Mədinə Məcidli • Xəbərlər

Nobel laureatı portretlərinin arxasındakı rəssam kimdir?

Hər ilin oktyabr ayında dünya ictimaiyyəti yeni Nobel mükafatı laureatlarının adlarını öyrənmək üçün səbirsizliklə gözləyəndə diqqəti cəlb edən ilk görüntülərdən biri qızılı və qara rənglərin vəhdətində yaradılmış portretlər olur. Artıq hər il eyni üslubda təqdim edilən bu təsvirlər Nobel mükafatı namizədlərinin vizual kimliyinin ayrılmaz hissəsinə çevrilib. Bəs qara və qızılı rənglərin ahəng təşkil etdiyi bu rəsmlərin müəllifi kimdir?

Müəllif Stokholmda yaşayan isveçli vizual rəssam və “Nobel Media AB” şirkətinin bədii rəhbəri Niklas Elmeheddir. O, İsveçdə təsviri incəsənət üzrə təhsil alıb və rəqəmsal, eləcə də çap dizaynı sahəsində geniş təcrübəyə malikdir. Yaradıcılığı jurnalistika, tarix və təsviri incəsənət sahələrini əhatə edir. Niklas Elmehed Nobel üçün çəkdiyi rəsmlərində aparıcı alimlərin, yazıçıların və sülh müdafiəçilərinin nailiyyətlərini vahid, simvolik təsvir vasitəsilə əks etdirir.

O, dəqiqliyi, estetik cəlbediciliyi bir araya gətirərək təmkin və ləyaqəti, hadisənin aktuallığını və operativliyini əks etdirən portretlər yaradır. Klassik portret sənətini müasir illüstrasiya üslubu ilə birləşdirməsi ilə tanınan Niklas Elmehed 2012-ci ildən bəri Nobel mükafatı laureatlarının rəsmi portretlərini yaradır. Bununla da o, dünyanın ən nüfuzlu mükafatlarının elan edilməsini vizual baxımdan diqqətçəkən bir hadisəyə çevirir.

Məxfilik qaydalarına ciddi şəkildə əməl edərək çalışan rəssam qaliblərin adlarını öyrəndikdən sonra cəmi bir neçə saat ərzində hər bir portreti əl ilə çəkib tamamlayır. Beləliklə, hazırlanmış təsvirlərin demək olar ki, dərhal bütün dünyadakı auditoriyaya çatmasını təmin edir. 2017-ci ildə elanların əsas rənginin qızılı olması qərara alındı. Həmçinin teksturaya malik, səthində xüsusi quruluş və faktura hiss olunan qızılı rəngdən istifadə olunması üstün tutulurdu. Niklas Elmehedin sözlərinə görə: “Mən 2014–2017-ci illərdə istifadə etdiyim mavi və sarı rəngli rəsmlərimi yeni qızılı üsluba uyğunlaşdırdım. Müxtəlif boyalarla çoxlu təcrübələr apardım və nəticədə qızıl folqaya vuruldum. Qızıl folqa xüsusi yapışqan vasitəsilə rəsm üzərinə tətbiq edilə bilən, olduqca nazik metal təbəqədir. Düşünürəm ki, ağ fon üzərində çəkilmiş qara konturlarla birlikdə bu üsul portretlərə çox güclü və eksklüziv təsir bağışlayan görünüş verir”.

Niklas Elmehedin yaradacılığı göstərir ki, qrafik dizayn və illiüstrasiya məlumatı təqdim etmə vasitələri ilə yanaşı, bir qurumun kimliyini formalaşdıran hadisələrin icimai yaddaşda necə qalmasına təsir göstərə bilər.

Müəllif: Mədinə Məcidli