5 oktyabr. Küçədən keçən şagirdlərin əllərindəki rəngbərəng çiçəklər və bir–birini təbrik edən müəllimlərin sevincli simaları bu payız səhərinə xüsusi ab–hava qatır. Axşam gördüyüm tablo isə bu güllü mənzərəni tamamlayır. Yolun kənarında dayanmış sərhədçi geyimli qız diqqətimi çəkir. Gözlərinin içindəki təbəssümün işığı uzaqdan duyulur. Saatına tez-tez baxmağından kimisə gözlədiyi bəlli olur. Birdən ətrafı bürüyən şirin səs: “Bayramınız mübarək!” – deyə səslənir.
İçimdəki maraq məni dönüb qızın ardınca baxmağa sövq edir. Qızın təbəssüm dolu baxışları onu qürurla izləyən qadının baxışları ilə toqquşur. Səbirsizliklə gözlədiyi müəllimi imiş, sən demə. Bu tablonun yaratdığı xoş təəssüratla yoluma davam edirəm.
Yolda payızın şıltaqlığından xəbərdar olmaq üçün hava proqnozuna baxıram: Hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq. Gözlərim avtobus dayanacağına aparan yoldakı boşluğa dikilir. Amma mənim xatırladığım 6 oktyabr havası fərqli – günəşli idi. Təqvim də “anamın mətbəx qeydləri”ndəki cümlə ilə günəş kimi gülürdü.
Şəhərin gurultusu fonunda uzaqdan gələn səs-küylər insanı düşünməyə vadar edir. Bir neçə gün əvvəl sosial şəbəkədəki videoların birində eşitdiyim “Evlər danışır” ifadəsi yadıma düşür. İllər öncə həmin fikri mənim üçün “Gün keçdi” filmindəki İçərişəhər, Əsmərgilin evləri ilə bağlı olan fraqmentlər təsdiq edirdi. İndi isə həmin cümlənin mənasını özündə əks etdirən ən gözəl təsdiq gülə-gülə gəldiyim doğma evimizdir. Onu əks etdirən ən gözəl sətirlər isə Ramiz Rövşən misralarıdır:
Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.
2002-ci il. 6 oktyabr. Bir əli ilə nənəsindən tutub, digəri ilə balaca qoğalından yapışan qıvrımsaçlı qız. Evdən köç təlaşının, daha doğrusu, xoşbəxtlik qayğılarının sədaları gəlir. Qız anasının səsini eşidib tikəsini yarım qoyub ona tərəf qaçır.
Axşam süfrəsində qız öz evlərinə köçməyin sevinci ilə yenə tikəsini yarımçıq qoymaq istəyəndə kənardan bir səs eşidilir: “Əgər yeməyini yeməsən, yenə səni kirayə qaldığınız evə aparacağıq”. Balaca əvvəlcə tərəddüd edir. Ta ki bu cümləni eşidənə kimi:
– Ananla atansa burada qalacaqlar.
Balaca qız o vaxt elə bilirdi ki, əlindəki tikəni bitirsə, sevdiklərini heç vaxt itirməyəcək. Ancaq illər sonra bir səhər elə həmin evdə son tikəsini bitirsə də, həyatındakı ən böyük itkidən qaça bilmir. O evə köçəndə qucağına qaçdığı dostu bu dünyadan köçəndə qucağına qaça bilmir, donub qalır.
2026-cı il. 6 oktyabr. Səhər. Əlüstü yeməyə bir şey axtarıram. Boşqabda balaca qoğal tikəsi qalıbmış. İllər öncə olduğu kimi…
Günorta saatları. Dünəndən bəri cızma-qara etdiyim qeydləri oxuyub düzəliş etməyə çalışıram. Başımı qaldırıb iş pəncərəsindən boylananda günəşin buludların ardından bir anlıq mənə təbəssüm etdiyini görürəm. Təqvim yenə də “anamın mətbəx qeydləri”ndəki cümlə ilə günəş kimi gülür…
Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.
Söndürəsən o çırağı –
hamı birdən yoxa çıxa…
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən.
Müəllif: Günel Natiqqızı



