Ədəbiyyat • Xəbərlər

Federiko Qarsia Lorka – Yol qovşağı

Nə acıdır şeirin
od–ocaqsız tüstüsü;
ləkələnib baş-beyin
mürəkkəblə büsbütün!

Günəş xalısı kimi
parıltılı dəridən
sehrli bir köynəyin
olmaması nə betər!

(Gözlərimin önündən
uçub keçir hərflər
hərəsi bir tərəfə.)

Nə acıdır ən qədim
şeirin ağrısı, ah,
Nə acıdır ən qədim
şeirin ağrısı, ah,
Durğun gölməçə kimi
suyu ölüdür, Allah!

Zorla nəsə yazmağın,
yaratmağın acısı!
Bir unsuz dəyirmanın,
kor bulağın acısı!

Naməlum yollardakı
rəngsiz otların üstdə
acılardan xəbərsiz
yaşamağın acısı!

Ağrının ən betəri –
sevincin ağrısı, ah,
göz yaşından islanan
torpağın qatlarında
şırımlar açan kotan!

(Kağız qalağı üstdən
aşıb keçir solğun ay.)
Ah, doğrunun acısı,
yalanın acısı, ah!

Tərcümə: Mahir N. Qarayev