Ədəbiyyat • Xəbərlər

Arayışı bir yoldan keçənlər

Birgəlik ruh pıçıltılarının ahənginə ortaq olmaqda qəlbin yanaşılığa duyduğu xoşluqdan başqa nə ola ki?

“An”a yoldaşlıqdan məqsəd ilhamına işıq, axtarışına sual, sevdasına ayna, ruha şəfa olmaqdırsa əgər, bu anların hökmünü qiymətli qılan birlikdəliyin aramlığıdır.

“Ürək genişliyi” ilə qəlb açıb niyyətdən pay almaq dəvətdir – bir ruha, sirrə, könülə, yola aid hiss etməyin hərgünkü təzəliyidir.

Nəhayətsiz duyğu, xatirə, əmək, istək, imtinalardan keçən bu yollar dürlü-dürlüdür. Bütün dolanbac yollarda isə doğru bir yönü göstərir – birgəlikdə sahibliyi.

(Sahib olmağın farscada qarşılığı olan “daştən” feili duyğu və nəsnələrdə ortaq bildiklərimizin ifadəsindən də yan keçməyib – bir yolun qayğısını çəkənlər yoldaş olub, bir sirrin sahibi sirdaş, bir torpağın istisi ilə böyüyənlər yurddaş…)

Bağrına basıb köksündə daşıdığın istilikdən – gözlədiyi doğmalıq  – sorağında olduqlarındırsa, könüldən qopa bilməyənlərin qalaq-qalaq yığıldığı yerdə sənə də bu işıqdan pay görünür. Bu, bərraqlığın mənbəyindəki könüldaşlıqdır.

Təkrar-təkrar getməkdən, qayıtmaqdan, yorulanda ayaq saxlamaqdan, tələsəndə addımları yeyinlətməkdən usanmadığın yolların necəliyinin dəyişməsindən duyduğun qorxu qəlbi özünə yurd bilmirsə, səbəbi əsl olan – yoldaşlıqdır.

Dilə gətirilməyənlərin yolunu hərflərin yanaşılığından aciz olanlardan uzaqda aramaqdan yana duyulan ümiddə belə səs yoxdur. Bunca sözsüzlüyün alaqaranlıq axşamlarında bir ağac səsinə – nəğməsinə pənah gətirənlər isə, sözsüz ki, sirdaşdır.

Bilinməzliyin başlanğıcından bəri açdığın səhərlərin gecəsində qayğın bir cüt qəhvəyi parıltıyadırsa, əllə tutub gözlə görə bildiyin və bilmədiyin hər şeyin özündə varlığın axtarışdadır. Aramaqsa ümiddir – məchulluqda doğmalığa, çoxluğun yoxsulluğunda ruhdaşlığa.

Kökü birgəlikdə olan hər şey torpağının necəliyində tapır yaranışının xüsusiyyətlərini. Susuzluqdan yanan könlün arayışı torpağın münbitliyində cavablanır.

Ucsuz-bucaqsız kəhkəşanda arayışı bir yoldan keçənlərin razı olduğu cavabsızlıqdan başqa nə ola ki birgəlik?

Birgəlik elə “an”a yoldaşlıqdır,
yoldaşlıq səsə sirdaşlıq,
sirdaşlıq arzuya ruhdaşlıq,
ruhdaşlıq məchula hissdaşlıq…

Müəllif: Zərifə Həmzəyeva