test”, “IT idarəetməsi”, “DevOps və bulud texnologiyaları” kimi istiqamətlər üzrə intensiv təlimlərə cəlb olunublar.
Layihə çərçivəsində proqram iştirakçıları “Bir” ekosisteminin rəhbər heyəti və müxtəlif texnologiya istiqamətlərində çalışan mütəxəssislərlə görüşüblər. Görüşdə “Bir” ekosisteminin rəhbəri Fərid Hüseynov, Ödənişlər biznesinin rəhbəri Calal Orucov, Təşkilati inkişaf və HR texnologiyaları departamentinin direktoru Aygün Musayeva iştirak ediblər. Görüş zamanı mütəxəssislər peşəkar təcrübələrini iştirakçılarla bölüşüb və texnologiya sahəsində karyera qurmaqla bağlı praktiki tövsiyələr veriblər.
“Bir” ekosisteminin rəhbəri Fərid Hüseynov layihədən gözləntilərini iştirakçılarla bölüşüb: “Texnologiyanın sürətli inkişafı yeni imkanlar yaratmaqla yanaşı, bu imkanlardan yararlana biləcək istedadlara və yeni bacarıqlara olan ehtiyacı da artırır. Bizim üçün “Ctrl is hers” qadınların texnologiya sahəsində öz potensialını reallaşdırması üçün belə bir mühit yaratmaq baxımından önəmlidir. İstəyirik ki, siz burada bilik əldə etməklə yanaşı, texnologiyanın real biznes mühitində necə tətbiq olunduğunu da görə, peşəkarlarla ünsiyyətdə ola və öz karyera yolunuza daha inamla, daha güclü davam edəsiniz. İnanıram ki, bu proqramı qadınların şəxsi inkişafına dəstək olmaqla yanaşı, əmək bazarında texnoloji potensialı olan peşəkarların artmasına da dəstək olacaq”.
Qeyd edək ki, təlimlər nəzəri biliklərlə məhdudlaşmır. Layihənin davamında iştirakçılar “Bir” ekosisteminin müxtəlif texnologiya istiqamətlərində çalışan mütəxəssisləri ilə birbaşa ünsiyyət quracaq, real iş mühiti ilə tanış olacaq, həmçinin əldə etdikləri bilikləri təcrübə etmək imkanı qazanacaqlar.
Layihənin sonunda iştirakçıların inkişafı qiymətləndiriləcək. Proqramın nəticələrinə uyğun olaraq iştirakçılar üçün “Bir” ekosistemində təcrübə proqramlarında iştirak və karyera imkanları nəzərdə tutulur.
“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol” Azərbaycan və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Bir”, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.



