XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türkiyədən dəvət olunmuş qonaqlar – yazarlar Samiye Kaplan və Özgül Kömürçü öz əsərlərini təqdim edib, oxucularla görüşüblər.
“Fuyuzat.az” saytı olaraq müəlliflərin “FÜYUZAT tv” ilə bölüşdükləri sərgi və Bakı səfərləri haqqında təəssüratlarını təqdim edirik:
Sərgi çərçivəsində “Yaman ayrılıq” kitabının imza gününü keçirən müəllif Samiye Kaplan Bakıda daha əvvəl dəfələrlə olduğunu, lakin kitab sərgisi formatında ilk dəfə iştirak etdiyini bildirib. Sərgidəki ab-havanı və təşkilatçılığı yüksək qiymətləndirən müəllif tədbirin çox uğurlu təşkil olunduğunu, məkandakı musiqi proqramlarının, çıxışların və təqdimatların onda çox xoş təəssürat yaratdığını vurğulayıb.
Sərgidə azərbaycanlı balaca oxucular ilə bir araya gələn uşaq yazarı Özgül Kömürçü isə qardaş ölkədə olmaqdan böyük qürur duyduğunu dilə gətirib. O, uşaqların həyəcanını və sevincini bölüşməyin onun üçün çox özəl bir duyğu olduğunu, Bakıda çox səmimi qarşılandıqlarını və bu səfərdən böyük məmnunluq hiss etdiklərini diqqətə çatdırıb.



