Xəbərlər

Venesuela səfiri: XII Bakı Beynəlxalq Kitab Sərgisi mədəniyyətimizi təbliğ etmək üçün mükəmməl fürsətdir

XII Bakı Beynəlxalq Kitab Sərgisi mədəniyyətimizi təbliğ etmək üçün mükəmməl fürsətdir.

“Füyuzat” xəbər verir ki, bunu “FÜYUZAT tv”yə açıqlamasında XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berrotera deyib.

Səfir əvvəlcə bu cür möhtəşəm sərgiyə dəvətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Sərgini heyranedici adlandıran diplomat Venesuela mədəniyyətini Azərbaycanda tanıtmaq üçün bunun əla imkan olduğunu vurğulayıb.

Müsahibəsində xüsusi layihədən bəhs edən səfir Azərbaycan Dillər Universitetinin tələbələrinin dəstəyi ilə Venesuela poeziyasının tərcümə olunduğunu bildirib.

Diplomat gələcəkdə Azərbaycan ədəbiyyatı nümunələri ilə tanış olmağı planlaşdırdığını diqqətə çatdırıb. O, hər iki ölkə arasında ədəbi əlaqələrin gücləndirilməsi məqsədilə ispan və azərbaycan dillərində qarşılıqlı tərcümə layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.