“Mən eyni şeyi təkrar-təkrar edirəm. Addım-addım təkmilləşirəm. Həmişə daha çoxuna nail olmaq həsrətimiz var. Mən də zirvəyə çatmaq üçün var gücümlə davam edəcəyəm – amma zirvənin harada olduğunu heç kim bilmir”, – deyir dünyanın ən uğurlu adamlarından hesab edilən Jiro Ono.
Uğur qazana bilməməkdən şikayət edən insanlara baxdığımda görürəm ki, onların ortaq bir çox xüsusiyyətləi var. Ən ümdəsi odur ki, onlar tək bir şeyə fokuslanmaq əvəzinə hər işə əl uzadır, tez bezir və inadkar olmurlar. Lakin qeyri-adi uğurlara çatmaq tək bir işə fokuslanmağı, bütün enerjimizi, resurslarımızı və həyatımızı həmin işə həsr etməyi tələb edir. Ancaq bu yolla o peşənin, karyeranın və ya sənətin zirvəsinə yüksələ bilərik. Bu yazıda bəhs etdiyim, dünyanın yaşayan ən yaxşı suşi ustası hesab edilən Jiro Ononun hekayəsi məhz bunu izah edir: tək bir işə fokuslanmağın gücünü.
Dünyanın ən yaxşı suşi ustası: Jiro Ono
1925-ci ildə Yaponiyada dünyaya gələn Jiro cəmi yeddi yaşı olanda heç vaxt sevgisini görmədiyi atası tərəfindən tərk edilir. Yoxsulluq içində yaşayan ailədə çörək tapmağa belə çətinlik çəkən Jiro iki il sonra iş tapmaq üçün evdən ayrılır və suşi restoranında təcrübəçi kimi işə başlayır. İşə başladığı illərdə iqtisadi böhran yaşandığı üçün işini qoruyub saxlamaq və yerini başqasına verməmək üçün çox çalışmalı olur. Gecə-gündüz işləyir, bəzən ustalarından şiddət görsə belə, intizamlı çalışmağını heç vaxt dayandırmır. Zəhmət və intizam Jironu işində ustalaşdırır. O, suşi ustasına çevrilir və hətta öz suşi məkanını açır.
“Sukiyabaşi Jiro”

“Sukiyabaşi Jiro” restoranında suşi yemək üçün aylar öncədən rezervasiya etdirmək lazımdır. Cəmi on oturacaqdan ibarət olan bu məkanda içəri daxil olduqda yalnız 15-20 dəqiqə oturmaq haqqınız olur. Hər müştəriyə 20 suşi təqdim edilir.
Qeyd edək ki, ABŞ-ın keçmiş Prezidenti Barak Obama 2014-cü ildə Yaponiyaya rəsmi səfəri zamanı Yaponiya Baş naziri Şinzo Abe ilə birlikdə burada şam etmişdir. Obamanın yeməkdən sonra “Həyatımda yediyim ən yaxşı suşi idi” dediyi bildirilir.

Eyni zamanda, məşhur Hollivud ulduzları nn Heteuey, Tom Kruz, Arnold Şvartsneqqer və başqaları da onun restoranında qonaq olub.
Jiro qadın və kişilərə fərqli ölçüdə suşi təqdim edir. Bunun səbəbi isə yeməyin balansını qorumaq və qadınların həddindən artıq doyaraq narahat olmalarının qarşısını almaqdır. O, insanları müşahidə edir və özü kimi solaxay olanlar üçün suşini boşqabın əksi istiqamətinə qoyur. Suşi təqdimatını dad intensivliyinə görə qruplaşdırır və 3 mərhələdə təqdim edir. Klassikdən başlayaraq dadın gücünə uyğun şəkildə, mövsümdə nə varsa onunla davam edir. Müştərilərinə suşini təqdim etdikdən sonra isə onları diqqətlə müşahidə edir. İstifadə etdiyi məhsulları böyük dəqiqliklə seçir və onları ən doğru şəkildə necə istifadə edə biləcəyini daim düşünür. Təchizatçılarını seçərkən də işinin peşəkarı olmasına xüsusi diqqət yetirir. Məsələn, ton balığını aldığı şəxs yalnız ton balığı satan və bu sahədə çox peşəkar biridir. Düyünü aldığı şəxs isə yalnız düyü ilə məşğul olur və bu sahədə dərin biliyə malikdir. “Sukiyabaşi Jiro” 3 Mişelin ulduzuna sahibdir və David Gelbin 2012-ci ildə yayımlanan “Jiro Dreams of Sushi” sənədli filminin baş qəhrəmanıdır. Jiro Ono bu gün dünyanın yaşayan ən yaxşı suşi ustası kimi qəbul edilir.

Bəs Jiro seçdiyi sahədə dünyanın ən yaxşısı olmağı nəyə borcludur, bilirsinizmi? Fokuslanmağa. Tək bir şeyə fokuslanmağa. Bəli, o bütün enerjisini, resurslarını və həyatını bu işə həsr etdi və zirvəyə çatdı. Hazırda 101 yaşında olan Jiro 80 ildən artıqdır ki, bu işlə məşğuldur və hələ də özünə bu sualı verir: “suşini daha yaxşı necə hazırlaya bilərəm?” Cəmi 10 oturacaqlı bir məkanda insanlara mükəmməl suşi təcrübəsi yaşatmaq üçün işləyir. Nə ikinci bir məkan açır, nə də başqa işlərə yönəlir. Bir neçə dəfə ağır xəstəlik keçirməsinə baxmayaraq, o heç vaxt işləməyi dayandırmır. Hətta istirahət günlərində belə işləməyi səbirsizliklə gözləyir. Jiro deyir ki, insan öz peşəsinə aşiq olmalı, ona ehtirasla bağlanmalı və şikayət etməyi dayandıraraq işini ən yaxşı şəkildə görməyə çalışmalıdır. Əgər sizin də “ən yaxşı” olmaq kimi bir istəyiniz varsa, nədə möhtəşəm ola biləcəyinizə inanırsınızsa, ona fokuslanın. Çünki yalnız fokuslandıqda möhtəşəm nəticələr əldə etmək mümkündür.
Bəs qarşımızda saysız-hesabsız seçimlərin olduğu, istənilən məlumata vaxtında çata bildiyimiz bu bolluq dünyasında necə seçim etməli, necə tək bir şeyə fokuslanmalıyıq? “Tək bir şey” kitabının müəllifi Qari Kellerin fikrincə, qeyri-adi nəticələr fokus suallarını verməklə əldə olunur. “Mənim tək fokusum nədir?” Baxış bucağınızı genişləndirmək, karyeranıza və ya işinizə istiqamət vermək üçün istifadə edin; bu sual fəaliyyət planınızın istiqamətini müəyyən edən bir kompasdır. Hansı sahədə ixtisaslaşmaq istədiyinizi, cəmiyyətə nə vermək istədiyinizi və necə xatırlanmaq istədiyinizi düşündükdə bu sual sizə yol göstərəcək. Eyni zamanda dostlarınız, ailəniz və həmkarlarınızla münasibətlərinizi müəyyən səviyyədə saxlamağa və gündəlik həyatınızı düzgün şəkildə qurmağa kömək edəcək. Həmçinin lazım olan anlarda sizə üstünlük qazandıracaq ilk addımı tapmağınızı təmin edəcək. Şəxsi həyatınızda da təsirlidir; həm ən vacib ehtiyaclarınıza, həm də həyatınızdakı ən önəmli insanlara diqqət ayırmağınıza imkan verəcək. Hər kəsin hər işə qaçdığı, hər şeyi sınamaq istədiyi, bir az uğur qazanan kimi diqqətinin dağıldığı və bu cür səbəbdən uğur səviyyəsinin getdikcə azaldığı bu dövrdə edə biləcəyiniz ən ağıllı addım fokuslanacağınız tək bir şeyi tapmaqdır.
“Unutmayın ki, böyüməyə gedən yol kiçik fokuslanmalardan keçir”.
Hazırladı: Mədinə Məcidli



