Xəbərlər

Yeni Mədəniyyətlərarası Rəqəmsal Səriştələr Çərçivəsi təqdim olunub

“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar sessiya keçirilib.

“Füyuzat” xəbər verir ki, plenar sessiyada çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov hazırda dünyada bir milyarddan çox insanın həftəlik olaraq süni intellekt çatbotlarından istifadə etdiyini deyib. Bildirib ki, bu texnologiyalar elektron məktubların yazılmasına, sənədlərin hazırlanmasına və uşaqların ev tapşırıqlarına kömək edir.

“Lakin süni intellekt, eyni zamanda, insanlara əsasən oxşar mədəni perspektivdən cavablar təqdim edir. Məsələn, yaşlı valideynə qayğı ilə bağlı sual verildikdə, bəzi cəmiyyətlər üçün səciyyəvi olan ailə daxilində qayğı ənənəsi əvəzinə peşəkar xidmətlər təklif oluna bilər”, – deyə o qeyd edib.

Nazir müavini vurğulayıb ki, az sayda insanın danışdığı dillərdə süni intellektin cavabları daha qısa və məhdud ola, hətta sistem cavabı ingilis dilinə keçirə bilər: “Bu isə rəqəmsal mühitdə mədəni müxtəlifliyin və dil bərabərliyinin qorunmasının vacibliyini göstərir. Ekranlar vasitəsilə digər mədəniyyətlərlə ünsiyyətin genişləndiyi bir dövrdə əsas sual budur: rəqəmsal texnologiyalar bizə hansı dəyərləri təqdim edir və kimin baxış bucağını əks etdirir? Texnologiyaların insanları birləşdirməsi və ya mədəniyyətləri məhdud sayda dil və perspektiv çərçivəsinə salması insanların qəbul etdiyi qərarlardan asılıdır”.

Daha sonra Vulverhempton Universitetinin rəqəmsal öyrənmə mühitləri üzrə dosenti Matt Smithin moderatotluğu ilə keçirilən sessiyada rəqəmsal texnologiyaların qlobal əlaqələrin genişlənməsinə yaratdığı imkanlar, eləcə də sosial təcrid və parçalanma riskləri fonunda mədəniyyətlərarası dialoqun gücləndirilməsi yolları diqqət mərkəzidə saxlanılıb.

Mədəniyyətlərarası səriştələr üzrə ekspert Darla Deardorff çıxışında bildirib ki, mədəniyyətlərarası səriştə yalnız müxtəlif dillərdə danışmaq və bilik mübadiləsi aparmaq deyil, həm də başqalarını anlamaq, fərqli baxışlara hörmətlə yanaşmaq və empatiya göstərmək bacarığıdır.

“Konstelacio” təşkilatının təsisçisi və prezidenti Şarlott Kurtua deyib ki, rəqəmsal texnologiyalar gənclərin müxtəlif xalqların mədəniyyətini və ənənələrini öyrənməsi, eləcə də mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko vurğulayıb ki, Azərbaycanın “ASAN xidmət” modeli dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından uğurlu təcrübədir və hazırda bir sıra ölkələr bu modeli tətbiq edir.

Deakin Universitetinin nümayəndəsi Amanuel Elias deyib ki, irqçilik və ayrı-seçkilik yalnız real həyatda deyil, rəqəmsal mühitdə, o cümlədən sosial şəbəkələrdə və müxtəlif internet platformalarında da özünü göstərir. Bu səbəbdən rəqəmsal texnologiyaların inkişafı zamanı ayrı-seçkilik risklərinin əvvəlcədən nəzərə alınması və onların qarşısının alınması üçün müvafiq mexanizmlərin yaradılması xüsusi əhəmiyyət daşıyır.

Milli Süni İntellekt Mərkəzinin (MSİM) baş kommersiya direktoru Ulfan Əliyev bildirib ki, süni intellekt həlləri texniki problemlərin aradan qaldırılması üçün zəruri məlumatların axtarışını asanlaşdırır. Lakin ümumi təyinatlı dil modelləri geniş və müxtəlif mənbələrdən əldə olunan məlumatlardan istifadə edir.

UNESCO-nun Sosial Transformasiyaların İdarə Edilməsi Proqramının rəhbəri İrakli Xodeli diqqətə çatdırıb ki, süni intellekt texnologiyalarının inkişafı yalnız texnoloji tərəqqiyə deyil, həm də insanlar arasında qarşılıqlı anlaşmanın, ədalətin və sosial həmrəyliyin gücləndirilməsinə xidmət etməlidir. Bu baxımdan, rəqəmsal mühitdə mədəniyyətlərarası səriştələrin inkişafı ilə yanaşı, texnologiyaları tənzimləyən tərəflərin məsuliyyəti də mühüm əhəmiyyət daşıyır.

Plenar sessiya UNESCO, Mədəniyyət Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə tərəfdaşlığı ilə təşkil olunub.

Sessiya çərçivəsində yeni Mədəniyyətlərarası Rəqəmsal Səriştələr Çərçivəsi (IDC) təqdim olunub. Bu model texniki bacarıqlarla yanaşı, etik və mədəni dəyərləri, eləcə də insan amilini ön plana çıxaran yanaşmaları özündə birləşdirir.