Xəbərlər

Azərbaycanlı opera müğənnisi “Carnegie Hall”da keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanlı opera müğənnisi, tenor Emin İsmayılov ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur “Carnegie Hall” konsert zalında keçirilən beynəlxalq musiqi müsabiqəsində birinci yerə layiq görülüb. İfaçı müsabiqə çərçivəsində Azərbaycan professional bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyasını təqdim edib.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan opera sənətinin incilərindən olan bu əsərin “Carnegie Hall” səhnəsində səsləndirilməsi xüsusi əhəmiyyət daşıyıb. Bu uğur milli opera ənənələrimizin təbliğinə və Azərbaycan musiqi irsinin beynəlxalq auditoriyaya tanıdılmasına xidmət edir.

“1998-ci ildə Bakıda anadan olmuşam və musiqi təhsilimə də Azərbaycanda başlamışam. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirmişəm, 2021-ci ildən isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvətli solisti kimi fəaliyyət göstərirəm. Repertuarıma dünya opera klassikasının tanınmış əsərləri daxildir. Hazırda ABŞ-da “Longy School of Music of Bard College”də vokal sənəti üzrə təhsilimi davam etdirirəm. Beynəlxalq səhnələrdə Azərbaycan musiqisini və mədəniyyətini təmsil etmək əsas yaradıcılıq məqsədlərimdən biridir. Bu qələbə sənət yolumda mühüm uğur olmaqla yanaşı, Azərbaycan opera sənətinin beynəlxalq miqyasda tanıdılması baxımından da əlamətdar hadisədir”, – deyə ifaçı əlavə edib.