Xəbərlər

Azərbaycanın Zəfər Günü Sofiyada qeyd olunub

Azərbaycanın Bolqarıstandakı səfirliyində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi tədbir keçirilib.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Bolqarıstanda akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, Bolqarıstan Parlamentinin deputatları, rəsmi şəxslər, ictimai-siyasi və mədəniyyət xadimləri, jurnalistlər, eləcə də yerli ictimaiyyətin və Azərbaycanın Bolqarıstandakı diasporunun təmsilçiləri iştirak ediblər.

Səfir Elmar Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyətini vurğulayaraq, bu tarixi Qələbənin xalqımızın birliyinin, milli iradəsinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsi olduğunu qeyd edib.

Çıxışda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə, müasir infrastrukturun yaradılmasına, şəhər və kəndlərin yenidən qurulmasına, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına toxunulub. Bu ərazilərdə həyatın bərpası, minalardan təmizləmə və Böyük Qayıdış Proqramının həyata keçirilməsi Azərbaycanın əsas prioritetlərindən biri kimi qeyd edilib.

Azərbaycanın təşəbbüsü ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində aparılan proseslərə də diqqət çəkilib.

Tədbirin sonunda qonaqlar Azərbaycan milli mətbəxinin nümunələrinin təqdim olunduğu ziyafətdə iştirak ediblər.