Yaponiyanın Tokio şəhərində yerləşən “Morioka Şoten” dünyanın ən qeyri-adi kitab mağazalarından biri hesab olunur. Məkanı fəqləndirən əsas cəhət onun eyni vaxtda yalnız bir kitabı təqdim etməsidir. Adi kitab mağazalarında oxucular müxtəlif janrlarda yüzlərlə, minlərlə kitab arasından seçim edirlər. Morioka Şoten isə tamamilə fərqli bir yanaşma tətbiq edir: burada hər həftə bir kitab seçilir və həmin kitab mağazanın bütün konsepsiyasının mərkəzinə çevrilir.
Mağazanın adı onun yaradıcısı, yapon kitab satıcısı Yoshiyuki Moriokanın soyadından götürülüb. O, uzun illər kitab mağazalarında çalışdıqdan sonra oxucuların kitabla daha fərqli münasibət qurmasına imkan verən bir məkan yaratmaq qərarına gəlib. 2015-ci il mayın 5-də Tokionun Ginza rayonunda “Morioka Şoten” fəaliyyətə başlayıb. İdeyanın yaranmasının arxasında maraqlı bir düşüncə dayanır: əgər bir kitab insanın həyatına, düşüncəsinə və dünyagörüşünə təsir edə bilirsə, niyə ona xüsusi bir məkan ayırmayaq? Məhz bu səbəbdən mağazada kitablar rəflərə yığılmır, əksinə, seçilmiş bir əsər diqqət mərkəzinə yerləşdirilir. Buraya gələn insan ilk növbədə çoxsaylı kitablar arasında seçim etmək məcburiyyətində qalmır. O, həmin həftənin kitabı ilə tanış olur, onun dünyasına daxil olur və əsərin yaratdığı atmosferi hiss edir. Mağazanın interyeri də ideyaya uyğun hazırlanıb. Məkan olduqca sadə, minimalist və sakit görünüşə malikdir. Burada diqqəti yayındıran çoxsaylı reklamlar, rəngarəng kitab rəfləri və böyük satış stendləri yoxdur. Əsas diqqət seçilmiş kitaba yönəldilir. Belə yanaşma oxucunu tələsmədən düşünməyə, kitabın üz qabığına, məzmununa və təqdimat formasına diqqət yetirməyə təşviq edir.
“Morioka Şoten”də təqdim olunan maraqlı kitablar:
Mağazanın ən maraqlı tərəflərindən biri də burada təqdim edilən kitabların müxtəlifliyi və onların ətrafında yaradılan xüsusi atmosferdir.
1. “Dürüst fırıldaqçı” (The True Deceiver) – Tove Jansson
Finlandiyalı yazıçı Tove Janssonun romanı mağazada təqdim olunan maraqlı əsərlərdən biridir. Əsərdə iki qadının münasibətləri, etibar, tənhalıq və insan psixologiyası təsvir olunur. Hadisələr gənc qadın Katri və yaşlı rəssam Anna arasında inkişaf edir. Kitabın əsas maraqlı tərəfi insanların bir-birini nə dərəcədə anlaya bilməsi və etibarın necə sınağa çəkilməsidir. Sərgi zamanı əsərin atmosferini əks etdirən heykəltəraşlıq nümunələri də nümayiş etdirilib.
2. Hans Kristian Andersenin nağılları
Mağazada təqdim edilən digər əsərlərdən biri də dünya uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Hans Kristian Andersenin nağıllarıdır. Andersenin əsərləri uşaqlar, böyüklər üçün də mənəvi və fəlsəfi məna daşıyır. Onun nağıllarında sevgi, mərhəmət, tənhalıq, ədalət və insanın daxili dünyası kimi mövzulara toxunulur. Kitabın seçilməsi mağazanın fərqli yaş qruplarına və ədəbi zövqlərə müraciət etdiyini göstərir.
3. Porano no Hiroba – Kenji Miyazava
Yapon yazıçısı Kenji Miyazavanın bu əsəri də mağazanın diqqətçəkən təqdimatlarından olub. Əsərin ətrafında xüsusi sərgi təşkil edilib və keramika sənətkarı Mayumi Koqomanın hazırladığı bəzək əşyaları və sənət nümunələri nümayiş etdirilib. Burada maraqlı məqam ondan ibarətdir ki, kitabın ədəbi dünyası digər sənət növləri ilə birləşdirilib. Oxucu əsəri yalnız oxumaqla kifayətlənmir, onun yaratdığı estetik mühiti də görmək imkanı qazanır.
4. “İş kollajları” (Working Collages) – Karl Blossfeldt
Kitab bitkilərin və təbiətin gözəlliyini fotoqrafiya vasitəsilə təqdim edən maraqlı nəşrlərdəndir. Alman fotoqraf Karl Blossfeldt bitkilərin quruluşunu, yarpaqların və çiçəklərin incə detallarını xüsusi diqqətlə çəkirdi. Onun fotoşəkilləri təbiətin adi görünən elementlərində belə möhtəşəm estetik formaların olduğunu göstərir. Kitabın mağazada nümayiş etdirilməsi ədəbiyyatla yanaşı, vizual sənətə də yer verildiyini sübut edir.
5. “Ay gecəsi və eynək” (Moon Night and Glasses) – Mimei Oqava
Əsər də “Morioka Şoten”də təqdim edilmiş kitablardan biridir. Yapon yazıçısı Mimei Oqavanın yaradıcılığı uşaqlar üçün yazılmış ədəbi əsərləri və nağıl üslubu ilə tanınır. Kitabın adı belə oxucuda sirli, sakit və xəyal dünyasını xatırladan təsəvvür yaradır.
6. “Fish-Man” – Masaru Tatsuki
Mağazanın maraqlı seçimlərindən biri də Maseru Tatsukinin fotoalbomudur. Bu nəşr balıq insanı obrazı ilə bağlı fotoqrafik materialları özündə birləşdirən əsər kimi təqdim olunur. da maraq göstərdiyini nümayiş etdirir.
“Morioka Şoten”in fəaliyyətində kitab təqdimatları ilə yanaşı, sərgilər də xüsusi əhəmiyyət daşıyır. Məsələn, “Tove Janssonun The True Deceiver” romanı təqdim edilərkən heykəltəraş Hideo Savadaya əsərin dünyasından ilhamlanan heykəllər hazırlamaq imkanı verilib. Kenji Miyazavanın əsəri təqdim ediləndə isə keramika sənəti ilə əlaqəli nümunələr nümayiş olunub. Bu yanaşma kitabın məzmununu başqa sənət növləri vasitəsilə ifadə etmək məqsədi daşıyır. Bəzən kitabın mövzusuna uyğun çiçəklər, fotoşəkillər, rəsm əsərləri və müxtəlif əl işləri də sərgilənir. Müəlliflər və kitabın hazırlanmasında iştirak edən şəxslər oxucularla görüşür, söhbətlər və müzakirələr təşkil edirlər. Beləliklə, kitab mağazası eyni zamanda kiçik bir sənət qalereyasına və ədəbi görüş məkanına çevrilir. 2024-cü ildə “Morioka Şoten”in konsepsiyası “Gallery Koyanagi” ilə əməkdaşlıq çərçivəsində daha geniş formada təqdim edilib. “One sıngle book” adlı layihə 25 aprel – 22 iyun 2024-cü il tarixlərində keçirilib. Sərgidə təxminən 30-dan çox rəssam və yaradıcı şəxsin iştirakı ilə xüsusi seçilmiş kitablar nümayiş etdirilib. Layihədə rəssamların özlərinin hazırladığı və seçdiyi kitablar təqdim olunub. Məsələn, fotoqraf Hiroşi Suqimoto, rəssam Marlen Dumas və digər tanınmış yaradıcı şəxslərin kitabları və əsərləri sərginin bir hissəsi olub.
Müəllif: Mədinə Məcidli



