Mədinə Məcidli • Xəbərlər

Mükəmməl olmaq yox, irəliləmək

Standartlarımız həddindən artıq yüksəkdir. Özümüzü qiymətləndirərkən olduqca tənqidi yanaşırıq. Sosial media bizi qeyri-mümkün ideallarla doldurur və özümüzü başqaları ilə müqayisə etmək özümüzə inamımızı azaldır. İnsanların təxminən 70%-i öz karyerasından məmnun deyil. Bütün bunların üzərinə yuxarıda qeyd etdiyim reallıqları da əlavə etdikdə insanların niyə tükənmiş, narahat və ümidsiz olduqlarını anlamaq mümkündür. Biz həm özümüzü, həm də başqalarını qeyri-mümkün bir standarta uyğunlaşdırmağa çalışırıq. “Psychological Bulletin” jurnalında dərc edilən bir araşdırmaya görə, mükəmməlliyyətçilik getdikcə artır. Artım özü ilə birlikdə qidalanma pozuntuları, narahatlıq və depressiya kimi ciddi psixi sağlamlıq problemlərini də gətirir. Yəni mükəmməl olmağa çalışdığımız üçün həm sağlamlığımız, həm də karyeramız təhlükə altındadır.

Başlanğıcda hər şey möhtəşəm idi, bəlkə də…

Detallara göstərdiyiniz əlavə diqqət və hər şeyi düzgün etmək istəyiniz ilk mərhələdə önə çıxmağınıza və karyeranızda yüksəlməyinizə kömək etmiş ola bilər. Lakin zaman keçdikcə təsir dairəniz və gördüyünüz işin məsuliyyəti artdıqca özünüzü sıxılmış və tükənmiş hiss etməyə başlayırsınız.

Səhvə yer yoxdur. Hər şey prioritetdir və heç bir şey təxirə salına bilməz.

Hər şeyi istədiyiniz səviyyədə etmək üçün kifayət qədər vaxtınız yoxdur. Buna baxmayaraq, geri çəkilsəniz, başqalarının sizin haqqınızda nə düşünəcəyindən qorxursunuz. Sizə elə gəlir ki, heç kim işi sizin qədər yaxşı görə bilməz və buna görə də ən yaxşısı hər şeyi özünüz etməkdir. Arqumentinizin, layihənizin və ya fikrinizin qüsursuz olduğundan əmin olmaq istəyirsiniz ki, özünüzlə fəxr edəsiniz və insanlar da sizi təqdir etsin.

Tanış gəldi?

Bir şeyi yaxşı etməyə çalışmağı heç vaxt tənqid edə bilmərəm. Hamımız əlimizdə olanın haqqını verməyə çalışaq, buna etirazım yoxdur. Lakin mükəmməlliyyətçilik nə miqyaslana biləndir, nə də davamlıdır.

Bəs belə halda nə edəcəyik?

Müasir Qərb dünyasının taktikalarına fokuslanmaq əvəzinə, kökləri qədim müdrikliyə dayanan bir düşüncə sistemini mənimsəməyimizi təklif edirəm: “Vabi-sabi”.

Vabi-Sabi fəlsəfəsi

Vabi-sabi qüsurluluğa, kövrəkliyə və tamamlanmamışlığa dəyər verən Yapon fəlsəfəsidir. Vabi yaradıcılıq prosesindən yaranan qəribəlikləri və qeyri-normallıqları unikal və zərif hesab edir. Fəlsəfəyə görə qüsurlar hər şeyi daha maraqlı və buna görə də daha dəyərli edir. Sabi isə zaman keçdikcə ortaya çıxan gözəlliyi və sakitliyi ifadə edir. Gündəlik həyatın yaratdığı köhnəlmə və aşınma bir şeyi daha unikal və gözəl edə bilər.

Vabi-sabi fəlsəfəsindən ilhamlanan Kintsuqi sənətini düşünün. Kintsuqi qırılmış keramika əşyaların qırıldıqları yerlərdən qızıl tozu və qatran qarışığı ilə təmir edilməsi deməkdir. Kintsuqidə məqsəd qırılmış obyekti təmir edərək onu əvvəlki vəziyyətinə qaytarmaq deyil. Məqsəd həmin obyektə baxan insanların qüsurluluğun içindəki gözəlliyi görməsini təmin etməkdir. O, yeni və fərqli bir obyektdir. Əslində, o, “yenidən doğulmuşdur”. Məhz bu mənada Kintsuqi Yapon fəlsəfəsi olan Vabi-sabiyə əsaslanır: qüsurlu olanı qəbul etmək və onun içindəki gözəlliyi görmək…

Fəlsəfədən uzaqlaşıb rasionallığa yaxınlaşsam belə, bu reallıq dəyişmir.

Təsəvvür edin: təbiətin özü sadəlik, böyümə və çürümə ilə bağlıdır. Yaxud ən sadə formada içindən ləzzət fışqıran təbii bir pomidoru və ya almanı düşünün. Heç bir kənd təsərrüfatı dərmanı və hormon əlavəsi qəbul etmədiyinə görə təbii olan meyvə və tərəvəzlər çox vaxt əyri-üyrü olur. Bəzi yerləri çürümüş ola bilər, hətta bəzi hissələrinin içində qurdlar ola bilər. Amma bizim üçün ən sağlamı və ən ləzzətlisi məhz budur. Bu gün belə üzvi tərəvəz və meyvələri tapmaq üçün 2-3 qat daha çox pul ödəyirik. Yəni təbii olaraq qüsurlu olanın arxasınca gedirik. Eyni şey insanlar üçün də, istehsal etdiklərimiz üçün də, karyeralarımız üçün də keçərlidir. Vabi-sabi karyerası səyahət zamanı qazanılan müdrikliyi və həmin yerə çatmaq üçün keçdiyiniz dolanbac yolun gözəlliyini qiymətləndirir. Onun kökləri təcrübəyə, böyüməyə və davamlı inkişafa əsaslanır. İnsanda özünəinam yaradır, çünki burada səhv anlayışı fərqli qəbul edilir. Əyilmək, yaralanmaq və çətinliklərlə qarşılaşmaq normaldır. Bunlar səyahətin bir hissəsidir. Əsas məsələ isə irəliləməyə davam etməkdir.

Mükəmməlliyyətçiliyiniz niyə sizi geridə saxlayır?

Xatırlatmaq istəyirəm ki, mükəmməlliyyətçilik əlçatmaz bir ideal üçün səy göstərmək və daha sonra həmin əlçatmaz ideala çata bilmədiyiniz üçün özünüzü cəzalandırmaqdır. Yüksək nailiyyətlərin arxasınca getdiyiniz üçün nələrdəsə “vasitə – standart” olmaqdan xoşlanmırsınız. Cavablara sahib olmamaqdan da xoşlanmırsınız, çünki uğurlu olmağa öyrəşmisiniz. Zaman keçdikcə uğurlu olmaq sizin şəxsiyyətinizin bir hissəsinə çevrilir. Lakin bu vəziyyət qorxuducu dərəcədə yüksək riskli bir sualı gündəmə gətirir: Tutaq ki, uğursuz oldunuz, nə edəcəksiniz?

Buna görə də həqiqətən istədiyimiz bir şeydə potensial olaraq uğursuz olmaq əvəzinə, “təhlükəsiz” bir şeydə uğur qazanmağa üstünlük veririk. Yəni risk edib uğursuz olmamaq üçün bizi bədbəxt edən bir karyeranı davam etdirə bilərik. Bəlkə də çoxdan istədiyiniz həmin layihəyə başlamırsınız. Çünki ətrafınızdakı insanların sizin tərəddüd etdiyinizi görəcəyindən qorxursunuz. Bir şeyi korlaya bilərsiniz…

Qüsursuz planınız və addımları dəqiq müəyyən edilmiş yol xəritəniz olmadan yola çıxmaq istəmirsiniz. Hər şeyin əvvəlcə mükəmməl şəkildə qaydasına düşməsini gözləyirsiniz. Həqiqi təsir yaradacaq tək bir mühüm fəaliyyətə fokuslanmaq əvəzinə, kənarda qalmış çoxsaylı kiçik şeyləri mükəmməlləşdirməyi hədəfləyirsiniz. Yanlış addım atmaq istəmədiyiniz üçün nəticədə olduğunuz yerdə ilişib qalırsınız. Hədəfinizə doğru irəliləyərkən səhv etmirsiniz. Mükəmməlliyyətçiliyin öhdəsindən gəlmək üçün hər addımı doğru və ya yanlış kimi qiymətləndirmək əvəzinə, prosesə, yəni səyahətin bütövünə fokuslansanız necə olar? Vabi-sabinin bizə öyrətdiyi kimi, atdığınız addım qüsurlu ola bilər, lakin eyni zamanda müvəqqətidir. Bu addımın mükəmməl olması vacib olmamalıdır. Çünki növbəti addımı atmaq üçün həmişə imkan var. Kiçik addım real həyatdan məlumat əldə etmək, öyrənmək və etdiklərinizə incə düzəlişlər vermək üçün milyonlarla fürsət yaradır. Bəs hansı sizə daha xoş səslənir: kobud və qüsurlu olsa da, irəliyə atılmış bir addım, yoxsa dəyişməyən və yerində sayan bir karyera? Məmnunedici bir karyeraya gedən yol çatlarla doludur. Məhz qızılı da burada taparsınız.

Unutmayın:

Özümüz haqqında çox şey öyrəndiyimiz təcrübələr ən narahatedici və çətin olanlardır. Məhz bu təcrübələr vasitəsilə nələrdə möhtəşəm olduğumuzu, bizim üçün ən vacib olan şeyləri və dəyərlərimizi kəşf edirik. Bəzən həqiqətən möhtəşəm olduğumuz şeylər səthin altında, həmin çatların birində gizlənir. Lakin yola çıxmayınca bunu bilməyəcəksiniz.

Hazırladı: Mədinə Məcidli