Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli aktyor, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Nurəddin Mehdixanlının 70 illiyinə həsr olunan “Səhnədə ömür, sənətdə əbədilik” adlı yubiley gecəsi keçirilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, millət vəkilləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər iştirak ediblər.
“Füyuzat” xəbər verir ki, Mədəniyyət Nazirliyinin yubilyara təbrik məktubu oxunduqdan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani aktyorun Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı böyük xidmətlərindən, sənətə sədaqətindən və Vətənə sevgisindən bəhs ediblər.
Gecədə Xalq artistləri Mələkxanım Əyyubova, Samir Cəfərov və Nazpəri Dostəliyeva sənətkarı musiqi nömrələri ilə təbrik ediblər.
Sonra Gürcüstanın teatr rejissoru Robert Sturua, Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvaralidze, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru Tamer Qaradağlı və Ejen İonesko adına Moldova Milli Teatrının bədii rəhbəri, Xalq artisti, rejissor Petru Vutkereunun Nurəddin Mehdixanlıya videotəbrikləri təqdim olunub. Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Yodqar Saqdiyevin də yubilyara təbrik məktubu oxunub.
Tədbir bədii hissə ilə davam etdirilib. Xalq artistinin çıxış etdiyi “Aydın”, “Solğun çiçəklər”, “Özümüzü kəsən qılınc”, “Hələ sevirəm deməmişdilər”, “Pəncərədə işıq”, “Xurşidbanu Natəvan” və “Kral Lirin faciəsi” tamaşalarından məşhur dialoqlar və “Cavad xan” filmindən fraqment nümayiş olunub.
Sonda çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı yubiley gecəsinin təşkilatçılarına, iştirakçılarına və ona təbrik ünvanlayan hər kəsə minnətdarlığını bildirib.













