Mədinə Məcidli • Xəbərlər

Uşaqlığın inanılan kiçik həqiqətləri

Uşaqlıq… İçimizdə heç vaxt susmayan, geri qayıtması mümkün olmayan yeganə vaxtdır. Hər şeyin sadə və saf göründüyü o günlər. O zamanlar vaxt bu qədər sürətli keçməzdi. Sanki daha çox oynaya bilək deyə günlər uzanır, axşamlar isə gec düşürdü. Heç ağlımıza da gəlməzdi ki, gələcəkdə o qayğısız günlər üçün belə çox darıxacağıq.

Uşaqlıqda çoxumuzun həqiqət olduğuna inandığımız, lakin sonradan mif və ya yanlış olduğu ortaya çıxan bir çox şey var. Bunlar mədəniyyətə, ailə təsəvvürlərinə, həmçinin uşağın dünyanı necə anlamasına bağlı olur. Gəlin illərin arxasından boylanıb böyüməyə tələsdiyimiz o günləri bir anlıq keçmişə dönüb xatırlayaq:

  • Bir çox uşaq düşünürdü ki, ay onu izləyir. Hara getsə, sanki ay da onunla birlikdə hərəkət edir. Əslində isə bu, sadəcə məsafə və perspektivlə bağlı bir optik illüziyadır.
  • “Çox şəkər yesən, mütləq hiperaktiv olarsan”. Halbuki bu, elmi olaraq tam sübut olunmuş sayılmır; sadəcə uşaqlar şirniyyat yeyəndə daha enerjili olduqları üçün belə görünür.
  • Bir çoxumuz “udduğun saqqız 7 il mədədə qalır” sözünə inanmışıq. Əslində isə saqqız digər qidalar kimi həzm olunmur, amma bədəndə də qalmır.
  • Uşaqlıqda tez–tez deyilən “əgər yalan danışsan, burnun uzanar”. Bu, sadəcə davranışı tənzimləmək üçün uydurulmuş bir hekayədir və Pinokkio obrazından gəlir.
  • Bəziləri inanardı ki, televizora çox yaxın otursan, gözün kor olar. Belə hallar yalnız göz yorğunluğu yaradır.
  • “Şimşək eyni yerə iki dəfə düşmür” deyimi də yanlış təsəvvürlərdən biridir. Əslində isə şimşək eyni nöqtəyə dəfələrlə düşə bilər.
  • Həmçinin bir çox uşaq düşünür ki, böyüklər hər şeyi bilir və heç vaxt səhv etmir. Zaman keçdikcə anladıq ki, böyüklər də insan kimi səhv edə bilir və hər şeyi bilmək mümkün deyil.
  • Canavarların, cinlərin və ya yatağın altındakı varlıqların həqiqətən mövcud olduğuna inanırdıq.
  • “Əgər yeməyini tez yesən, daha tez böyüyəcəksən”. Bu fikrin uşaqları yeməyə həvəsləndirmək üçün deyilən uydurma olduğunu bilmirdik.
  • Uşaqlar çox vaxt düşünür ki, soyuducunun içində işıq həmişə yanır və onu bağlayanda da yanıb qalır. Əslində isə qapı bağlananda işıq sönür.
  • “Diş düşəndə onu yastığın altına qoysan, Diş Pərisi gəlib pul qoyur”.
  • “Göy gurultusu Allahın qəzəbi və ya göydə nəhəng bir şeyin hərəkətidir”. Halbuki bu, sadəcə ildırımın yaratdığı səs dalğasıdır.
  • Yerə düşən yeməyi tez götürsən, “5 saniyə qaydası” işləyir, onu yemək olar və heç nə olmaz.
  • Yağış yağanda göydə kimsə ağlayır, ya da göy üzü kədərlidir.
  • Bəzi uşaqlar düşünürdü ki, müəllimlər məktəbdə yaşayır və heç evə getmirlər.

Əslində, uşaqlıq bu cür inanclarla daha rəngarəng olur. Yanlış təsəvvürlər zamanla yox olmasa da, həmin dövrün sadəliyini və təmiz düşüncəsini göstərir. Böyüdükcə inanclarımız dəyişməyə başlasa da, yaşımız artsa da, ümid edirəm ki, içimizdəki balaca “biz”i heç vaxt itirmərik.

Müəllif: Mədinə Məcidli