Ədəbiyyat • Mədinə Məcidli • Xəbərlər

Əsrləri aşan söz və düşüncə dünyası

Fransız ədəbiyyatı dünya mədəniyyətinin ən zəngin ədəbi irslərindən biridir. Əsrlər boyu fransız yazıçıları sevgi, azadlıq, ədalət, insan taleyi və cəmiyyətin problemlərini əsərlərində əks etdiriblər. Bu ədəbiyyatın əsas xüsusiyyəti insanın daxili dünyasını və mənəvi mübarizəsini dərindən təsvir etməsidir.
XVII əsrdə Molyer “Xəsis” əsəri ilə insan xislətindəki tamahkarlığı və cəmiyyətin qüsurlarını satirik şəkildə tənqid edirdi. XVIII əsrdə Volter və Jan-Jak Russo kimi mütəfəkkirlər azadlıq, bərabərlik, insan hüquqları və ədalət ideyalarını ön plana çəkdilər. Onların düşüncələri Avropa maarifçiliyinin inkişafına mühüm təsir göstərdi. XIX əsr fransız ədəbiyyatının ən parlaq dövrlərindən hesab olunur. Viktor Hüqonun “Səfillər” romanı mərhəmət, vicdan və sosial ədalətsizlik mövzularını əhatə edir. Onore de Balzak “Qorio ata” əsərində ailə münasibətlərini və pulun insan xarakterinə təsirini araşdırır. Aleksandr Dümanın “Qraf Monte-Kristo” romanı intiqam, sədaqət və ədalət haqqında unudulmaz əsərlərdən biridir. Qustav Floberin “Madam Bovari” romanı isə insanın xəyalları ilə reallıq arasındakı ziddiyyəti göstərir.
XX əsrdə Alber Kamyu, Jan-Pol Sartr, Marsel Prust və Antuan de Sent-Ekzüperi fransız ədəbiyyatına yeni fəlsəfi istiqamətlər gətirdilər. Kamyunun “Yad” əsəri insanın cəmiyyətə yadlaşmasını və həyatın mənasını, Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri isə dostluq, sevgi və məsuliyyət anlayışlarını araşdırır. Xüsusilə “Balaca şahzadə” həm uşaqların, həm də böyüklərin yaddaşında xüsusi yer tutur. Fransız qadın yazıçılarından Simone de Bovuar da ədəbiyyat və fəlsəfə tarixində mühüm mövqeyə sahibdir. Onun “İkinci cins” əsəri qadınların cəmiyyətdəki mövqeyini, azadlığını və bərabərlik məsələlərini geniş şəkildə işıqlandırır.
Fransız ədəbiyyatının əsrlər boyu sevilməsinin əsas səbəbi insan həyatının dəyişməyən suallarına toxunmasıdır. Sevgi, xəyanət, azadlıq, vicdan və ədalət haqqında yazılmış əsərlər zaman keçsə də, aktuallığını qoruyur. Fransız yazıçıları oxucuya yalnız hadisələri danışmır, onu düşünməyə, özünü və ətrafındakı dünyanı daha dərindən anlamağa dəvət edirlər.

Viktor Hüqo

Sevgi ağac kimidir: öz-özünə böyüyür, varlığımızın dərinliklərinə kök salır və viran qalmış bir qəlbin üzərində belə çiçəklənməyə davam edir. Onun anlaşılmaz tərəfi budur ki, nə qədər kor-koranədirsə, bir o qədər inadkardır. Sevgi heç vaxt tamamilə məntiqsiz olduğu an qədər güclü olmur.

Fransuaza Saqan

İnsanlara vermək istədiyim suallar bunlar olardı: “Aşiqsinizmi? Hansı kitabı oxuyursunuz?”

Gi de Mopassan

Həyatda yalnız bir gözəl şey var, o da sevgidir.

Marqarit Düras

Həyatda yalnız bir gözəl şey var, o da sevgidir.

Antuan de Sent-Ekzüperi

Sən gözəlsən, amma daxilən boşsan… Heç kim sənin uğrunda ölməzdi. Əlbəttə, adi bir yolçu mənim gülümü sənin kimi görərdi. Amma mənim gülüm təkbaşına hamınızdan daha dəyərlidir. Çünki onu mən sulamışam. Şüşə örtüyün altına qoyduğum, küləkdən qoruduğum odur. Tırtıllarını məhv etdiyim də odur (iki-üç kəpənək istisna olmaqla). Şikayət edəndə, öyünəndə, hətta susanda belə dinlədiyim odur. Çünki o, mənim gülümdür.

Alber Kamü

Qışın ən sərt çağında nəhayət anladım ki, içimdə məğlubedilməz bir yay gizlənib.