AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin “Anadolu Məktəbi” layihəsi çərçivəsində reallaşan “Dildə, fikirdə, işdə birlik: Azərbaycan-Türkiyə Birgə Mütaliə Proqramı”nın iştirakçıları ilə görüşüb.
“Füyuzat” xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Məlumata görə, proqram iştirakçıları əvvəlcə AMEA Rəyasət Heyətinin binası və Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar.
Görüşdə akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən ətraflı bəhs edib. O, bu il Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə AMEA-da keçirilən tədbirlər və çap edilən fundamental monoqrafik nəşrlər barədə qonaqlara məlumat verib.
“Anadolu Məktəbi” Vəqfinin Müvəkkillər Heyətinin üzvü Məhəmməd Hakan Tanrıövər isə tarixi qurultayın əhəmiyyəti və burada aparılan elmi müzakirələr barədə danışıb.
Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin direktoru Gökhan Seyhan çıxışında tədbirin əhəmiyyətindən danışıb, görüş iştirakçılarına təşəkkürünü bildirib. O, ortaq gələcəyin məhz ortaq ədəbiyyatı mütaliə edən və bu zəngin irsdən bəhrələnən gənclər vasitəsilə formalaşacağını vurğulayıb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva Birinci Türkoloji Qurultayın keçirildiyi İsmailiyyə binasının tarixi haqqında ətraflı məlumat verib.
Ankara Yıldırım Bəyazit Universitetinin tələbəsi Rumeysa İrmak isə çıxışında türkiyəli tələbələrin Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi bina və zal ilə tanışlıqdan məmnun olduqlarını dilə gətirib.
Tədbirdə Azərbaycan və Türkiyə arasında elmi-ədəbi əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, iki qardaş ölkə arasında mövcud olan birlik və həmrəyliyin möhkəmləndirilməsində elm və ədəbiyyatın xüsusi rolu vurğulanıb, belə layihələrin Türk dünyasında ortaq ədəbi və mədəni dəyərlərin təbliği, gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.





