Müasir dünyada gənclər müxtəlif çağırışlarla üzləşsələr də, onların öz potensiallarını reallaşdırmaları üçün tarixdə heç vaxt olmadığı qədər geniş imkanlar mövcuddur. Bu gün dini, etnik mənsubiyyətindən və yaşadığı ölkədən asılı olmayaraq, hər bir gəncin həm şəxsi həyatında, həm də peşəkar fəaliyyətində uğur qazanmaq şansı var.
“Füyuzat” xəbər verir ki, bu fikirləri “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” adlı plenar sessiyada mədəniyyət nazirinin müavini Fərid Cəfərov səsləndirib.
Nazir müavini bildirib ki, beynəlxalq təşkilatların hesabatlarına və ekspertlərin araşdırmalarına əsasən, gənclər cəmiyyətdə baş verən dəyişikliklərə qarşı ən həssas təbəqələrdən biridir: “Dünyada münaqişələrin, pandemiyaların və müxtəlif böhranların yaratdığı çətinlikləri nəzərə alaraq, gənclərin bu çağırışların öhdəsindən gəlmələri üçün onların imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.



