Ədəbiyyat • Tarix • Xəbərlər

Azadlıq səsi: üçrəngli bayraq

Hər bir xalqın tarixini, istiqlal məramını, milli kimliyini özündə təcəssüm etdirən rəmzlər var. Bu rəmzlər içərisində bayraq, gerb, himn xüsusi əhəmiyyət kəsb edir. Bayraq tarix boyu xalqın birliyini, dövlətçilik ənənələrini özündə əks etdirir. Azərbaycanın üçrəngli bayrağı şanlı tariximizin bütün səhifələrinə – Azərbaycan Xalq Cümhuriyyətinə, 1988–ci ildə əsası qoyulan milli azadlıq hərəkatına, müstəqilliyin əldə olunmasına şahidlik edib.

AXC dövründə siyasi, sosial, mədəni, iqtisadi, dövlət və ordu quruculuğu sahəsində bir çox tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin həyata keçirilməsində Məhəmməd Əmin Rəsulzadənin rolu danılmazdır. Azərbaycanın Dövlət Bayrağı qəbul olunduqdan bir müddət sonra tərtibatında dəyişiklik edildi. 1918–ci il 24 iyun tarixində qəbul olunan bayraq qırmızı rəngdə olub, üzərində aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Həmin il 9 noyabr tarixində isə bayrağın yeni forması təsdiq edildi. Yeni bayraq göy, qırmızı və yaşıl rənglərdən ibarət olmaqla, üzərində səkkizguşəli ulduz və aypara təsvirini əks etdirirdi.

 1988–ci ildə başlayan milli azadlıq hərəkatında AXC–nin yaratdığı, sovet hakimiyyəti dövründə qadağan olunan üçrəngli Azərbaycan bayrağı yenidən meydanda dalğalandırıldı. Bu addım AXC–nin dövlətçilik irsinə sadiqliyin mühüm göstəricisi idi. Məmməd Əmin Rəsulzadə və silahdaşlarının irsi azadlıq hərəkatının mühüm ideoloji dayağını təşkil edirdi. Onun fotoları qəzetlərdə dərc edilir, əsərlərinin nəşrinin və öyrənilməsinin zəruri olduğu vurğulanırdı. 1988–1991–ci illərdə artıq mətbu orqanlarda Məmməd Əmin Rəsulzadənin, Azərbaycanın üçrəngli bayrağının, latın qrafikalı əlifbanın şəkilləri yer alır və bu mövzuda yazılara rast gəlinirdi. Uzun illər səssiz qalan Azərbaycan Dövlət Himninin meydanda səsləndirilməsi də milli özünüdərk prosesinin təzahürü hesab olunur. 1988–ci ildə başlayan mitinqlər daimi olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayıb sona çatdırılırdı. Dövlət Himnimizi ilk dəfə 1989–cu il sentyabr-oktyabr aylarında Azadlıq meydanında Nərmin Kazımova canlı ifa etmişdi. Növbəti günlərdə isə himn lent yazısı ilə dəfələrlə səsləndirilib.

Bu gün M.Ə.Rəsulzadənin, S.Mehmandarovun, Ə.Şıxlinskinin bizə əmanət etdiyi bayraq otuz ilə yaxın işğal altında olaraq azan səsi gəlməyən torpaqlarımızda da qürurla dalğalanır. Qarabağı görməsələr də, bu yolda canlarını fəda edən şəhidlərimiz işgəncələrlə qətlə yetirilən anaların, ataların, bacı–qardaşların, körpələrin qanını yerdə qoymadılar. Çünki ürəklərindəki Vətən sevgisi bütün maneələri üstələyirdi. Allah bütün şəhidlərimizə rəhmət etsin! İnşAllah, bundan sonra Azərbaycan bayrağı gənc oğullarımızın tabutlarında deyil, əllərində dalğalansın…

Bir zamanlar arzusu azadlıq olan bayrağımız indi müstəqil, azad torpaqda zəfər rəmzi kimi yüksəlir. Əzəmətli üçrəngli bayrağımız əsrlər keçsə də, tariximizdə yaşayacaq və müstəqilliyimizin, milli kimliyimizin əbədi rəmzi olaraq qalacaq. Bəxtiyar Vahabzadənin dediyi kimi:

Üçrəngli bayrağın kölgəsində mən|
Qaraca torpağı Vətən görmüşəm.
Zəfər güllərini dövri–qədimdən|
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.

Aysel Mübarizqızı

BDU Jurnalistika fakültəsinin magistrantı