Günel Natiqqızı • Köşə Yazıları • Xəbərlər

Qaçaqlar

“Qaç yenə gizlən

Görməsin gözlərin”

Xəzrini salamlayan narın yağış nəhayət payızın ruhunu hiss etdirir. Payızın gəlişi həmişə insanda qəribə bir köç əhvalı yaradır. Sanki ruhumuz öz içindəki isti guşədən başqa yerə köçmək, tələsmək istəyir. Yağışın güclənəcəyini hiss edən şəhər sakinləri addımlarını sürətləndirirlər. Hər kəs yağışdan, islanmaqdan, bəlkə də düşüncələrindən qaçmağa çalışır. Bu qaçış mənə dostumla aramızda keçən dialoqdan olan cümlələrdən birini xatırladır:

Ümumiyyətlə, qaçmaq heç bir halda yaxşı şey deyil…

Düşünürəm. Çoxumuz həyat hekayəmizdə ən azı bir dəfə qaçaq olmuşuq. Bəzən özümüzdən, bəzən də verilən sözlərdən, dürüstlüklərdən qaçaraq. Hətta başqalarının ömründə belə qaçaq obrazına çevrilənlər olub. Qorxularını, etiraf edə bilmədiyi həqiqətlərin izini itirmək üçün. Ancaq nə özümüzdən, nə də içimizdəki vicdanın gözündən qaçmaq çıxış yolu deyil. Çünki qaçdığımız hisslər, üstünü örtdüyümüz sözlər gün gəlir bumeranq kimi qayıdıb bizi tapır. Bu qayıdış isə qəlbimizdə də, zehnimizdə də sağalmaz yaralar açır. Qaçdıqca uzaqlaşdığımızı zənn etsək də, əslində, hər addımda daha dərindən özümüzə ilişib qalırıq.

Həyatdakı ən ağır, ən çarəsiz qaçışlardan biri də məhz kədərlə göz–gözə gələndə baş verir. Bu duyğular mənə anamın sədasının telefon ekranındakı səsli mesajlara, “mətbəx qeydləri”nə çevrildiyi gündən bəri çox tanışdır. Doğmanı bir daha cismən görə bilməyəcəyin həqiqəti qarşısında o qorxudan, yandırıcı yoxluqdan qaçmaq istəyi… Günlərlə, aylarla bitməyən qaçış.

Amma bir gün həqiqətlə baş–başa qalmağa, üzləşməyə gücün çatanda dərk edirsən ki, o yaralar başqasının deyil, elə sənin öz ruhunun naxışlarıdır. “Təhminə” filmində Fəxrəddin Manafovun monoloqundakı o acı gerçəklik payını o zaman daha dərindən anlaya bilirsən. İnsanı illüziyalardan ayırıb sərt reallığa qaytaran, sənə həqiqəti bəzəksiz, olduğu kimi göstərən tək yer isə bir ovuc torpaq olur. Hər şeyin bitdiyi və hər şeyin gerçəkləşdiyi nöqtə.

“Heç bir təyyarə, heç bir uzaq gəmi insanı özündən uzaqlaşdıra bilməz. Lap dünyanın o başına getsən də, öz keçmişindən, içindəki o sükutdan ayrıla bilməzsən. Hərdən mənə elə gəlir ki, uşaqlığım, o xatirələr aradan yüz il keçib, elə uzaqdadır. Hərdən də elə bilirəm ki, hər şey dünən olub – lap dünən, sanki hələ də o mətbəxin pəncərəsindən yağışın səsi gəlir”.

Nəhayət, yağışlı gündə ilk izlərini qoyduğum “qaçaqlar”ı günəşli gündə sonlandıra bilirəm. Yazının taleyi onun adının haqqını verən o qaçışa bənzəyib lap. Fəsillər dəyişir, içimizdəki qorxular solur. Birdən uzaqdan platformadakı qatarların tərpəndiyini görürəm. Fikrimdən keçir: görəsən, bu vəziyyətdə qaçaq yox, qoçaq olmaq mümkündür?

Elə ağlımdakı bu düşüncə ilə qatara çatıram. “Qaçaqlar”a son cümlələrimi qeyd edirəm:

Bəzən itirməmək üçün qaçmaq da lazımdır… Çatmaq ehtimalımız olan işıqlı fürsətlərə, bir də bizə bu dünyada sadəcə biz olduğumuz üçün qucaq açan əllərə.

Bakı, 13 noyabr, 2026-cı il