Albert Kamü həm filosof, həm də sənətkar kimi dünyaduyum sistemlərini özündə birləşdirmişdir.
1957-ci ildə Nobel mükafatına təqdim olunmaq ərəfəsində görkəmli fransız yazıçısı və filosofu A. Kamü dərin mənəvi-ruhi böhran keçirirdi. 1930–1940-cı illərdə həm ədəbi yaradıcılıq, həm fəlsəfi estetika sahələrində məhsuldar çalışan sənətkar müharibədən sonrakı dövrdə dəmir pərdə ilə iki yerə parçalanan bəşəriyyətin əzabları ilə bağlı metafiziki yoğunluğa məruz qalmışdı. Mükafata təqdim olunma mərasimində söylədiyi nitqində yazıçı yaradıcılıq yolunun müəyyən dövrünə yekun vurmaqla yanaşı, bir növ öz böhranının da səbəblərini bəzən açıq, bəzən də gizli işarələrlə, eyhamlarla izah etməyə çalışmış, var qüvvəsi ilə bu böhrandan yaxa qurtarmağa can atmışdır.
Talə belə gətirmişdir ki, müxtəlif sivilizasiyaların kəsişdiyi, qaynayıb-qarışdığı bir nöqtədə dünyaya gələn və formalaşan A. Kamü həm filosof, həm də sənətkar kimi müxtəlif dünyaduyum sistemlərini özündə birləşdirmişdir. Əlbəttə ki, o hər şeydən əvvəl fransızdır, çünki əsrlərdir “sıxılmış” şəkildə xalqı tərəfindən ədəbi-estetik və fəlsəfi fikir yönümündə əldə olunmuş uğurları əks etdirmişdir. Yazıçı həmçinin ispan mənşəli anasının mənsub olduğu düşüncə tərzini ifadə edirdi. A. Kamü bütün ömrü boyu böyük sələfi Don Kixot kimi dövrünün nəhəng, ilk baxışdan məğlubolunmaz görünən ideoloji yel dəyirmanları – hitlerizm və stalinizm ilə mübarizə aparmışdır. Nəhayət, sənətkar doğulduğu və son nəfəsinə kimi bütün varlığı ilə sevdiyi, rəngarəng millətlərin, dillərin və mədəniyyətlərin qaynayıb-qarışdığı Əlcəzair torpağını təcəssüm etdirmişdi. A. Kamünun mükafata bağlı Stokholmda və Upsala universitetində söylədiyi mənəvi nitqləri onu daim narahat edən, zaman-zaman həm bədii, həm də publisistik əsərlərində öz əksini tapmış bir mövzuya – sənətkar və sosial gerçəklik probleminə həsr olunmuşdur. Bu nitqlərdə bir növ XIX əsrin II yarısından XX əsrin ortalarınadək dünya estetik fikrində mövcud olan konsepsiyalara yekun vurulurdu.
A.Kamünun fikrincə, bütün müxtəlif çalarlarına, bəzən ilk baxışdan qəti qarşıdurmalarına baxmayaraq XX əsrdə bütün estetik konsepsiyalar iki istiqamətdə, iki qütbdə cəmləşmişdir: ayrı-ayrı ideoloji mövqelərə söykənən konsepsiya və tendensiyasız, “sənət sənət üçündür” prinsipindən çıxış edən konsepsiya.
Yazıçı onların hər ikisini qəti şəkildə rədd edir və “səfərbər” yaradıcılıq konsepsiyasını onlara qarşı qoyurdu.
Tendensiyalı sənət ilk növbədə avtoritar-totalitar rejimlərin bərqərar olduğu ölkələrdə SSRİ-də və Almaniyada meydana gəlmiş, sənət konsepsiyası kimi təşəkkül tapmışdır. 1933-cü ildən 1945-ci ilə kimi Almaniyada bu konsepsiyanın özünün tam əsassızlığını, qeyri-mütərəqqiliyini sübuta yetirməsi, az-maz görkəmli sənət əsərlərinin yaranması üçün zəmin yarada bilməməsi ilə əlaqədar olaraq A.Kamü bu ölkədə onun araşdırılmasından vaz keçir və diqqətini yaradıcılıq metodu kimi sosialist realizminin etik baxımdan tənqidi araşdırılmasına yönəldir. Hələ də sosialist realizminə bəraət qazandıran, onu az qala bu gün də dünya estetik fikrinin zirvəsi və ən böyük nailiyyəti elan edənlərin mövcud olduğu bir dövrdə A.Kamünun bu konsepsiyanı tənqidindən nə kimi nəticə çıxarmaq olar?
Birincisi, xüsusilə təşəkkülünün ilk dövrlərində müəyyən səbəblərə görə dünya ədəbi-estetik prosesinin magistral yolundan kənarda qalan milli ədəbiyyatların müxtəlif tərəflərinin inkişafına təkan verən sosialist realizmi sonralar labüd damarlarını kirəcləşdirir, son nəticə etibarilə ədəbi-estetik fikrin prosesin sağlam sklerozuna gətirib çıxarır.
Avtoritar-totalitar rejimi dəstəkləməklə kifayətlənməyib onun bütün zorakılıq prinsiplərini əldə silah tutan sosialist realizmi onunla razılaşmayan və hətta bir balaca cızığından çıxanları amansızcasına həm mənən, həm də fiziki cəhətdən təqib və məhv etmək təməlində yeganə və təbii bir hakim metodu kimi bərqərar olur. Hüseyn Cavidi, Əhməd Cavadı, Almas İldırımı, Mikayıl Müşfiqi, Qumelyovu, Mandelştamı, minlərlə başqa sənət adamlarını totalitar sistemlə sosialist realizmi əl-ələ verib məhv etmişlər. Və əgər sosialist realizmi məcrasında yaradan sənətkarlar az-çox uğur qazanırlarsa, bu, bir qayda olaraq metodun sayəsində yox, ona qarşı və yaxud onun çərçivələri xaricində əldə olunur.
İkincisi, bu yaradıcılıq metodunu öyrənməyə, onu sistem kimi dərindən və hərtərəfli şəkildə araşdırmağa dəyərmi? Dəyər, ürək bulandıran mətbəx böcəyinin anatomiyasını və fiziologiyasını öyrənmək zəruriyyəti kimi. Əks təqdirdə onu məhv etmək üçün dərman yaratmaq qeyri-mümkün olar. Qorxulu xəstəliyin dəruni səbəblərini üzə çıxarmaq vacibliyi kimi. Yoxsa nə onu müalicə etmək mümkündür, nə də ona qarşı immunitet yaratmaq.
“Sənət sənət üçündür” konsepsiyasına gəldikdə isə, XIX əsrin ortalarında dünyanın, insanı təcəssüm etmək qabiliyyətindən məhrum olan burjua ədəbiyyatının alternativi kimi meydana gəlmiş və o dövrdə burjua özündənrazılığına qarşı etiraz kimi müsbət rol oynamış bu bədii-estetik prinsip təəllümin XX əsr üçün yaramır. İnqilabların, dünya müharibələrinin, ekoloji böhranların bəşər övladını dibigörünməz bir uçurum qarşısında qoyduğu bu yüzillikdə zamanının ziddiyyətlərini bütün çılpaqlığı ilə əks etdirməkdən imtina, sənətin mənasını və onun əsas obyekti olan həqiqi gözəlliyi dünyadan təcrid olunmuş sənətin özündə axtarış ən azı onun əzəli-ədəbi prinsipinə xəyanətdir, fərarilikdir…
A. Kamü qətiyyətlə rədd etdiyi bu konsepsiyaların alternativi kimi “səfərbər” sənət konsepsiyasını irəli sürür. Min-bir əzaba və məhrumiyyətə məruz qalan, faşist və kommunist həbs düşərgələrində misli görünməmiş məşəqqətlərə düçar olan, müstəmləkə zülmündən ahı ərşə dirənən, Afrikada, Asiyada acından şişən bəşəriyyətin əksəriyyətinin problemlərini ifadə edən, deməli, bu əksəriyyətin taleyini bölüşdürən, hal-hazırda yekunlaşmaqda olduğumuz XX əsrin antihumanist inqilablara, dünya müharibələrinə, nüvə qırğını təhlükəsinə və nəhayət insanın təbiətdən, cəmiyyətdən, öz-özündən özgələşməsinə söykənən dəhşətli eksperimentlərindən imtinaya səsləyən, ümidvarıq ki, humanist səciyyə daşıyacaq XXI yüzillikdə bərqərar etməli olan sənətin prinsiplərini müəyyənləşdirən bu bədii-estetik və mahiyyəti etibarilə yüksək etik konsepsiya bu gün azərbaycanlı oxucusunun tanış olduğu nitqdə öz əksini tapmışdır. Məhz buna görə də biz bu cəhəti araşdırmağı lazım bilməmişik və oxucunun öz ixtiyarına veririk.
Filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev
Albert Kamünün nobel nitqi
Sizin azad akademiyanın məni layiq gördüyü mükafatı qəbul edərkən qəlbimi bürüyən minnətdarlıq hissi elə dərin idi ki, bir anlığa bu təltifin şəxsi məziyyətlərimdən çox-çox yüksəkdə dayandığını düşündüm. Hər bir insan, xüsusən də hər bir sənətkar, şübhəsiz ki, tanınmaq, məşhurlaşmaq istəyir. Mən də istisna deyiləm. Ancaq onu mənim real məziyyətlərimlə tutuşdurub müqayisə etmədən bu qərarı dərk edib anlamağım çətin oldu. Necə ola bilər ki, gənc, yeganə vardövləti başındakı şübhələr olan, yazacaqlarını gün işığına çıxarmamış, iş-güc və dostlar arasındakı tənhalığına üzü-gözü öyrəşmiş bir adam birdən-birə belə qərarı eşitsin və hövllənməsin; illər boyu öz içinə qısılmış bu adam birdən-birə gur işıq haləsinə düşəndə nə edər, sizcə?
Avropada ən böyük sənətkarların susdurulduğu bir məqamda, hətta ayaq basdığı doğma torpağı ardı-arası kəsilməyən fəlakətlərə düçar olduğu bir zamanda hansı namərd bu mükafatı əlini ürəyinin üstünə qoyub sakitcə qəbul edə bilər?
Məni həyəcan və təlaş bürüdü. Özümə gəlmək üçün bu bədxərc dərəcədə səxavətli tale ilə, bir növ, haqqhesab çürütməli idim. Özümü ona yalnız şəxsi məziyyətlərimə görə layiq hesab etmədiyimə görə həyatım boyu tuş gəldiyim müxtəlif vəziyyətlərdə bunun bəraəti kimi mənə arxa durası başqa şeylər axtardım, bircə şeydə əlim boşa çıxmadı: bu mənim sənət və yazıçının rolu haqqında təsəvvürüm oldu. İcazə verin, minnətdarlıq və razılıq hissi ilə sizə elə bu haqda danışım. Sənətimdən ayrı necə yaşayacağımı təsəvvürümə gətirə bilmirəm. Ancaq bir şeyi qabaqcadan bəyan edim: bu sənəti heç zaman hər şeyin fövqündə tutmamışam. Əksinə, bu sənət mənə məhz ona görə lazımdır ki, insanlardan ayrılmayım və özüm kimi olum. Ətrafdakı adamlar kimi adi bir ömür yaşayım. Mənim təsəvvürümdə yaradıcılıq tənha sənətkarın sıxılıb qaldığı bir künc deyildir. Bu, mümkün dərəcədə insanların duyğularını oyandırmaq, onlara gündəlik kədər və sevincin fərdi və şübhəsiz yüksək obrazını təqdim etmək üçündür. Elə buna görə o, sənətkarın öhdəsinə yaxasını kənara çəkməmək yükünü qoyur və onu ən səfeh və adi həqiqətlərlə sınağa çəkir.
Elə olur ki, insan sənətkar qismətini seçir və bunu ona görə edir ki, guya, “seçilmişlərdəndir”, ancaq çox tezliklə özü də əmin olur ki, bu seçimin yeganə və ən böyük qaynağı elə ərtaf mühitlə eynilikdədir. Sənətkar bütün həyatı boyu özü ilə mühit arasında var-gəllərdə, canı bildiyi gözəlliklə qopub ayrıla bilmədiyi insan cəmiyyətinin arasında yetişir.
Bax elə buna görə də həqiqi sənətkara lovğa notasiyalar yaddır: onun vəzifəsi anlamaqdır, mühakimə etmək deyildir. Bu dünyada kiminsə tərəfini tutmaq lazım gələrsə, o yalnız cəmiyyətin yanında olmalıdır; elə bir yerdə ki, böyük Nitsşenin kəlamına görə, orada hakimin yox, zəhmətkeş, yaxud ziyalı olmasına rəğmən sənətkarın sözü keçir. Bu səbəbdən yazıçının rolu insanın ağır öhdəliklərindən ayrı deyildir. O, məlum mülahizəyə görə, bu gün tarix yaradanların köləsi ola bilməz, əksinə, bu gün o, bütün bunlara dözüb duruş gətirənlərin xidmətindədir.
Əks halda qisməti tənhalıq və incəsənətdən uzaq-laşmaq olacaqdır. Və onda dünyanın bütün huri-mələkləri, istibdadın milyonlarca döyüşçüsü də yığılıb gəlsə, onu bu tənhalığın girdabından çəkib çıxara bilməz, hətta onun özü bu qüvvələrin ayağına getsə belə. Ancaq dünyanın başqa bir küncündə alçaldılıb təhqir edilmiş və işgəncə verilmiş hansısa bir məhbusun sükutu yazıçını yalquzaq təkliyin əlindən qurtara bilər və ən azı, hər dəfə özünü azadlığın bəxş etdiyi imtiyazlar arasında hiss etdikdə bu sükutu xatırlaya və onu öz sənətinin bir vasitəsinə çevirə bilər. Bizim heç birimiz belə bir istedada malik deyilik. Ancaq həyatın istənilən vəziyyətində naməlum, yaxud keçici şöhrətə malik olan, tiranlığın qandalları arasında əzab çəkən, yaxud hələ ki azca söz azadlığını dadmış yazıçı onun mövcudluğuna haqq qazandıran insanlarla canlı həmrəylik hissinə yiyələnə bilər, ancaq belə bir yeganə və məcburi şərtlə ki, gücü çatdığı dərəcədə üstünə onun ağır sənətinin bütün ruhunu əks etdirən iki yük götürsün: həqiqətə və azadlığa xidmət etmək. Sənətkarın rolu mümkün qədər çox sayda insanı birləşdirmək olduğundan o, yalan və köləlik üzərində bərqərar ola bilməz. Harada ki bu ikisi gəzib-dolanır, oralar tənhalıqdan aşıb-daşır.
Yazıçının zəifliyi nə olursa olsun, bizim peşənin nəcibliyi əbədi olaraq iki çox çətin, dəhşətli dərəcədə çətin vəzifəyə əsaslanır – bildiyin şey haqqında yalan deməkdən imtina etmək və istibdada müqavimət göstərmək.
Sərsəm tarixin iyirmi-iyirmi beş ili ərzində, ümidsiz halda zamanın quduz girdabına atılmış bütün müasirlərim kimi mən də özümə yalnız belə bir mübhəm şeylə ürək-dirək verirdim ki, bu gün yazıçılıq peşəsi şərəflidir, çünki bu sənət təkcə yazı-pozudan ibarət deyildir. Yeri gəlmişkən, bu sənət məni bu lənətə gəlmiş qəziyyəni (tarixi) yaşamağa məhkum edilmiş digər insanlarla çiyin-çiyinə gücüm və qabiliyyətim müqabilində öz aramızda bölüşdüyümüz hər şeyin simgəsi sayılan talesizliyin əzabını və ümidin məşəlini daşımağa təhrik etdi.
Birinci Dünya müharibəsinin sonunda dünyaya gəlmiş, iyirmi yaşlarını məhz Hitlerin hakimiyyətə gəldiyi dönəmdə və eyni zamanda ilk inqilabi proseslər dövründə qeyd edən, İspaniya və İkinci Dünya müharibəsinin dəhşətləri içində, adına “Konsentrasiya düşərgələri” deyilən cəhənnəmdə bərkiyən, Avropa məhbəslərində işgəncələrə sinə gərən insanlar bu gün başının üstünü nüvə fəlakəti kəsdirmiş bir dünyada övladlarını tərbiyə etməli və yeni, daha fərqli dəyər yaratmalıdırlar. Buna görə də, fikrimcə, heç kəs onlardan optimist olmağı tələb edə bilməz. Belə bir fikri mən də dəstəkləyirəm ki, ümidsizliyin ağrısına davam gətirməyib şərəfsizliyin əlinə su tökən, “bir ömürdə şərəfsizlik də etmək olar” kimi düşünənlər, bununla da müasir nihilizmin künc-bucağında əriyib yox olan insanlar səhvə yol verdilər, nəhayət, bunu anlamalı və onunla mübarizədən əl çəkməməliyik. Ancaq fakt faktlığında qalır: bizim çoxumuz, mənim vətənimdə olduğu kimi Avropada da bu nihilizmi rədd etdik və həyatın yeni mənalarının axtarışına qoşulduq. Onlar ümumdünya fəlakətinin nəticəsi kimi zamanda mövcudluq sənətini mənimsəməli idilər ki, yenidən canlanmaqla bizim zəmanənin başının üstünü kəsdirmiş ölüm instinktinə qarşı güzəştsiz mübarizəyə başlaya bilsinlər. Hər bir nəsil əmindir ki, dünyanı məhz o düzəldəcəkdir. Mənim nəslimsə bunu dəqiq bilir: onun çiyinlərində belə bir yük yoxdur! Ancaq olsun ki, onun vəzifəsi bundan daha böyükdür.
Biz qollarımız üstündə can verən dünyanı ölməkdən xilas etməliyik.
Başgicəlləndirici inqilabların, ən müasir texnika, ölmüş allahların və can verən ideologiyaların qatışığından ibarət eybəcər hala salınmış tarixə sahib çıxmış, ağlın zülmə, istibdada xidmət etdiyi bir ortamda heç bir inandırma gücü olmayan hökmdarların zəmanəsində hər şeyin bir anda dağıla biləcəyini gözləri ilə görən bu nəsil yalnız özünə güvənərək özündə və ətrafındakı insanların qəlbində cüzi də olsa elə bir ümid işığı yandırmalıdır ki, insanlar yaşamaq və ölmək ləyaqətini anlaya bilsinlər. Dağılıb yox olmaq təhlükəsi üzünə vuran, bizim böyük inkvizitorların əbədi ölüm səltənətinə çevirə biləcəkləri bu dünya ilə üz-üzə dayanan bu nəsil saat əqrəblərinin əksinə dəli kimi yürüyərək millətlər arasında sülhü bərqərar etmək vəzifəsini öhdələrinə götürür. Onlar bu işi kölə asılılığı əsasında deyil, əməklə mədəniyyəti qovuş durub bütün bəşər əhlinin həmrəylik içində yaşamasına inanaraq həyata keçirirlər. Onun bu nəhəng vəzifəni sona qədər həll edəcəyinə inanmasam da, ümidvaram ki, artıq bütün dünyada iki şeyə – həqiqət və azadlığa önəm verir və günlərin bir günü, ağlına heç nə gətirmədən bütün həyatını bunların yolunda fəda edə bilər. Bu nəsil istənilən yerdə, xüsusən həyatını qurban verdiyi yerlərdə hər cür tərifə və mükafata layiqdir. Və istənilən halda bu nəsil bu gün sizin hüzurunuzda məhz mənim bu sözləri deməyimi istədi.
Yazıçı sənətini layiq olduğu dərəcədə səciyyələndirdikdən sonra bir neçə kəlmə də onun müasir cəmiyyətdəki yeri haqda demək istərdim, çünki onun mübarizə yoldaşları ilə bölüşdürdüklərindən başqa heç bir dəyəri yoxdur: bu insanlar köməksiz olsalar da, möhkəmdirlər, ədalətsiz olsalar da, ədalətə sevgi ilə yanaşırlar, yazdıqlarını ortaya utanmadan, həm də lovğalanmadan qoyurlar, bütün insanların gözü qarşısında əzabla gözəlliyin yolayrıcında dolaşır, sanki, iki yerə ayrılmış qəlbin dərinliklərindən çıxardıqları bu obrazlar tarixin qasırğası önündə yarpaq kimi əsir… Bundan sonra kim ondan hazır qərarlar və ideal əxlaq tələb edə bilər?
Həqiqət sirlidir, o, həmişə tutulan anda əldən sürüşüb çıxır, hər dəfə ona yiyələnmək lazım gəlir.
Azadlıq təhlükəlidir, ona sahiblənmək çətin olduğu qədər də şirnikləndiricidir.
Biz, çətin olsa da, qətiyyətlə irəli cumaraq və bu dolanbac yollarda bizi hansı əzabların gözlədiyini qabaqcadan bilərək bu iki məqsədə doğru getməliyik. Bütün bunları soyuq ağılla dərk edən hansı yazıçı ətraf insanların önünə alicənablıq təbliğçisi kimi çıxmağa cürət edər?
Mənə gəldikdə, bir daha təkrar etməliyəm ki, mən heç də belə deyiləm. Ömrümdə bircə dəfə doğulduğum dünyanın işığından, yaşayışın sevincindən imtina etməmişəm. Ancaq bu nostalgiya mənim bir çox səhvlərimi izah eləsə də, o mənə, şübhəsiz ki, peşəmin mahiyyətini düzgün anlamaqda kömək edib. O mənə hələ də yalnız qısa və epizodik xoşbəxt günlərini xatırlatmaqla bu dünyada onlar üçün hazırlanan həyata dözən bütün lal insanları dəstəkləməkdə yardım edib. Beləliklə, əslində, kim olduğumu, haradan başlayıb harada qurtardığımı, borcumu, etiqadımı müəyyənləşdirməklə indi, nəticə hissəsində sizin mənə verdiyiniz mükafatın, fərqli nişanın mənim üçün nə qədər qiymət kəsb etdiyini ifadə etmək istərdim; indi mənim üçün demək asandır ki, bu mükafatı ümumi mübarizənin ağırlığını mənimlə bölüşən, nəinki hər hansı üstünlüyə layiq görülməyən, əksinə, zülm çəkən, təqib edilən bütün insanların araya-ərsəyə gətirdikləri dəyər kimi qəbul etmək istərdim. Mənə təkcə bu qalır ki, sizə bütün qəlbimlə təşəkkür edim və sizin qarşınızda and içim… necə ki hər bir vicdanlı sənətkar gündəlik işə başlamazdan qabaq ürəyində sözbəsöz təkrarlayır.
Tərcümə edən: Cavanşir Yusifli
Hazırlayan: Fidan Vahid



