Ədəbiyyat • Xəbərlər

Səməd Vurğun yaradıcılığı Azərbaycan ədəbiyyatının ideoloji-estetik sistemində

Səməd Vurğun-120

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişaf tarixində çox böyük  şəxsiyyətlər, istedad, bilik və bacarıqları ilə xalqın gələcəyinə bir mayak olmuşlar. Onların yaradıcılığı yalnız bir dövrü deyil, bütöv bir milli düşüncə sistemini ifadə edir. Səməd Vurğun da öz istedadı ilə XX əsr Azərbaycan poeziyasında milli ideologiya və humanist dünyagörüşün, poetik kamilliyin əsas daşıyıcılarından biri kimi çıxış edir. Ədibin bədii irsi yalnız ədəbi hadisə deyil, eyni zamanda milli ideologiyanın, tarixi düşüncənin və estetik baxışların sintezini əks etdirən kompleks mədəni fenomendir.

Səməd Vurğun xalqımızın dünya şöhrətli şairi, dramaturq, publisist, tənqidçi, alim, içtimai xadim, mədəniyyətin qurucusu kimi ürəyindən gələn lirik şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri ilə ədəbiyyat xəzinəsini zənginləşdirmişdir.

O, mübarız şair idi və yaşadığı dövrdə klassikləşən, sevilən, yaradıcılığı ümumxalq kütlələrinin mənəvi sərvətinə çevrilən ustad idi.

Səməd Vurğun 1906-cı ildə Qazax bölgəsində anadan olmuş və uşaqlıq illərindən xalq yaradıcılığı mühiti içində formalaşmışdır. Bu mühit onun poetik təfəkkürünün əsas mənbələrindən birinə çevrilmişdir. Folklor motivləri, xalq dili və milli düşüncə tərzi şairin əsərlərində elmi sistemliliklə bədii formaya salınmışdır. Onun poeziyasında xalq ruhu romantik pafosla deyil, realist və fəlsəfi yanaşma ilə təqdim olunur. Şairin yaşadığı dövrə nəzər saldıqda həyatının hər dönəmində mühüm və qarışıq, çətin və keşməkeşli hadisələrlə üzləşdiyini görürük. Birinci dünya müharibəsi, Cümhuriyyət dövrü, Azərbaycanın Sovetlərin əsarətinə düşməsi, xalqın ziyalılarının başına gətirilən 37-ci il hadisələri, bir sözlə insan zəkası və vücudunun “son” nöqtəsi. 37 müsibəti şairdən yan keçsə də 30 yaşlı gənc üçün və ona yüklənən töhmətlər sözsüz ki, şair üçün daha dözülməz olmalı idi. Bu töhmətlər gəncikən qocalan Səməd Vurğunu hər zaman təqib etməkdədir. Onun istedadı, vətənə olan sevgisi və qoyduğu zəngin irsi onu bu xalqa, eləcə də Türk dünyasına sevdirməyə yetməkdədir.

Səməd Vurğun yaradıcılığı Azərbaycan poeziyasının tematik və janr baxımından zənginləşməsində mühüm rol oynamaqla poetik sistemi milli ideoloji düşüncəyə əsaslanır və yaradıcılığında vətən anlayışı yalnız coğrafi məkan kimi deyil, tarixi-mənəvi kateqoriya kimi təqdim edilir. Vurğun poeziyasında milli kimlik problemi etno-mədəni yaddaş və xalq psixologiyası ilə sıx əlaqədə formalaşır. Bu baxımdan şairin əsərləri milli ideyanın bədii ifadə forması kimi dəyərləndirilə bilər. Səməd Vurğun bir istiqlal şairi kimi tanınmasa da, onun vətənə məhəbbət, xalqa bağlı, təbiətə vurğun bir aşiq kimi poeziyası, dram əsərləri günü bu gündə könülləri fəth edərək şairi ucaldır. Vətənə və təbiətə həsr etdiyi şeirlərinin hər misrasında bir sızıltı, həyəcan, qorxu görünməkdədir.

“Vətən həsrəti” şeiri “qocaman şair” kimi tanıdığımız, lakin 50 il ömür sürmüş gənc bir şairin “ağarmış saçları” onun nakam ömrünün keşirdiyi iztirablar, vətən həsrəti, qırılmış qəlbini  “Bir şikəstə neyəm, bir qırıq kaman”a bənzədərək, “Görmədim bir bəla-həsrətdən yaman” deyərək şair, ömrünün sonuna kimi vətən həsrətindən göz yaşı tökəcəyini ürək dağlayan misralarında yazır:

Vurğun ellər deyib, ağlar hər zaman,

Onun qaydasıdır, ağlasın gərək.

Görkəmli alim Yaşar Qarayev şairin bənzərsiz poeziyasına yüksək dəyər verərək yazır: “Səməd Vurğun Vətən və poeziya sözlərini həmişə bir yerdə, sinonim kimi işlətmiş, bir sənətkar və ictimai xadim kimi bu təlimin cəngavər carçısı, əsgəri və sərkərdəsi olmuşdur. Odur ki, bu gün “Vurğun” sözünün özünü də “Vətən” və “poeziya” sözlərin qaynayıb-qarışmış şəkildə görürük. Onları da bir-birindn ayırmaq qeyrimümkündür. Nə üçün? Çünki, yenə də şairin öz sualı ilə cavab vermək olar: “Ayrılarmı könül candan!”.  (Səməd Vurğun. Seçilmiş əsərləri. V cilddə. I cild. Bakı: Şərq-Qərb, 2005. Səh.15)

Səməd Vurğun poeziyası estetik baxımdan realizm və romantizmin sintezini nümayiş etdirir. Onun yaradıcılığında emosional lirizm intellektual dərinliklə tamamlanaraq dərin lirizmi, axıcılığı və milli ruhu ilə seçilən əsərlərində yer alan vətən sevgisi, insanlara məhəbbət, azadlıq ideyaları və xalqın taleyi kimi movzular əsas yer tutur. Şairin poetik və dramaturji irsi milli ədəbi–estetik düşüncənin yeni mərhələyə keçidini təmin edən əsas ideoloji və bədii platformalardan biri olmuşdur. Səməd Vurğun sənəti yalnız fərdi yaradıcılıq nümunəsi deyil, eyni zamanda müəyyən tarixi-siyasi kontekst daxilində formalaşan kompleks ədəbi hadisədir.

“Vaqif” (1938), “Xanlar” (1939), “Fərhad və Şirin” (1941), “İnsan” (1944) kimi qiymətli dram əsərlərini yazan şair müharibə illərində gərgin işləmiş, bir-birindən gözəl əsərlər yazmışdır. Ədib “Vaqif” dramında tarixi şəxsiyyətin bədii obrazı vasitəsilə xalq-hakimiyyət münasibətləri, maarifçilik ideyaları və milli özünüdərk məsələlərini ön plana çəkir, Vaqif obrazını maarifçilik ideyaları, intellektual azadlıq və siyasi məsuliyyətin daşıyıcısı kimi təqdim edir. Bu əsər təkcə dramaturji nümunə deyil, eyni zamanda tarixi-fəlsəfi konsepsiyaya malik bir sənət əsəridir və tarixi şəxsiyyət probleminin elmi-fəlsəfi interpretasiyası baxımından diqqətəlayiqdir. Səməd Vurğunun bu dram əsəri Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamaqla tarixi faktlar bədii ümumiləşdirmə yolu ilə ideoloji diskursa çevrilir və bu da əsərin elmi-estetik dəyərini artırır. Şairin “Komsomol” , “İnsan”, “Aygün” əsərlərində ictimai-siyasi, məhəbbət və vəfa motivləri, zəhmətə, mübarizliyə, mənəvi dəyərlərə önəm verən misralar öz əksini tapır.

Səməd Vurğun “Azərbaycan”, “Dağlar”, “Ana”, “Gəl, ey səhər!”, “Bahar” və bir çox lirik şeirlərinin hər misrasında vətənin, təbiətin gözəlliklərini bir rəssam kimi gözümüz önündə əks etdirir. Şair təbiəti, vətən sevgisini ən təsirli poetik ifadələrlə yazılmış və onun  çoxşaxəli poeziyasında belə şeirlər xüsusi yer tutur. Professor Paşa Əfəndiyev “Səməd Vurğunun xalq yaradıcılığımızın forma, üslub xüsusiyyətlərindən böyük sənətkarlıqla istifadə etmiş, folklorumuzun rəngarəng formalarından yüksək istedadla bəhrələndiyini” qeyd edir. (Qəlblərdə yaşayan şair – Səməd Vurğun: metodik vəsait / tərt. ed. A.Əliyeva, N. Əhədova; red. Z.Dadaşova, ix. red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2016. səh. 9)

Səməd Vurğun yaradıcılığında folklor motivləri və klassik Şərq poeziyasının elementləri müasir poetik forma ilə sintez olunur. Bu proses mexaniki təqlid deyil, semantik transformasiya xarakteri daşıyır. Folklor şairin yaradıcılığında milli estetik yaddaşın daşıyıcısı kimi çıxış edir və poetik sistemin əsas struktur elementlərindən birinə çevrilir.

Səməd Vurğun vətənini sevdiyi qədər onun hər bir mənsubunu da sevirdi və gənc nəslin yetişməsində, onlarda vətən sevgisini aşılamaq üçün tribunalarda etdiyi çıxışlarında, əsərlərində hər zaman vurğulayırdı. Şairin “Cavanlara xitab” şeiri onun ictimai–siyasi lirikasının səciyyəvi nümunələrindən biridir. Əsər poetik forma baxımından müraciət (xitab) janrında yazılmışdır və əsas ünvanı gənc nəslin ictimai məsuliyyəti, mənəvi borcu və tarixi missiyasıdır. Şeir həm ideoloji, həm də fəlsəfi məzmununa görə, XX əsr Azərbaycan ədəbiyyatında gənclik konsepsiyasının formalaşmasında mühüm yer tutur. Şeirin əsas ideyası cavanların bəşəriyyət qarşısında daşıdığı məsuliyyətin poetik şəkildə ifadəsidir. Şair gəncləri yalnız gələcəyin daşıyıcısı kimi deyil, eyni zamanda indiki zamanın fəal subyekti kimi təqdim edir:

Yaşayarsa bəşər, yaşar sizinlə,

Soğulmuş çeşmələr axar sizinlə,

Zalımlar geridən baxar, sizinlə

İnqilabın qəhrəmanı, cavanlar.

“Elm, ədəb, həm irfani, cavanlar” misrası göstərir ki, Səməd Vurğun üçün gəncliyin əsas silahı fiziki güc deyil, mənəvi və intellektual kamillikdir. Burada elm, əxlaq və irfan anlayışları triada şəklində təqdim olunur ki, bu da klassik Şərq fəlsəfəsinə xas bir yanaşmadır. Şeirdə “bəşər”, “zalımlar”, “inqilab” kimi anlayışların işlədilməsi əsərin ictimai-siyasi yönümünü gücləndirir. Səməd Vurğun gəncləri zülmə qarşı mübarizənin əsas qüvvəsi kimi təqdim edir, onlara dəyərli məsləhətlər verir:

Çünki tələb edir zavallı bəşər,

Gərək keçə sizdən ona bir əsər.

Yoxsa qan ağlayar yenə sərbəsər,

Olmaz da dərdinə çarə, cavanlar.

Onu da bir böyük kimi qeyd edir ki:

İstəsəniz, ölkəmiz, abad olar,

Ellərin məhbusları azad olar,

Onda da Vurğunun könlü şad olar,

Verər sizə can qurbanı, cavanlar.

Səməd Vurğunun lirikasında insan və təbiət münasibətləri də elmi-estetik aspektdən maraq doğurur. Onun şeirlərində təbiət yalnız təsvir obyekti deyil, fəlsəfi anlam daşıyan canlı bir varlıq kimi təqdim edilir. Bu yanaşma ekoloji düşüncənin ilkin poetik formalarından biri kimi də qiymətləndirilə bilər. Şair insanın təbiət qarşısında məsuliyyətini, onunla harmoniyada yaşamaq ideyasını poetik dillə əsaslandırır. Şair poeziyasının ən incilərindən olan “Dağlar” şeirində Azərbaycanın, onun təbiətinin qüdrətini tərənnüm edərək, dağları insan ruhunun gücü və mətinliyi ilə əlaqələndirir.

Yenə nə durursan pəhləvan kimi,

Çirməyib qolunu mərdanə, dağlar!

Könül yenə bəhri-bipayan  kimi

Səslənir çalxana-çalxana, dağlar!

Şairin ürək dağlayan arzuları: “…çox istərdim ki, sənin heç zaman”  “Örtməsin o dilbər hüsnünü duman” deyən ədib qorxmadan “Elin zərərindən mənfət uman”, “ Boyansın, demişəm, al qana, dağlar!” nalə çəkir. Səməd Vurğun irsinin dərinliklərinə vardıqca onun poeziyasında başdan-başa vətən eşqi ilə yanan, xalqını sevən ürəyinin yanğısını görürük.

Səməd Vurğun yaradıcılığı Azərbaycan ədəbiyyatında yalnız emosional poeziya nümunəsi kimi deyil, həm də elmi-tənqidi təhlilə açıq olan çoxşaxəli bir fenomendir. Onun əsərləri milli kimliyin formalaşması, ədəbi dilin inkişafı və humanist dəyərlərin təbliğində mühüm rol oynamışdır. Səməd Vurğun irsi bu gün də aktualdır və gələcək nəsillər üçün həm bədii, həm də elmi baxımdan zəngin bir mənbə olaraq qalır. Səməd Vurğunun lirikasında əsas konseptual kateqoriyalardan biri milli identiklik anlayışıdır. Bu anlayış onun poeziyasında etno-mədəni yaddaş, tarixi şüur və kollektiv psixologiya kontekstində təqdim olunur. Şair üçün vətən anlayışı coğrafi məkan olmaqdan daha çox, mədəni və mənəvi kateqoriya kimi çıxış edir. Bu baxımdan Səməd Vurğunun poetik mətni milli ideologiyanın bədii diskurs forması kimi dəyərləndirilə bilər.

Şairin dram əsərləri teatrımızın səhnələrinin uğuru olub. Onun ən məşhur əsəri olan “Vaqif” dramı, Azərbaycan teatr sənətində, eləcə də tariximizi bədii şəkildə əks etdirilən  əbədiyaşar nümunələrdən biridir.

Xalq artisti Həsən Turabov “Səməd Vurğun poeziyası milli teatr sənətimiz, milli kinomuz, televiziyamız, radiomuz və bir aktyor kimi mənim üçün idealdır. Ona doğru addımlamaq sənətkar üçün əsl nemətdir, səadətdir”. (Qəlblərdə yaşayan şair – Səməd Vurğun: metodik vəsait / tərt. ed. A.Əliyeva, N. Əhədova; red. Z.Dadaşova, ix. red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2016. Səh 11).

Səməd Vurğun dünya klassiklərinin əsərlərini dilimizə tərcümə etməklə, milli ədəbi dilin imkanlarını genişləndirərək milli mədəniyyətimizin zənginləşməsinə böyük töhfə vermişdir. Onun tərcümə fəaliyyəti – dünya klassiklərinin əsərlərini Azərbaycan dilinə çevirməsi yalnız dil bacarığının göstəricisi deyil, həm də tərcümə nəzəriyyəsinin funksional-ekvivalentlik prinsipinə əsaslanan ciddi elmi yanaşmanın nəticəsidir. Şair 1935-1940-cı illər arasında dahi rus şairi Puşkinin “Yevgeni Onegin” mənzum romanını, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının bir hissəsini, N.Gəncəvinin “Leyli və Məcnun” dastanını, M.Qorkinin “Qız və ölüm” poemasını və bir sıra digər şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edir. Bu sahədəki xidmətlərinə görə şair “Puşkin medalı” və Gürcüstan MİK-in fəxri fərmanı ilə təltif edilir.

Səməd Vurğun yaradıcılığı Azərbaycan ədəbiyyatında çoxşaxəli və çoxqatlı bir fenomendir. Onun poetik və dramaturji irsi milli identikliyin formalaşmasında, ədəbi-estetik düşüncənin inkişafında mühüm rolu olmuşdır. Səməd Vurğun yaradıcılığı müasir ədəbiyyatşünaslıq üçün aktual tədqiqat obyektidir və akademik interpretasiya baxımından zəngin elmi potensiala malikdir. “Son söz” şeirində də öz xalqına humanist sevgisini, qayğısını, “ağsaqqal” nəsihətini əsirgəmir, bu ölkənin gücünü, qüdrətini xatırlamasını söyləyir:

Ancaq unutma bir şeyi, unutma ki, bu dünyada

Ehtiyatsız bir gözəli qara yellər tez soldurar.

Burjua qanlı bir dəniz, sən ortalıqda bir ada,

O dalğalar zaman–zaman sənə coşar, səni vurar.

Gözəl ölkəm! Sən gözəlsən, gözəlsən öz əməlinlə.

Zəncirlərdən azad olan bir dünyanı yapasısan.

Bu da mənim son sözümdür, dinlə məni, bir az dinlə:

Sən bu sağlam şüurunla qoca Şərqin qapısısan.

Şair onu da yaxşı bilirdi ki, bir gün doğrudan da Azərbaycan müstəqil, azad güclü bir ölkə kimi, üç rəngli bayraqla ön cərgədə irəliləyəcək.

Yaşar Qarayev yazır: “Bu gün müasir, azad, suveren Azərbaycanda milli idealın, ideoloji və mənəvi həyatın bütün sahələrində qlobal siyasətin baş xəttinə çevrildiyi bir dövrdə Vurğunun poeziyası öz tarixi vətəndaşlıq missiyasını bir daha, yenidən təkrar edə bilir. Məhz əxlaq və mənəviyyat saxtalığına, mənəvi ətalətə qarşı bədii mübarizədə həmişə cəngavər və sərkərdə şairin mübariz poeziyası, onun xalqa və Vətənə, ictimai ədalət və humanizm ideallarına romantik və fədakar bir sədaqətlə xidmət edən siqlətli, monumental qəhrəmanları bu gün də müasir ideoloji döyüşlərdə bizimlə bir sırada addımlaya və vuruşa bilirlər”. (Səməd Vurğun. Seçilmiş əsərləri. V cilddə. I cild. Bakı: Şərq-Qərb, 2005. 264 səh.15)

Müəllif: Göyərçin Abidqızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent