Xəbərlər

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərində keçirilən “INNOPROM. Belarus” beynəlxalq sənaye sərgisində iştirak edib.

“Füyuzat” xəbər verir ki, Azərbaycan şirkətləri sərgidə vahid ölkə stendi ilə təmsil olunur. Stenddə sənaye və texniki həllər, xüsusi təyinatlı işçi ayaqqabıları, lak-boya və tikinti-kimya məhsulları, sənaye filterləri, istilik izolyasiya materialları, maşınqayırma, xüsusi və sənaye texnikası, eləcə də polad və digər metal məmulatları nümayiş etdirilir.

Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin sənaye məhsul və həllərinin beynəlxalq iştirakçılara təqdim edilməsi, yeni tərəfdaşlıqların qurulması və ixrac imkanlarının genişləndirilməsi üçün müzakirələr aparılıb.

Qeyd edək ki, “INNOPROM. Belarus” sənaye, maşınqayırma, metallurgiya, sənayenin avtomatlaşdırılması, rəqəmsal texnologiyalar və innovativ həllər sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirən beynəlxalq sənaye platformasıdır.