Ədəbiyyat • Günel Natiqqızı • Xəbərlər

Hər ömür romandır

Gecədir. Xəzrinin şıltaqlığı bu dəfə də yuxumu qaçırmağı bacarır. Sabah görəcəyim işləri siyahı kimi gözümün önünə gətirirəm. Birdən son iki həftədə işlərin və gündəlik təlaşların arasında yazı yazmağa vaxt ayırmadığım yadıma düşür. Düzdür, demək olar ki, hər gün xəbərlər yazır, müxtəlif yazıları redaktə, korrektə edirəm. Ancaq nəzərdə tutduğum sadəcə peşəkar baxış deyil, içində həm də ruhumu daşıyan yazılardır. Bir anlıq özümə və sözümə xəyanət etmiş kimi hiss edirəm. Axı bu həyatda mənə ən doğma olan dostum keçmişdən “Yazmağı və arzularını heç vaxt tərk etmə” deyə səslənirdi mənə.

Gecənin sakitliyində o səsin daxilimdə necə əks–səda verdiyini daha aydın duyuram. İnsan gündəlik həyatın ağır çarxı altında fırlandıqca bəzən özündən uzaqlaşır, ən əziz xatirələri belə vaxtın tozlu rəflərinə qaldırmağa məcbur qalır. Amma Xəzri pəncərəni döydükcə yazmaq eşqim yenidən baş qaldırır. Başa düşürəm ki, sözə xəyanət etmək, əslində, öz ömrünə, yaşanmış anlara xəyanət etmək deməkdir.

Elə bu minvalla qələmi əlimə alıram. İş siyahımda yer alan qeydlərdən biri həm də yazımın mövzusuna çevrilir. Söhbət Bakı Kitab Sərgisindən gedir. Kitablarla olduğu kimi bu sərgi ilə bağlılığım da işin içində olmadan çox öncəyə gedib çıxır. Necəsini təsvir etmək üçün bu yazımda da “anamın mətbəx qeydləri”nə müraciət edirəm. Çünki mənim kitablara olan ilk sevgim məhz o isti mətbəxdən, anamın nəfəsindən başlayıb.

Anama kitab sərgisindən almaq istədiyim kitablardan danışıram. Məni diqqətlə dinləyəndən sonra deyir:

– Sənin də kitabın olsun da, roman yaz.

Gülərək cavab verirəm:

– Vaxtım yoxdu axı, heç bilmirəm, həm də alınar ki.

Bu dəfə o gülümsəyib cavab verir:

– Onda bəlkə mən yazım, sən düzəliş edərsən?

Onun fikirlərinə bələd olsam da, bununla razılaşmıram:

– Buna da razı deyiləm. Yoxe, yəni onda ediriksə, bu sənin kitabın olsun qoy, mənim yox.

O an aramızda keçən bu səmimi  söhbət indi qəlbimdə həm sızıldayan, həm də mənə güc verən  xatirəyə dönüb. O, mənim içimdəki yazmağı sevən qızı məndən də çox görürdü, bəlkə də…

Səhəri gün saçlarımı hörəndə roman cümlələrinə bənzər bir neçə cümlə deyir. Həmin an güzgüdə baxışlarımız kəsişir, onun səsi o qədər məxməri, o qədər sirli gəlir ki, elə bilirəm hansısa səhifəsi açılmamış kitabın içindəyəm. Cümləni qeyd edim deyə təkrarlanmasını xahiş edirəm. Anam cavab verir:

– Yox, qalsın hələ ki. Bir az da düşünüm, yenə deyərəm.

Ancaq təəssüf ki, həyat onun ömür romanını çox tez tamamlayır. Sonradan yaddaşımı nə qədər vərəqləsəm də, həmin gün bölüşdüyü həmin o sehrli roman cümlələrini xatırlaya bilmirəm. Zaman o cümlələri yaddaşımdan silib aparıb, amma həmin anın istiliyi hələ də məni üşüməyə qoymur.

Beləcə, anamın həyat romanından sadəcə bir parça olan mətbəx qeydlərini kitaba çevirmək üçün qələmim yenə yazır. Gecə bitir, Xəzri səngiyir, amma mənim içimdəki o səs susmur. Elə bu da bir romandır bəlkə də. Ramiz Rövşən demiş, uzun ya qısa…

“Hər ömür romandı; uzun, ya qısa,

Şirin sevgiləri, acı səhvləri”.

Müəllif: Günel Natiqqızı