Xəbərlər

H.Z.Şirvaninin “Səyahət bağları” adlı kitabı nəşr edilib

Səyyah, şair, etnoqraf, filosof, coğrafiyaşünas alim Hacı Zeynalabdin ibn İsgəndər Şirvani Nemətullahinin (1780–1838) “Riyaz əs-siyahət” (“Səyahət bağları”) adlı kitabı nəşr edilib.

“Füyuzat”ın məlumatına görə, azərbaycanlı tarixçi A.A.Bakıxanov, rus tarixçisi akademik B.A.Dorn, rus şərqşünası N.B.Xanıkov, azərbaycanlı maarifçi F.Köçərli, rus səyyahı Nikolay Mikluxa-Maklay, fransız şərqşünası Anri Massenin böyük qiymət verdiyi bu əsərin II hissəsinin I cildi artıq doğma dilimizə tərcümə edilərək oxucuların ixtiyarına verilib.

Əsər fars dilindən Azərbaycan dilinə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Şahin Yəhyayev tərəfindən tərcümə edilib. Tərcümə edilmiş əsərin elmi redaktoru coğrafiya elmləri doktoru professor Zakir Eminov, rəyçiləri isə tarix elmləri doktoru professor Şahin Fazil və tarix elmləri doktoru Vasif Qafarovdur.

Şirvani Nemətullahi özünün “Riyaz əs-siyahət”, “Hədayiq əs-siyahət” və “Bustan əs-siyahət” adlı əsərlərində Asiya, Avropa və Afrika xalqlarının mədəniyyəti, ictimai fikri, fəlsəfəsi, ədəbiyyatı və tarixi haqqında qiymətli məlumatlar verib. Şirvaninin ilk qələmə aldığı “Riyaz əs-siyahət” əsəri Abbasqulu Ağa Bakıxanovun da xüsusi diqqətini cəlb etmiş və onu “zəngin və faydalı xəzinə” kimi qiymətləndirmişdir. Akademik B.A.Dorn “Riyaz əs-siyahəti” “ən yaxşı kamil mənbə”, Çarlz Rio isə “tarixi və bioqrafik məlumatlarla zəngin olan coğrafi bir əsər” adlandırmışdır.

“Riyaz əs-siyahət” əsərinin önəmli hissəsi 1821-ci ildə Qomşedə və digər hissəsi isə 23 iyul 1827-ci ildə Şiraz şəhərində tamamlanıb.