Xəbərlər

TRT-nin “Azərbaycan rüzgarı” proqramı Müstəqilliyin Bərpası Gününə həsr olunub

Türkiyənin “TRT Türk” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunub.

“Füyuzat” xəbər verir ki, layihənin müəllifi və aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səidə Ömərin təqdimatında, Hafizə Batmazın prodüserliyi ilə hazırlanan verilişdə Azərbaycanın müstəqillik tarixi, milli kimliyi və zəngin mədəni irsi musiqi və poeziya nümunələri vasitəsilə dinləyicilərə təqdim edilib.

Proqram Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin “Fantaziya” əsəri ilə başlayıb. Açılışda 18 Oktyabr tarixinin Azərbaycan xalqının öz taleyini müəyyənləşdirmək iradəsini, milli kimliyini və dövlətçilik ənənələrini gələcək nəsillərə ötürmək əzmini təcəssüm etdirdiyi vurğulanıb, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının tarixi əhəmiyyətindən bəhs olunub.

Verilişdə Azərbaycanın muğam sənəti, aşıq yaradıcılığı, musiqisi və ədəbiyyatı xalqın tarixi yaddaşını yaşadan mühüm mənəvi sərvətlər kimi dəyərləndirilib. Proqramda, eyni zamanda, Azərbaycanın Vətən sevgisini, milli qürurunu və müstəqillik ruhunu əks etdirən musiqi nümunələri səsləndirilib, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abbas Səhhətin “Odlar ölkəsi” və Azərbaycanın böyük şairi Məmməd Arazın “Azərbaycan–dünyam mənim” şeirlərinə müraciət edilib.

Səidə Ömər bildirib ki, artıq üç ildir hər həftə yayımlanan bu proqram Azərbaycan və türk xalqları arasında mövcud olan tarixi, mənəvi və mədəni bağlılığın gücləndirilməsinə töhfə verməkdədir.

“Bu gün qardaş Türkiyənin dövlət radiosu olan TRT-nin efirində Azərbaycanın tarixi günlərinin, görkəmli şəxsiyyətlərinin, böyük bəstəkarlarının və ictimai xadimlərinin yad edilməsi, milli-mədəni irsimizin dinləyicilərə təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycan mədəniyyətinin Türkiyədə yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması baxımından təqdirəlayiq bir təşəbbüsdür. Bu dəyərli fəaliyyətə görə “TRT İstanbul Radio” rəhbərliyinə və bütün “TRT” kollektivinə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan mədəniyyətinə göstərilən diqqət və ehtiram xalqlarımız arasındakı sarsılmaz dostluğun və qardaşlığın daha bir parlaq nümunəsidir”,-deyə o bildirib.