Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, paytaxt Bakı şəhərində yeni yaşıllıq sahələri, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq əraziləri daha da genişləndirilir.
“Füyuzat” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxtda yaradılan növbəti park Nəsimi rayonunda, 28 May küçəsindən “The Ritz-Carlton Baku” hotelinə qədər uzanan və əvvəllər Vaqon Təmiri Müəssisəsinin yerləşdiyi ərazidə salınır. Parkın layihələndirildiyi torpaq sahəsi 10 hektara yaxın ərazini əhatə edir.
Xarici və təcrübəli yerli memarların birgə hazırladıqları müasir layihəyə əsasən, hazırda ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolu parkın şimal-qərb sərhədinə köçürülür. Həmçinin 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən park istiqamətində hərəkəti təmin etmək məqsədilə körpü tipli yerüstü piyada keçidinin inşası nəzərdə tutulub.
Artıq layihədə nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb. Bununla yanaşı, park ərazisində müxtəlif yaş qrupları üçün idman və uşaq oyun meydançalarının, tennis meydançalarının, süni göllərin, amfiteatrın və su rezervuarlarının yaradılması planlaşdırılır.
Ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün hərtərəfli şərait yaradılacaq, keçid meydançaları və velosiped yolları salınacaq, dekorativ daşlardan və qranit örtükdən istifadə olunacaq.
Yeni parkın ərazisində geniş yaşıllıq sahələri yaradılacaq, yeni ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları salınacaq.



