Ədəbiyyat • Xəbərlər

Şuşa – 6 il

Zamanın axarı bəzən sadəcə təqvim vərəqlərini dəyişmir. O həm də bir xalqın taleyini, yaddaşını və mənəvi coğrafiyasını da təzələyir. Şuşanın işğaldan azad olunmasından və Azərbaycanın Qarabağda öz tarixi ədalətini bərpa etməsindən 6 il ötür. 2020-ci il noyabrın 8-də dumanlı dağların qoynunda yazılan o möhtəşəm zəfər tarixi təkcə hərbi-strateji bir uğur deyil, həm də köklərindən qopardılmış bir mədəniyyətin öz doğma ocağına qayıdışı idi. Şuşa Azərbaycan üçün təkcə qalalardan, küçələrdən və ya daş binalardan ibarət deyil. Şuşa milli ruhun, musiqinin və sözün müqəddəs ucalıq əldə etdiyi mənəvi zirvə nöqtəsidir.

XVIII əsrdə Pənahəli xanın bünövrəsini qoyduğu Şuşa qısa zamanda nəinki Qarabağın, bütövlükdə Qafqazın mədəniyyət və incəsənət mərkəzinə çevrilməyi bacardı. “Şərqin konservatoriyası” adlandırılan bu şəhər Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu kimi muğam nəhənglərini, Şərqin ilk operasının müəllifi Üzeyir Hacıbəylini, Azərbaycan poeziyasına incə ruh gətirən Xurşidbanu Natəvanı, səsi ilə opera sənətində dərin iz qoyan Bülbülü, jurnalist və siyasi fəaliyyəti ilə milli özünüdərk yolunda ciddi nailiyyətlər əldə edən Əhməd bəy Ağaoğlunu bəxş edib. Lakin Şuşa təkcə musiqi ocağı deyildi. O öz arxitekturası, qədim məhəllələri, əl işməsi şəbəkələri, xalçaçılıq məktəbi və zəngin kitabxanaları ilə bütöv bir mədəniyyət ekosistemi formalaşdırmışdı.

Hər bir şəhərin mədəniyyəti onun tarixi yaddaşıdır. 1992-ci ilin mayında Şuşanın işğalı ilə yalnız bir coğrafiya deyil, böyük bir mədəni irs hədəfə alındı. Üzeyir Hacıbəylinin, Natəvanın və Bülbülün bürünc büstlərinin güllələnməsinə şahidlik edən şəhərə 28 ildən sonra qədəm qoyanda gördüyümüz mənzərə isə sözlə ifadə olunmaz dərəcədə dəhşətli idi. Şuşanın 17 məhəllə məscidindən Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı məscidləri də daxil olmaqla, əksəriyyəti təhqir olunmuş və ya viran qoyulmuşdu. Natəvanın sarayı, Bülbülün ev-muzeyi, Qarabağ Xalça Muzeyi və yüzlərlə memarlıq abidəsi ya tamamilə dağıdılmış, ya da fəaliyyətini dayandırmışdı. Ermənilər minlərlə eksponatı, qədim əlyazmaları və xalçaları talan eetmişdilər. Şuşa demək olar ki, sükuta qərq edilmək istənən musiqi alətinə bənzədilmişdi.

2020-ci ilin noyabrından başlanan yeni mərhələ Şuşa üçün sadəcə bərpa deyil, əsl mədəni intibah oldu. Ölkə başçısı cənab İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyevanın Şuşaya yanaşması məxsusi idi. Qısa müddət ərzində Şuşanı yenidən Azərbaycanın və dünyanın mədəniyyət mərkəzinə çevrilmək yolunda ciddi addımlar atıldı. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və digər aidiyyəti qurumların rəhbərliyi ilə həyata keçirilən bərpa işlərində əsas prinsip şəhərin tarixi və arxitektura toxunulmazlığını korlamamaq oldu. Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri tarixi görkəmi saxlanılaraq bərpa edildi və yenidən ibadətə açıldı. 28 ildən sonra Şuşada azan oxundu.

Bərpa işlərində dahilərin doğulduğu və yaradıcılıqlarının ilk addımlarını atdığı ocaqlar da öncəlik daşıdı. Bülbülün ev-muzeyi yenidən qapılarını ziyarətçilərin üzünə açdı. Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin bərpası və Natəvan sarayının yenidən həyat qazanması prosesi sürətlə həyata keçirildi. Bakıda İncəsənət Muzeyinin həyətində illərlə yaralı şahid kimi gözləyən Üzeyir bəyin, Xan qızı Natəvanın və Bülbülün büstləri öz tarixi yerlərinə, Şuşaya qaytarıldı.

Şuşaya yenidən günəş doğdu. Bu günəş şəhərə öz ruhunu qaytardı, nəfəs verdi. Xarıbülbül Musiqi Festivalı təşkil olundu və Cıdır düzündə illər sonra muğam səsləndi. Bu anlar isə Şuşanın mənəvi dirçəlişinin simvoluna çevrildi. Molla Pənah Vaqifin adına ucaldılan məqbərənin bərpasından sonra keçirilən poeziya günləri sözün və qələmin yenidən bu torpaqda hökmranlıq etdiyini göstərdi. İgid oğulların cəsarəti və igidliyi ilə azad olunan diyarda sözün hikməti unudulmadı.
Şuşa təkcə ölkəmiz üçün deyil, Türk dünyası üçün də dəyərlidir. Bunun bariz nümunəsi isə şəhərin “TÜRKSOY” tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı, eləcə də İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması və qlobal mədəniyyət xəritəsindəki yerini bərpa etməsi idi.

Şuşada olanlar onun təbiigözəlliyi və tarixi dəyəri qarşısında heyrətini gizlədə bilmir. Şuşa təkcə keçmişin xatirələrini qoruyan açıq hava muzeyi deyil, o həm də gələcəyə boylanan müasir və bir o qədər də canlı bir mədəniyyət beşiyidir. İllərdir xilaskarının yolunu gözləyən Cıdır düzündə 6 ildir azadlıq rüzgarı əsir. İndi buralar ayrılıq həsrətini unudur, zəfərin, yaradıcılığın və sənətin səsini yayır. 6 il əvvəl şəhidlərin qanı və qəhrəmanların cəsarəti ilə azad olunan bu müqəddəs torpaq, bu gün sənətkarların fırçası, şairlərin misraları və xanəndələrin avazı ilə yenidən döyünür. Şuşa azaddır, Şuşa abaddır və Şuşa əbədi olaraq Azərbaycan mədəniyyətinin döyünən ürəyidir.

Müəllif: Ürfan Məmmədli