Ədəbiyyat • Xəbərlər

Nüsrət Kəsəmənli  – Ovcumun içindədir ürəyim

Bu gün Azərbaycanın tanınmış şairi Nüsrət Kəsəmənlinin anım günüdür. Bu münasibətlə şairin poeziya nümunələrindən bir qismini  Fuyuzat.az oxucularına təqdim edirik:

Ovcumda ürək
Ovcumun içindədir ürəyim;
Sıxmışam ilk qazancım kimi,
Açılanda əllərim
Qollu-budaqlı ağaca bənzər ürəyim.
Bir dost süfrəsinə çevirər,
Qırmızı alma kimi
oxşanar, sevilər.
Ovcumun içindədir ürəyim;
İstisi, soyuqluğu
salamımdan duyular.
Əllərimdən düşər vərəqlərə
Misra-misra soyular…
Xəlvət çəkdiyim papiroslar kimi
Ovcumda gizlədirəm tüstüsünü;
Yəqin buna görədir
Sinəmdən deyil,
qollarımdan sayırlar
onun döyüntüsünü…

Pərişan olmasın
Elə yaşa ömrünü sən,
İlin pərişan olmasın,
Hər gözələ gül göndərmə,
Gülün pərişan olmasın.

Yol gedəndə izini bil,
Yorulanda dözümü bil,
Söz deyəndə sözünü bil,
Dilin pərişan olmasın.

Bir kimsəyə yalan satma,
Satıb, dərdə-qəmə batma,
Hər ocağa əl uzatma,
Əlin pərişan olmasın.

Tez boşalma dolanda da,
Həqiqət gəz yalanda da,
Elə yan ki, yananda da
Külün pərişan olmasın.

Dərdə könül bağlayanda,
Gizli ağla, ağlayanda,
Gözündə qəm çağlayanda
Selin pərişan olmasın.

Şeir yazmaq istəyəndə
Təyyarəyə bənzəyirəm,
Dünya ovcumun içində olur.
Bir uşaq şam tək
Ürəyim boşalır, dolur.
Dünyanın qəribə rənglərini yığıram gözlərimə,
Qəribə rənglər axır sözlərimə…
Şeir yazmaq istəyəndə
Təyyarəyə bənzəyirəm,
Torpaq buluddan yumşaq,
Özüm uşaqdan uşaq oluram.
İnanıram hər şeyə:
Rənglərin oxumasına,
Gecənin ağlamasına,
Səhərin gülüşünə,
Bir qəzəbli baxışın
şimşək tək çaxışına,
İnanıram gözlərimlə yox,
Ürəyimlə gördüklərimin hamısına…
Şeir yazmaq istəyəndə
Təyyarə tək havada oluram,
Enməyə meydan axtarıram.
Sözlər dodaqlarımı
yandırır od kimi,
Hər dəfə
qəhrəmanı pilot kimi
yana-yana
Enirəm meydana –
öz yazı masama…

Təqdim etdi: Günel Natiqqızı