“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu dəfə “Həftənin əsəri” nominasiyası üzrə seçilən əsər Flanneri O’konnorun “Ətirşah” hekayəsidir. Xoş mütaliələr!
İngilis dilindən tərcümə: Fidan Vahid
Qoca Dadli yavaş-yavaş bədəninin formasını alan kresloda əyləşdi və gözlərini aralarında təxminən on beş fut[1] məsafə olan qarşıdakı mənzilin bozarmış qırmızı kərpic çərçivəli pəncərəsinə zillədi. O, ətirşahı gözləyirdi.

“Pərdənin yanındakı ətirşah”, Avqust Makke, 1909
Hər səhər saat ona yaxın ətirşahı pəncərənin kənarına qoyur, axşam saat beşin yarısında içəri aparırdılar. Əvvəlki qonşusu xanım Karson da pəncərəsində ətirşah saxlayırdı. Əvvəllər yaşadığı evin ətrafında ətirşahlar bol idi, özü də buradakılardan qat-qat gözəl. “Bizimkilər əsl ətirşahlar idi”, – Qoca Dadli düşündü. “Buradakı yaşıl lentli solğun çəhrayı çiçəklərdən deyildi”. Qarşı pəncərədəki ətirşah qocaya Qrizbinin poliomielit xəstəliyindən əziyyət çəkən oğlunu xatırladırdı. Uşağı hər səhər əlil arabasında bayıra çıxarıb günəşin altında qoyurdular ki, ətrafa baxsın. Lutişa bu ətirşahı götürüb torpağa əksəydi, cəmi bir neçə həftəyə elə möhtəşəm bir kol yetişdirərdi ki, hamı ona heyran qalardı. Qarşı tərəfdə yaşayanlar isə öz ətirşahlarına qayğı göstərmirdilər. Bitkini bütün günü günəşin altında qızarmağa qoyur, üstəlik, dibçəyi pəncərənin lap kənarına yerləşdirirdilər ki, külək əsən kimi rahat yerə düşə bilsin. Ətirşahın onlar üçün heç bir əhəmiyyəti yox idi. Axı o ətirşahın orada nə işi vardı? Qoca Dadlinin boğazı düyünləndi. Lutişanın əkdiyi hər toxum cücərirdi. Reybinin də. Başını kreslonun söykənəcəyinə dayayıb fikrini başqa şeyə yönəltməyə çalışdı. Son vaxtlar onun boğazında qəhərə çevrilməyən çox az şey qalmışdı. Otağa qızı girdi.
– Gəzintiyə çıxmaq istəmirsən? – bir qədər hövsələsiz səslə soruşdu.
O cavab vermədi.
– Hə?..
– Yox.
“Görəsən, o burda nə qədər dayanacaq?” – deyə Qoca Dadli düşündü. Qızını görəndə gözlərində yaş gilələndi. İndi yaş yanaqlarından süzüləcək və qızı bunu görəcəkdi. O belə hallarla dəfələrlə qarşılaşmış, hər dəfə də atasına acıyaraq baxmışdı. Sanki özünə də yazığı gəlirdi. “Məni köhnə evimdə qoyub lənətəgəlmiş övladlıq borcunu bu qədər canfəşanlıqla yerinə yetirməsəydi, özünü də belə əzablardan qurtarardı”, – deyə düşündü. Qızı ağır bir ah çəkərək otaqdan çıxdı. Bu ah Qoca Dadliyə Nyu-Yorka köçüb onunla yaşamağa qərar verdiyi o anı yenidən xatırlatdı. Halbuki buna görə qızını günahlandırmaq olmazdı. O, son anda köçməkdən imtina edə bilərdi. İnad edib ömrü boyu yaşadığı yerdə qalmaq istədiyini söyləyə bilərdi. Qızı ona pul göndərsə də, göndərməsə də, pensiyası və arabir gördüyü xırda işlərlə dolana biləcəyini deyə bilərdi. Qızı lənətə gəlmiş pullarını özünə saxlasın, onsuz da pula daha çox onun ehtiyacı vardı. Belə etsəydi, qızı bütün bu övladlıq borcundan məmnuniyyətlə azad olardı. Onda deyə bilərdi ki, atası təkbaşına ölübsə, buna özü baisdir. Xəstələnəndə qulluq edəcək kimsə tapılmayıbsa, neyləmək olar, bunu özü istəyib. Amma Dadlinin qəlbinin dərinliyində Nyu-Yorku görmək arzusu yaşayırdı. Hələ uşaq ikən bir dəfə Atlantada olmuş, izlədiyi filmdə Nyu-Yorku görmüşdü. Filmin adı “Böyük şəhərin ritmi” idi. Böyük şəhərlərdə həyat qaynayır, mühüm hadisələr baş verirdi. Bir anlıq Nyu-Yorku görmək arzusu Qoca Dadlinin bütün varlığına hakim kəsilmişdi. O, kinoda gördüyü şəhərdə özü üçün də bir yer tapılacağına inanırdı! Bura həyatın mərkəzi idi və orada onun üçün də yer vardı!
– Bəli, – demişdi, – köçəcəyəm.
Yəqin ki, o vaxt xəstə imiş. Ağlı başında olan adam ayıq başla belə bir söz deyə bilməzdi. Düz-əməlli düşünə bilmirdi, qızı isə övladlıq borcu məsələsinə o qədər aludə olmuşdu ki, axırda onu birtəhər razı salmışdı. Görəsən, qızı niyə gəlib onun qayğısına qalmaq adı ilə başına bəla olmuşdu? O öz həyatını tamamilə normal yaşayırdı. Pensiyası çörəyinə çatırdı, arabir gördüyü xırda işlərdən qazandığı pulla pansiondakı otağının kirayəsini ödəyirdi.
Otağının pəncərəsindən çay görünürdü. Çay bulanıq qırmızımtıl rəngdə idi; iri qaya parçalarının arasından, döngələri dolana-dolana yataq boyunca axırdı. Qoca Dadli çayın qırmızımtıl və ləng axmasından başqa, onun haqqında daha nə xatırlaya biləcəyini düşünməyə çalışdı. Xəyalında çayın hər iki sahili boyunca ağacların yaşıl ləkələrini, çayın yuxarı axarı boyu suyun üzündə üzən qəhvəyi rəngli bir zibil torbasını canlandırdı. O, Reybi ilə birgə hər çərşənbə günü mühərrikli qayıqla çaya gedib orada balıq tutardı. Reybi çayı ovucunun içi kimi tanıyırdı. Bu məsələdə ona çatan olmazdı. Reybi çayı sevirdi, amma Qoca Dadli üçün çayın heç bir əhəmiyyəti yox idi. Onun tək dərdi balıqlar idi. Evə çoxlu balıqla gəlmək və onları mətbəx çanağına tökməyi xoşlayırdı.
– Bir xeyli balıq tutmuşaq, – deyərdi.
– Bu qədər balığı ancaq əsl kişilər tuta bilər, – pansiondakı qarılar onu tərifləyərdilər.
O, Reybi ilə çərşənbə günləri səhər tezdən yola çıxar, bütün günü balıq tutardılar. Reybi avar çəkir, balıqların olduğu yerləri tapırdı. Qoca Dadli isə bir-birinin ardınca balıq tuturdu. Reybi isə tutmağa cəhd etmirdi. O, sadəcə çayı sevirdi.
– Bura qırmaq atmağın mənası yoxdur, ağa. Burada balıq yoxdur. Qoca çay qarnında heç nə gizlətmir – deyərdi. Sonra xısın-xısın gülər və qayığı axın boyunca aşağı yönəldərdi. Reybi belə adam idi. O, mahir toyuq oğrusu idi, amma həm də balıqların yerini yaxşı bilərdi. Qoca Dadli bütün xırda balıqları qaradəriliyə verərdi.
Qoca Dadli iyirmi ikinci ildə, arvadı vəfat edəndən sonra pansionun yuxarı mərtəbəsində yerləşən küncdəki otağa köçmüşdü. O, yaşlı qadınları qoruyub himayə edirdi. Evdəki yeganə kişi o idi və evin kişisindən gözlənilən bütün işləri də yerinə yetirirdi. Axşamlar qarılar qonaq otağında oturub toxuma toxuyur, həyatdan şikayətlənirdilər. Belə vaxtlarda Dadli darıxardı. Evin yeganə kişisi isə onların giley-güzarını dinləməli, arabir baş qaldıran sərçə davasına bənzər xırda mübahisələrdə hakimlik etməli olurdu. Amma gündüzlər Reybi ilə vaxt keçirirdi. Reybi ilə Lutişa yarımzirzəmidə yaşayırdılar. Lutişa yemək bişirir, Reybi isə evi təmizləyir, bostana qulluq edirdi. Ancaq Reybi işlərin yarısından ustalıqla yayınır, ev təsərrüfatı ilə bağlı növbəti işə – yeni toyuq hinini tikməyə, yaxud qapını rəngləməyə girişən Qoca Dadliyə köməyə gəlirdi. O, Qoca Dadlinin Atlantaya səfəri, tüfənglərin quruluşu və yığılması, eləcə də başqa-başqa məsələlər haqqında danışdıqlarını dinləməyi xoşlayırdı. Bəzən gecələr opossum[1] ovuna çıxırdılar. Heç vaxt opossum tuta bilməmişdilər, heç yanına da yaxınlaşa bilməmişdilər. Amma Qoca Dadli arabir qadınlardan bir qədər uzaqlaşmağa ehtiyac duyurdu. Və ov bunun üçün yaxşı bəhanə olurdu. Əslində, Reybi ova getməyi sevmirdi. Onun canı suda idi. Qoca Dadli ov itləri və tüfənglər haqqında söhbət açanda Reybi, adətən, belə deyərdi:
– Bu gün opossum ovuna getməyəcəyik, elə deyil, ağa? Hələ bir balaca işim var.
– Bu gün kimin toyuğunu oğurlamağı düşünürsən? – deyə Qoca Dadli istehzalı təbəssümlə soruşardı.
– Deyəsən, bu gün ova mən də getməli olacağam, – deyə Reybi ağır-ağır ah çəkərdi.
Qoca Dadli tüfəngini çıxarıb sökər, Reybi hissələri təmizləyərkən ona mexanizmin necə işlədiyini izah edərdi. Sonra tüfəngi cəld bir hərəkətlə yenidən yığar, bununla da qaradərilini heyrətləndirərdi. Qoca Dadli Nyu-Yorku da Reybiyə beləcə başa salmaq istəyərdi. Ona şəhəri göstərə bilsəydi, Nyu-York Reybiyə bu qədər böyük görünməzdi – o da özünü əzilmiş, alçalmış hiss etməzdi. “O qədər də böyük deyil”, – deyərdi. “Qoy səni ruhdan salmasın, Reybi. Elə başqa şəhərlər kimidir, şəhərlər də o qədər mürəkkəb deyil”.
Amma belə deyildi. Nyu-York bəzən bir göz qırpımında qaynayıb-qarışan, gurultulu bir şəhərə çevrilirdi. Sonra birdən çirkli və cansız görünürdü. Qızı da normal bir evdə yox, bir-birinin eynisi olan, uzun sıra boyunca düzülmüş qırmızı və boz rəngli, toz-torpaqdan, hisdən qaralmış çoxmərtəbəli binalardan birində yaşayırdı. Bu binaların pəncərələrindən yorğun, əsəbi insanlar qarşıdakı evlərin pəncərələrinə baxır, oradan da eyni dərəcədə yorğun və əsəbi insanlar onlara baxırdılar. Binanın içində sakinlər pilləkənlərlə gah aşağı düşür, gah da yuxarı qalxırdılar. Uzun dəhliz metrəyə oşayırdı, qapılar isə metrənin bölgülərinə. Daddi ilk həftə binanın onu necə çaş-baş saldığını xatırladı. Səhərlər yuxudan oyananda elə bilirdi ki, dəhlizlər gecə ərzində dəyişib. Sanki bu uzun, eyni görünüşlü dəhlizlər daim yerini dəyişə bilərdi. Ancaq qapıdan baxanda yenə də qarşısında uzanıb gedən, itlərin qaçış sahələrini xatırladan dəhlizləri görürdü. Küçələr də eynilə belə idi. Qoca Dadli düşünürdü: görəsən, bu küçələrdən birini sonuna qədər getsə, özünü harada tapacaq? Bir gecə yuxuda gördü ki, nəhayət, küçənin sonuna çatıb. Küçə uzun, çoxmərtəbəli binanın qurtardığı yerdə bitirdi, ondan o tərəfdə isə bomboş bir uçurum açılırdı. İkinci həftə Qoca Dadli qızının, kürəkəninin və nəvəsinin varlığını daha çox hiss etməyə başladı: balaca mənzildə daim onların ayağına dolaşırdı. Kürəkəni ona qəribə adam təsiri bağışlayırdı. O, yük maşını sürücüsü idi və evə yalnız həftəsonları gəlirdi. “Yox” əvəzinə “nrç” deyirdi, opossumlar haqqında isə heç nə bilmirdi.
Qoca Dadli on altı yaşlı nəvəsi ilə eyni otaqda yatırdı. Onunla da söhbət etmək mümkün deyildi. Amma bəzən Qoca Dadli ilə qızı mənzildə tək qalanda qız oturub onunla danışırdı. Əvvəlcə söhbətə mövzu tapmaq üçün xeyli fikirləşirdi. Adətən, rahatca ayağa qalxıb başqa işlərlə məşğul olmağı münasib bildiyi vaxta qədər söhbət üçün seçdiyi mövzunu artıq bitirmiş olurdu. Belə olanda danışmaq növbəsi Qoca Dadliyə çatırdı. O isə həmişə əvvəllər demədiyi nə isə bir söz tapmağa çalışırdı. Qızı eyni şeyi ikinci dəfə dinləməyi sevmirdi. O, atasının ömrünün qalan hissəsini ağılını itirmiş qarılarla dolu, köhnə və bərbad bir pansionda deyil, ailəsinin əhatəsində keçirməsinə çalışırdı. Öz övladlıq borcunu yerinə yetirirdi. Bacı-qardaşlarından fərqli olaraq…
Bir dəfə qızı atasını özü ilə alış-verişə aparmışdı, amma Qoca Dadli çox ləng hərəkət edirdi. Onlar nəhəng bir mağaranı xatırladan yeraltı dəmir yolu stansiyasına – metroya düşdülər. İnsanlar qatar vaqonlarından dəstə-dəstə tökülüb pilləkənlərlə küçəyə qalxırdılar. Küçələrdən isə fasiləsiz insan axını pilləkənlərlə aşağı enir, qara, ağ və sarı rəngli qatarlara doluşurdu. Sanki şorbanın içindəki tərəvəzlər bir-birinə qarışırdı. Ətrafda insan dənizi köpürür, dalğalanırdı. Qatarlar gurultu ilə tunellərdən çıxır, platforma boyunca sürətlə irəliləyib qəfil dayanırdılar. Vaqonlardan düşən sərnişinlər minmək istəyən izdihamın arasından güclə keçirdilər. Qulaqlar uğultudan batır, qatar isə yenidən tuneldə gözdən itirdi. Qoca Dadli ilə qızı getmək istədikləri yerə çatmaq üçün üç müxtəlif qatara minməli oldular. Qoca Dadli insanların evdən niyə çıxdıqlarına məəttəl qalırdı. Sanki dili tutulmuşdu. Qızı izdihamın arasından özünə yol açır, Qoca Dadlini isə qolundan tutub arxasınca çəkirdi. Onlar dəmir yolu ilə də getdilər. Qızı bu nəqliyyat növünü “yerüstü” adlandırırdı. Qatara minmək üçün pilləkənlərlə hündür platformaya qalxmalı oldular. Qoca Dadli məhəccərdən boylandı. Aşağıda insanlar və avtomobillər sürətlə keçib gedirdi. Başı gicəlləndi. Bir əli ilə məhəccərdən yapışıb gücsüz halda platformanın taxta döşəməsinə çökdü. Qızı çığıraraq onu kənara çəkdi:
– Neynirsən? Yıxılıb ölmək istəyirsən?
Qoca Dadli döşəmənin taxtaları arasındakı yarıqdan küçədə şütüyən avtomobilləri görürdü.
– Mənə fərqi yoxdur, – deyə mızıldandı. – Ölüm ya sağ qalım, heç bir əhəmiyyəti yoxdur.
– Gəl gedək, – qızı dedi. – Evdə özünü daha yaxşı hiss edərsən.
– Evdə? – deyə o təkrar etdi. Çöldə maşınlar ritmik şəkildə hərəkət edirdi.
– Tələs, – qızı dedi. – Bax, bizim qatar gəldi. Az qala gecikirdik.
Onlar bütün qatarlara güclə yetişirdilər. Bu dəfə də minə bildilər. Çoxmərtəbəli binaya, oradan da mənzilə qayıtdılar. Dar mənzildə insanın tək qalmağa yeri yox idi. Mətbəxdən hamama, hamamdan isə bir-birinə bitişik digər otaqlara keçirdin. Beləcə, dairə vurub yenidən başladığın yerə qayıdırdın. Halbuki əvvəlki pansionun ikinci mərtəbəsi vardı, yarımzirzəmisi, yaxınlığında çay, univermağın qarşısında isə işgüzar məhəllə… Lənətə gəlsin bu boğazda düyünlənən qəhəri!
Bu gün ətirşahı pəncərəyə gec qoymuşdular. Saat onun yarısında. Halbuki adətən onu saat ona on beş dəqiqə qalmış qoyardılar. Dəhlizdən bir qadının anlaşılmaz sözlər qışqırdığı eşidildi. Radiodan köhnəlmiş melodiyalı bir radio-serialın musiqisi gəlirdi. Zibil qabı yanğın pilləkənindən tappıltı ilə aşağı düşdü. Qonşu mənzilin qapısı çırpıldı və daban səsləri dəhliz boyunca eşidildi.
– Yəqin, qaradərilidir, – deyə Qoca Dadli mızıldandı. – Laklı ayaqqabılar geyinmiş həmin qaradərili.
Qoca Dadli qızının yanında yaşamağa başlayandan bir həftə sonra qonşu mənzilə bir qaradərili köçmüşdü. Həmin cümə axşamı Qoca Dadli qapının ağzında dayanıb stadionun qaçış zolağını xatırladan dəhlizə baxırdı. Bu zaman qonşu mənzilə bir qaradərili girdi. Əynində zolaqlı boz kostyum, boynunda qəhvəyi qalstuk vardı. Boynunun altında ağappaq, ütülü yaxalığının səliqəli xətti aydın görünürdü. Ayaqqabıları da qalstuku və dərisinin rəngi ilə eyni çalarda olan qəhvəyi rəngdə idi, elə parıldayırdı ki, göz qamaşdırırdı. Qoca Dadli başının arxasını qaşıdı. Ağlına gəlməzdi ki, bu qədər adamın yaşadığı çoxmənzilli binaların sakinlərinin xidmətçi saxlamağa da imkanı olur. Xısın-xısın güldü. Görəsən, bayram paltarında olan qaradərili nəyə lazım idi? Bəlkə, bu qaradərili ətrafdakı meşələri yaxşı tanıyırdı, heç olmasa, ora necə getməyi bilirdi. Bəlkə, birlikdə ova çıxardılar. Bəlkə, bir çay da tapdılar. Qoca Dadli qapını çırpıb qızının otağına keçdi.
– Heyy! – deyə səsləndi. – Bizim qonşular qaradərili saxlayırlar. Yəqin, ev işlərini görür. Səncə, hər gün gələcək?
Yatağı səliqəyə salan qızı başını qaldırıb ona baxdı.
– Nə danışırsan?
– Deyirəm ki, qonşularımızın qaradərili xidmətçisi var. Əynində bayram kostyumu var idi.
Qızı çarpayının o tərəfinə keçdi.
– Axı sənə deyirəm, qaradərili gördüm. – Qoca Dadli astadan gülümsədi. – Bizim yanımızdakı qapıdan içəri girdi. Əynində qalstuk, ağ yaxalıq, ayağında isə ucu sivri ayaqqabılar vardı.
– Ora giribsə, deməli, orada yaşamaq istəyir, – qızı mızıldandı.
Sonra güzgülü masanın yanına keçib üstündəki xırda əşyaları yerbəyer elədi. Qoca Dadli güldü. Qızı istəyəndə zarafat etməyi bacarırdı.
– Yaxşı, – dedi. – Gedim görüm, onun istirahət günləri hansı günlərə düşür. Əgər balıq tutmağı sevirsə, bəlkə, onu özümlə getməyə razı saldım. Bunu deyib iki iyirmi beş sentliyi cibində şaqqıldatdı. Qoca Dadli dəhlizə çıxmağa macal tapmamış qızı arxasınca gəlib onu içəri saldı.
– Sən ümumiyyətlə, sənə deyilənləri eşidirsən? – deyə qışqırdı. – Mən zarafat etmirəm. Əgər qaradərili ora giribsə, deməli, mənzili özü üçün kirayələyib. Onun yanına gedib heç nə demə. Mənə qaradərililərlə problem yaşamaq lazım deyil!
– Yəni o səninlə qonşu olacaq? – Qoca Dadli kəkələyə-kəkələyə soruşdu.
Qızı çiyinlərini çəkdi.
– Görünür. – Sonra əlavə etdi: – Sən öz işinlə məşğul ol də. Ondan uzaq dur.
O məhz belə demişdi. Elə bil qarşısında axmaq var. Qoca Dadli buna etiraz etdi. Ağzını açmışdı ki, qızı onun nə demək istədiyini dərhal anladı.
– Sən başqa cür tərbiyə almısan! – deyə gur səslə qışqırdı. – Sən özünü səninlə bərabər tutan qaradərililərlə bir yerdə yaşamağı doğru hesab etmirsən. Səncə, mən belələri ilə oturub-duraram? Onlarla ünsiyyətin mənə xoş gəldiyini düşünürsənsə, deməli, ağlını itirmisən!
Qoca Dadli susmağa məcbur oldu, çünki boğazında yenə qəhər düyünlənmişdi. Qızı başını dik tutub dedi ki, onlar yalnız imkanlarının çatdığı yerdə yaşayır və bütün narahatlıqlara dözməli olurlar. Özü də bunu necə öyüd-nəsihət verən bir səslə söylədi! Sonra susdu və başını dik tutaraq otaqdan çıxdı. Bax, belə idi o. Həmişə özünü haqlı, qüsursuz göstərirdi: çiyinləri dik, çənəsi yuxarıda. Elə bil atası tamam ağlını itirmişdi. Qoca Dadli bilirdi ki, binadakı digər adamlar qaradərililərin öz evlərinə ön qapıdan daxil olmasına, divanlarında əyləşməsinə icazə verirlər. Amma düzgün tərbiyə almış öz qızının qaradərililərlə qonşu yaşayacağını, üstəlik, atasının onlarla ünsiyyət quracaq qədər ağılsız olduğunu düşünəcəyini heç ağlına gətirməzdi. Hələ onun özü! Qoca Dadli ayağa qalxıb o biri kreslonun üstündən qəzet götürdü. Qızı yenidən otağa girəndə özünü qəzet oxuyurmuş kimi göstərəcəkdi. Qızının onun üçün hansısa məşğuliyyət fikirləşməyə özünü borclu hiss etməsini istəmirdi. Qəzetin üstündən qarşıdakı pəncərəyə baxdı. Ətirşahı hələ də qoymamışdılar. Heç vaxt bu qədər gecikməmişdilər. Ətirşahı ilk dəfə gördüyü gün də elə bu kresloda oturub qarşıdakı pəncərəyə baxırdı. Sonra səhər yeməyindən nə qədər vaxt keçdiyini bilmək üçün qol saatına baxmışdı. Gözlərini yenidən qaldıranda isə ətirşahı görmüşdü. Bu onu bir qədər sarsıtmışdı. Qoca Dadli çiçəkləri sevmirdi, amma bu ətirşah çiçəyə bənzəmirdi. O, Qrizbinin poliomielit xəstəsi olan oğlunu xatırladırdı. Rəngi pansionun qonaq otağında asılmış pərdələrin rəngində idi, üzərindəki lent isə Lutişanın bayram paltarındakı lenti xatırladırdı. Lutişa paltarlarını müxtəlif lentlərlə bəzəməyi sevirdi. “Qaradərililərin çoxu belədir”, – deyə Qoca Dadli düşündü. Qızı yenidən otağa girdi. Ona yaxınlaşanda Qoca Dadli qəzet oxuyurmuş kimi davrandı.
– Səndən bir şey xahiş edə bilərəm? – deyə qızı soruşdu.
Qoca Dadli ümid edirdi ki, qızı onu ərzaq mağazasına göndərməyəcək. Keçən dəfə yolu azmışdı. Buradakı bütün evlər tozla örtülü idi və hamısı bir-birinə bənzəyirdi. Başını tərpədib razılığını bildirdi.
– Üçüncü mərtəbəyə düşüb xanım Şmitdən Cek üçün tikdiyi köynəyin biçim qəlibini bir müddətlik mənə verməsini xahiş et.
Görəsən, niyə onu rahat buraxıb sakitcə oturmasına imkan vermirdi? Axı qızına heç bir köynək qəlibi lazım deyildi.
– Yaxşı, – dedi. – Onun mənzilinin nömrəsi neçədir?
– On. Bir sözlə, düz bizim altımızdadır, üç mərtəbə aşağıda.
Qoca Dadli dəhlizin qaçış zolağını xatırladan uzunluğu boyunca gedərkən qapılardan birinin qəfildən açılacağından və pəncərə qırağında iç geyimi ilə oturan, lovğa adamlardan birinin onun üstünə qırqıracağından qorxurdu: “Sən burada neynirsən?” Qaradərilinin mənzilinin qapısı açıq idi. Qoca Dadli pəncərənin yanındakı kresloda əyləşmiş bir qadın gördü. “Qonşuluqdakı qaradərililər”, – deyə mızıldandı. Qadının çərçivəsiz eynəyi vardı. “Eynəksiz qaradərililər özlərini çılpaq hiss edirlər”, – deyə düşündü. Lutişanın eynəyini xatırladı. O, eynək almaq üçün on üç dollar toplamışdı. Sonra gözlərini müayinə etdirmək və hansı şüşələri sifariş verməli olduğunu öyrənmək üçün həkimə getmişdi. Həkim ona içərisində heyvan şəkilləri olan lövhələrə güzgünün içindən baxmağı tapşırmış, sonra gözlərinə işıq salaraq sanki başının içinə nəzər yetirmişdi. Axırda isə eynəyə ehtiyacı olmadığını demişdi. Lutişa o qədər əsəbiləşmişdi ki, üç gün dalbadal qarğıdalı çörəyini yandırmışdı. Amma axırda yenə də ucuz bir mağazadan eynək almışdı. Eynək ona bir dollar doxsan səkkiz sentə başa gəlmişdi və o, yalnız həftəsonları taxırdı. “Bəli, qaradərililər belədir”, – Qoca Dadli güldü. Birdən ucadan danışdığını anladı və qorxuyla əlini ağzına apardı. Binanın sakinlərindən kimsə onu eşidə bilərdi.
Birinci pilləkənlə aşağı düşdü. İkinci mərtəbəyə enərkən yuxarı qalxan addım səsləri eşitdi. Məhəccərdən aşağı boylanıb ona tərəf qalxan bir qadın gördü. Önlük geyinmiş, kök bir qadın idi. Yuxarıdan baxanda əvvəlki qonşusu xanım Bensona bənzəyirdi. “Görəsən, mənimlə danışacaq?” – deyə Qoca Dadli düşündü. Aralarında cəmi dörd pillə qalmışdı. Qadına ötəri nəzər saldı, amma qadın ona baxmırdı. Yan-yana çatanda qadın bir anlıq gözlərini qaldırıb ona soyuq nəzərlərlə baxdı. Sonra yanından keçib getdi. Ağzından bir kəlmə də çıxmadı. Qoca Dadlinin mədəsinin üst tərəfi sancıdı. O, dörd mərtəbə aşağı düşdü. Sonra bir mərtəbə qalxıb on nömrəli mənzili tapdı. Xanım Şmit dedi:
– Yaxşı, bir dəqiqə gözləyin, indi qəlibi gətirərəm.
Qəlibi qapıya gətirmək üçün oğlanlarından birini göndərdi. Uşaq heç nə demədi. Qoca Dadli yenidən yuxarı qalxmağa başladı. Bu dəfə daha asta. Pilləkənlə qalxanda çox yorulurdu. Əslində, o, daim özünü yorğun hiss edirdi. Əvvəllər bütün işlərinin dalınca Reybi qaçırdı. Onun yüngül, səssiz addımları vardı. İstənilən toyuq hininə sakitcə girib ən kök cücəni götürə bilərdi. Hətta toyuqlar bunu fərqinə varsalar belə, qaqqıldamağa cürət etməzdilər. Üstəlik, Reybi sürətlə yeriyirdi. Dadli isə həmişə tısbağa kimi sürünürdü. Kök adamlar, ümumiyyətlə, ləng və ağır tərpənirlər. O, bir dəfə Reybi ilə Molton yaxınlığında kəklik ovuna çıxdıqlarını xatırladı. Özləri ilə elə bir ov iti aparmışdılar ki, meşədə kəklik sürüsünü ən yaxşı cins ingilis pointerindən də tez tapa bilirdi. Vurulmuş quşu ovçuya gətirməyi bacarmırdı, amma kəklikləri həmişə tapır, sonra da quşlara nişan alana qədər hərəkətsiz dayanıb ov vəziyyətini saxlayırdı. O gün də it yerində daşa dönmüşdü.
– Deyəsən, orada böyük sürü var, – deyə Reybi pıçıldadı. – İt quşların iyini hiss edib.
Qoca Dadli tüfəngini yavaşca qaldırdı. Yer şam ağaclarının sürüşkən iynəyarpaqları ilə başdan-başa örtüldüyündən ehtiyatla addımlayırdı. Reybi ağırlığını gah bir ayağına, gah da o birinə keçirir, ayaqlarını mum kimi parıldayan iynəyarpaqların üzərinə qeyri-ixtiyari bir ehtiyatla basırdı. İrəli baxıb addımlarını sürətləndirdi. Qoca Dadli bir gözü ilə qabağa, o biri ilə ayaqlarının altına baxırdı. Ayağı sürüşsə, aşağı yuvarlanacaq və bərk əziləcəkdi.
– Ağa, qoy bu gün mən atəş açım, – deyə Reybi təklif etdi. – Bazar ertəsi olanda onsuz da güclə tərpənirsiniz. Yamacda yıxılsanız, təsadüfən atəş açıb bütün quşları qorxudarsınız.
Qoca Dadli kəklik sürüsünə çatmaq istəyirdi. Onları asanlıqla vura bilərdi – Heç yana qaçan deyillər, – deyə mızıldandı.
Tüfəngi çiyninə qaldırıb bütün bədəni ilə irəli əyildi. Elə bu an ayağı sürüşdü və arxası üstə yerə yıxıldı. Tüfəngdən atəş açıldı, qorxuya düşən kəkliklər havaya dağılışdılar.
– Gül kimi quşları əldən verdik, – deyə Reybi ah çəkdi.
– Eybi yoxdur, başqa sürü taparıq, – Qoca Dadli dedi. – Gəl görüm, məni bu lənətə gəlmiş çuxurdan çıxart.
Yıxılmasaydı, o quşlardan beşini birdən vura bilərdi. Hasarın üstündə düzülmüş boş konserv bankalarını vurub yerə salan kimi onları da bir-bir yerə sərərdi. Bir əlini qulağına tərəf çəkib, digərini irəli uzatdı. Bum!
Pilləkəndə ayaqqabıların sürtünmə səsini eşidən kimi qəfil dönüb baxdı. Hələ də əlində xəyali tüfəng tutmuşdu. Qarşısına qonşu mənzildə yaşayan qaradərili çıxmışdı. Onun bığları səliqə ilə kəsilmişdi, üzünə qəribə bir təbəssüm yayılmışdı. Qoca Dadlinin ağzı açıq qaldı. Qaradərilinin dodaqları aşağı dartılmışdı, sanki gülməyini güclə saxlayırdı. Qoca Dadli yerində donub qaldı. Kişinin ağ yaxalığı ilə dərisinin rəngi bir-birindən kəskin fərqlənirdi.
– Nə ovlayırsan, qoca dost? – deyə qaradərili soruşdu. Səsində qaradərililərə xas sadəlövh bir gülüşlə ağdərililərə xas yüngül istehza qəribə şəkildə birləşirdi.
Qoca Dadli özünü əlində su tapançası tutmuş balaca uşaq kimi hiss etdi. Ağzı açıq qalmışdı, dilini belə tərpədə bilmirdi. Dizləri büküldü, ayaqları sürüşdü və o, üç pillə aşağı sürüşərək ağır bir şəkildə arxası üstə oturdu.
– Ehtiyatlı olun, – qaradərili dedi. – Yoxsa bərk əzilərsiniz. O, Qoca Dadliyə ayağa qalxmağa kömək etmək üçün əlini uzatdı. Ovucu dar, barmaqları uzun idi. Təmiz dırnaqları səliqə ilə kəsilmişdi. Qoca Dadli pilləkəndə oturmuş, əllərini dizlərinin arasından sallamışdı. Qaradərili onun qolundan tutub ayağa qaldırmağa çalışdı.
– Uf! – deyə nəfəsini dərdi. – Ağır adamsan. Bir az da özün kömək elə.
Qoca Dadli irəli əyilərək çətinliklə ayağa qalxdı. Qaradərili hələ də onun qolundan tutmuşdu.
– Mən onsuz da yuxarı qalxıram, – dedi. – Elə səni də ötürərəm.
Qoca Dadli qorxu içində ətrafına göz gəzdirdi. Arxasındakı pilləkənlər sanki bir-bir üzünə bağlanırdı. O, qaradərili ilə birlikdə pilləkənlərlə qalxırdı. O, üstündə qara xalları olan boz corablar geyinmişdi. Qaradərili hər pillədə dayanıb səbirlə onu gözləyirdi.
– Qoca dost, deməli, sən ovçusan? – deyə qaradərili dilləndi. – Bir dəqiqə, qoy yadıma salım. Bir dəfə maral ovuna çıxmışdım. Səhv xatırlamırsa, otuz səkkizlik kalibrli “Dodson”dan istifadə edirdik. Bəs sən hansı tüfəngdən istifadə edirsən?
Qoca Dadli parıldayan qəhvəyi ayaqqabılara dalğın-dalğın baxırdı.
– Mən tüfəngdən istifadə edirəm, – deyə kəkələdi.
– Mən, əslində, ovlamağı sevmirəm, amma əyləncə üçün atəş açmağı xoşlayıram, – qaradərili dedi. – Heç vaxt özümdə öldürmək istəyi duymamışam. Heyvanları öldürməyə heyifim gəlir. Amma vaxtım və pulum olsa, silah kolleksiyası yığmaqdan məmnun olardım.
O, hər pillədə dayanıb Qoca Dadlinin həmin pilləyə qalxmasını gözləyirdi. Odlu silahlardan, tüfəng sistemlərindən danışırdı. Nəhayət, pilləkən meydançasına çatdılar. Qaradərili Qoca Dadlinin qolundan tutaraq dəhliz boyunca irəlilədi. Yəqin, kənardan baxanlara qol-qola getdikləri təsiri bağışlayırdılar. Qoca Dadlinin qapısına çatdılar.
– Sən buralı deyilsən, hə? – deyə qaradərili soruşdu.
Qoca Dadli gözlərini qapıya dikərək başını buladı. O, hələ də qaradərilinin üzünə baxmamışdı. Pilləkənlə qalxdıqları müddətdə bircə dəfə də olsun ona baxmamışdı.
– Nə olsun, – qaradərili dedi. – Bura böyük şəhərdir, sadəcə, öyrəşmək lazımdır.
O, Qoca Dadlinin kürəyinə yüngülcə vurub öz mənzilinə girdi. Qoca Dadli isə öz mənzilinə keçdi. Boğazında düyünlənmiş ağrı indi bütün üzünə yayılmış, gözlərindən axıb tökülürdü. Pəncərənin yanındakı kreslosuna sarı sürünə-sürünə gedib özünü ora yıxdı. Qaradərilini düşündükcə sanki boğazı partlayacaqdı – lənətə gəlmiş qaradərili onun kürəyinə vurmuş, bir də üstəlik, ona “qoca” demişdi! Halbuki o, belə səmimiyyətə yol verməyin yolverilməz olduğunu bilən adam idi. Onun gəldiyi şəhərdə belə şeylər heç vaxt baş verə bilməzdi. Göz yuvalarında qəribə bir təzyiq hiss edirdi. Sanki gözləri şişirdi və bir dəqiqədən sonra yuvalarından çıxacaqdı. O, burada, qaradərililərin adama belə sərbəst şəkildə “qoca” deyə bildikləri bu yerdə tələyə düşmüşdü. Xeyr, o, bu tələdən qurtulacaqdı. Qurtulacaqdı. Qoca Dadli başını kreslonun söykənəcəyinə ataraq həddindən artıq kök boynunu uzatdı. Qarşıdakı pəncərədə – ətirşahın yerində bir kişi dayanıb düz ona baxırdı. Kişi onun ağladığını görürdü. Onun gözyaşlarına baxır, boğazındakı düyünün boğulacağı anı gözləyirdi. Qoca Dadli ona baxdı. Ora ətirşahın yeri idi. Yarıçılpaq bir kişinin yox, ətirşahın.
– Ətirşah hanı? – Dadli təngnəfəs halda dilləndi.
– Niyə ağlayırsan? – kişi soruşdu. – İlk dəfədir bir kişinin belə ağladığını görürəm.
– Ətirşah hanı? – deyə Qoca Dadli xırıltılı səslə yenidən soruşdu. – Burada sən yox, ətirşah durmalı idi.
– Bura mənim pəncərəmdir, – kişi cavab verdi. – İstədiyim vaxt burada dayanmağa tam haqqım var.
– Bəs o hanı? – deyə Qoca Dadli çığırdı. Güclə də olsa, hələ ki sözlərini dilləndirə bilirdi.
– Madam bu səni belə çox maraqlandırır, yaxşı. Dibçək yerə düşüb sınıb, – kişi dedi.
Qoca Dadli çətinliklə kreslodan qalxıb pəncərədəm aşağı baxdı. Altıncı mərtəbənin hündürlüyündən səkiyə səpələnmiş dibçək qırıntılarını, dağılmış torpağın tünd ləkəsini və yaşıl lentlə bağlanmış çəhrayı bir şey gördü. Altı mərtəbə aşağıda. Ətirşah altıncı mərtəbədən düşmüşdü. Qoca Dadli saqqız çeynəyən və onun boğazının qəzəbdən partlamasını gözləyən kişiyə baxdı.
– Onu pəncərənin kənarına bu qədər yaxın qoymamalıydın, – astadan dilləndi. – Niyə gedib onu götürmürsən?
– Bəs sən niyə götürmürsən, ay qoca?
Qoca Dadli ətirşahın yerində dayanan kişiyə gözlərini zillədi.
O, götürərdi. Gedib çiçəyi götürərdi. Ətirşahı pəncərəsinin qabağına qoyub bütün günü ona baxardı. Qoca Dadli pəncərədən üzünü çevirib otaqdan çıxdı. Dar keçidlə yavaş-yavaş irəliləyib pilləkənlərə çatdı. Pilləkənlər döşəmədə açılmış dərin bir yara kimi aşağı enirdi. Dar bir boşluqdan mağara kimi açılır, getdikcə daha da aşağı uzanırdı. O, bir az əvvəl həmin pilləkənlərlə qaradərilidən bir qədər arxada yuxarı qalxmışdı. Kişi onu ayağa qaldırmaq üçün qolundan tutmuş, öz qolunu onun qoluna keçirmiş və birlikdə pilləkənləri qalxmışdı. Yolboyu ona maral ovladığını söyləmişdi, “qoca dost”, deyə müraciət etmişdi. Onun ayaqqabıları par-par parıldayırdı. O, gülməmək üçün özünü güclə saxlayırdı, amma bütün bu mənzərə gülüş doğururdu. Yəqin, buradakı hər pillədə parıldayan ayaqqabılar, qara xallı boz corablar geyinmiş, gülməyini güclə saxlayan qaradərililər dayanmış olacaqdı. Pilləkənlər getdikcə daha da aşağı enirdi. O, aşağı düşüb qaradərililərin onu kürəyindən sığallamasını istəmirdi. Otağa qayıtdı, yenidən pəncərənin önünə keçdi və səkidəki ətirşaha baxdı.
Qonşu kişi ətirşahın yerində dayanmışdı.
– Görürəm, gedib çiçəyi götürməyə tələsmirsən, – dedi.
Qoca Dadli gözlərini kişiyə zillədi.
– Mən səni daha öncə də görmüşəm, – qonşu kişi dedi. – Hər gün öz köhnə kreslonda oturub mənim pəncərəmi güdürsən. Mənzilimdə nə işlə məşğul olmağım öz şəxsi işimdir. Başa düşdün? Kiminsə mənim həyatımı izləməsi xoşuma gəlmir.
Ətirşah dalanın aşağısında, kökləri havaya çevrilmiş vəziyyətdə uzanıb qalmışdı
– Mən sözü adama bir dəfə deyirəm, – kişi bunu deyib pəncərədən uzaqlaşdı.
***
[1] İngilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi.
[2] Əsasən, Şimali və Cənubi Amerikada yayılan, kisəli məməlilər sinfinə (Didelphidae ailəsi) aid olan tiftikli, uzun quyruqlu və kisəli kiçik/orta ölçülü canlıdır.



