Xəbərlər

Azərbaycanın ilboyu turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Azərbaycanın dağ turizmi, açıq hava fəaliyyətləri, şəhər turizmi və mədəni marşrutlar kimi ilboyu turizm imkanları Tükiyədə təqdim olunub.

“Füyuzat” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu təqdimat oktyabrın 5-8-də Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisinin Trabzon, Qaziantep, Bursa və Konya şəhərlərində keçirilən silsilə seminarlarda baş tutub.

Tədbirlər Türkiyənin turizm sənayesi və media sahəsindən 250-yə yaxın nümayəndəni bir araya gətirib. Seminarlar çərçivəsində Azərbaycanın zəngin tarixi-mədəni irsi, təbii müxtəlifliyi və müxtəlif səyahət təcrübələri barədə məlumat verilib.

Təqdimatlarda qış turizminə xüsusi diqqət yetirilib, Azərbaycanın dağlıq ərazilərində mövsümi istirahət imkanları diqqətə çatdırılıb. Şuşanın tarixi-mədəni irsi ilə yanaşı, biznes turizmi istiqamətində potensialı vurğulanıb.

Seminarlar çərçivəsində keçirilən B2B görüşlərdə Azərbaycan və Türkiyə turizm sənayesinin nümayəndələri arasında fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirlər ATB-nin Türkiyə bazarında Azərbaycanın mövqeyinin gücləndirilməsi, sektor nümayəndələri ilə əlaqələrin genişləndirilməsi və ölkənin ilboyu səyahət istiqaməti kimi təşviqi istiqamətində fəaliyyətinin tərkib hissəsidir.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6.4% artaraq 355 045 nəfər təşkil edib.