Xəbərlər

Əli bəy Hüseynzadənin şəxsi arxiv sənədləri XII Bakı Beynəlxalq Kitab Sərgisində

Əli bəy Hüseynzadə Azərbaycan türküçülüyünə yön vermiş şəxsiyyətdir.

“Füyuzat” xəbər verir ki, bunu “FÜYUZAT tv”yə açıqlamasında XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Ege Universitetinin dosenti, tədqiqatçı Yılmaz Özkaya söyləyib.

Tədqiqatçı rəqəmsal dövrdə sosial media və süni intellektin intensivləşdiyi bir vaxtda kitaba göstərilən böyük marağın sevindirici olduğunu vurğulayaraq, sərgiyə gətirdiyi nadir tarixi sənədlər barədə danışıb. O bildirib ki, nümayiş olunan materiallar Azərbaycanın görkəmli fikir adamı, türkçülük hərəkatının əsas banilərindən və “İttihad” və “Tərəqqi”nin qurucularından biri olan Əli bəy Hüseynzadənin şəxsi arxivinə məxsusdur. “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideyasının müəllifi olan bu şəxsiyyətin irsinin tam şəkildə nəşr olunması və bioqrafiyasının yenidən işlənməsi böyük əhəmiyyət daşıyır.

Sərgidə yer alan qiymətli arxiv materialları arasında Əhməd Cavadın 1918-ci ildə öz əli ilə yazdığı “Çırpınırdı Qara dəniz” şeirinin orijinalı, Mustafa Kamal Atatürkün 1926-cı il Bakı Türkoloji Qurultayına qatılması üçün xüsusi olaraq çıxartdırdığı pasport, həmin qurultaya aid xüsusi qeyd dəftərləri, eləcə də Əli bəy Hüseynzadənin və babası Şeyx Rüstəm Əfəndinin yazdığı kitablar, o cümlədən qurultay iştirakçılarının qatıldığı konsert və teatr dəvətnamələri kimi unikal sənədlər yer alır.

Tədqiqatçı bu tarixi irsin nümayiş etdirilməsində əsas məqsədin azərbaycanlı oxucuların bu dəyərlərlə yaxından tanış olması olduğunu qeyd edib.