Dünya musiqi tarixinin ən böyük bəstəkarlarından biri olan Lüdviq van Bethoven yaratdığı möhtəşəm əsərlərlə yanaşı, qeyri-adi xarakteri və qəribə gündəlik vərdişləri ilə yadda qalıb. Onun həyatı adi bir bəstəkarın həyatından xeyli fərqlənirdi. Bethoven bəzən ətrafındakı insanlara qəribə görünən davranışlar sərgiləyir, gündəlik həyatında isə özünəməxsus qaydalara əməl edirdi.
Bethovenin ən maraqlı vərdişlərindən biri qəhvəyə olan xüsusi münasibəti idi. O, qəhvəsini hazırlayarkən hər fincan üçün dəqiq 60 dənə qəhvə dənəsi sayırdı. Onun gündəlik həyatında nə qədər diqqətli və özünəməxsus olduğunu göstərən ən məşhur hekayələrdən biridir.
Bəstəkarın digər qəribə vərdişi səhərlər soyuq su ilə yuyunması və bəzən suyu əllərini yumadan əvvəl birbaşa başına tökməsi idi. O, musiqi bəstələyərkən fikirlərini toplamaq üçün otaqda gəzər, bəzən isə qəfildən pianonun arxasına keçərək yeni melodiyalar üzərində işləyərdi.
Bethovenin diqqət çəkən başqa bir xüsusiyyəti uzun gəzintiləri sevməsi idi. O, demək olar ki, hər gün saatlarla piyada gəzir, gəzintilər zamanı özü ilə qələm və musiqi yazmaq üçün kağız götürürdü. Bəzən ağlına gələn melodiyaları elə küçədə, parkda və ya təbiətin qoynunda qeyd edirdi. Onun üçün təbiət yaradıcılıq mənbəyi idi.
Bethovenin otağının vəziyyəti də maraqlı məqamlardan biri idi. O, musiqiyə o qədər aludə olurdu ki, gündəlik məişət işlərinə bəzən diqqət yetirmirdi. İş masası, not vərəqləri və şəxsi əşyaları çox vaxt nizamsız vəziyyətdə olurdu. Bəstələyərkən ətrafında baş verənləri unudur, fikirlərinə o qədər qapılırdı ki, bəzən saatların necə keçdiyini belə hiss etmirdi.
Onun xarakterindəki başqa bir qeyri-adilik isə səbirsiz və emosional olması idi. Bethoven hər zaman fikirlərini açıq ifadə edir, xoşuna gəlməyən vəziyyətlərə sərt reaksiya verirdi. İnsanlarla münasibətlərində bəzən çətin xarakter nümayiş etdirsə də, musiqiyə qarşı son dərəcə həssas və tələbkar idi. Bütün bunlarla yanaşı, onun həyatının ən böyük sınaqlarından biri eşitmə qabiliyyətini tədricən itirməsi idi. Buna baxmayaraq, musiqidən uzaqlaşmadı və dünya musiqi tarixinin ən möhtəşəm əsərlərini yaratmağa davam etdi. Hətta eşitmə qabiliyyətini böyük ölçüdə itirdiyi dövrdə də yaradıcılığını davam etdirməsi onun iradəsinin və sənətə bağlılığının göstəricisi idi.
Bethovenin qəribə vərdişləri onun fərqli düşüncə tərzini, yaradıcılığa bağlılığını və güclü iradəsini anlamaq üçün bir açardır. Bəlkə də onu böyük bəstəkar edən dünyaya başqalarından fərqli baxması idi.
Müəllif: Mədinə Məcidli



