“Bir gün geriyə boylananda mübarizələr içində keçən günlərinizin həyatınızın ən gözəl günləri olduğunu görəcəksiniz”.
Ziqmund Freyd

Əvvəllər elə bilirdim ki, yaşamı, həyatı anlamaq baxımından çox dərrakəli biriyəm. Düşünürdüm ki, həyatımda hər şey həmişə qaydasında gedəcək. Ancaq müharibə başıma elə bir ilahi qapaz vurdu ki, bütün təkəbbür və iddiam silkələnib yerə töküldü. Sən demə, əslində, həyat haqqında cüzi təsəvvürüm belə yox imiş. Bunu başa düşmək üçünsə mənə 44 gün lazım olacaqdı…
Magistr təhsilimi yarımçıq qoyub İtaliyadan Qarabağın ən təhlükəli döyüş bölgəsinə – Ağdama yollanmalı oldum. Bu səyahət mənim üçün qeyri-adi “sürprizlər” hazırlayacaqdı. Romada əlimdə tutduğum kamera öz yerini silaha verəcəkdi.
İllərdir arzusunda olduğum bu səyahət Ağdam və qismən də Tərtərin müdafiəsiylə başladı, Suqovuşanda yaşadıqlarımla səyahətin “macərası” daha da ağırlaşdı və ən sonda Kəlbəcər tərəfdə, Murovdağın yaxınlığında mövqeləndikdə bitdi.
Komandirim baş leytenant Tahirli 15 nəfərlik xüsusi qrup yaratmışdı. Məni də həmin qrupa seçmişdi. Döyüş hazırlığımız, fiziki göstəricilərimiz, silahın xüsusiyyətlərini yaxşı bilməyimiz, onunla davranma bacarığımız bizə həmin qrupa seçilməyimizdə kömək olmuşdu. Bəlkə də, buna əsas səbəb bizim daha çılğın olmağımız idi. Həmin qrupla yeddi dəfə Ağdamdan hücum etməyə çalışdıq. Təəssüf ki, bütün cəhdlərimiz uğursuzluqla nəticələndi. Kəşfiyyatçılarımızdan ağır yaralananlar oldu. Əsgər yoldaşlarımdan – Elşad Sadıqov ayağından, Elşad Hüseynov sinəsindən, ürəyinin düz üstündən ağır qəlpə yarası aldı. Xoşbəxtlikdən, onlar indi çox yaxşıdırlar. Özüm hücum cəhdlərimizdə və atışmalarda səkkiz dəfə ölümdən qayıtdım. Hətta bir dəfə güllə düz sifətimin sol yanından keçdi. Qumbaraatandan atdığım gün sağ qulağım on bir gün eşitmədi.
Nədənsə, hamımız elə hiss edirdik ki, az sonra şəhid olacağıq. Həmin vaxtlar bizə dəstək üçün köhnə döyüşçülər gəlirdi. Onlardan birinin adı Elmir (soyadını unutmuşam) idi. Bizə ailəsi ilə son dəfə söhbətindən bəhs edirdi. Deyirdi ki, bu gün son dəfə sağollaşıb gəlmişəm. Hamımız bir-birimizə yarıhəqiqi təsəlli verirdik. Ona da təsəlli vermişdik. Ancaq təsəllilərimiz boşa çıxan güllələr kimi idi. Elmir düşmən snayperinə tuş gəlmişdi…
Ailələrimiz nigaranlıqla, qorxu və təlatüm içində nə etdiyimizi, haralarda olduğumuzu, nələr çəkdiyimizi bilmirdi. Biz də mülki həyatda nələrin baş verdiyindən xəbərsiz idik. Səngərlərdə, döyüş meydanlarında olurduq. Ancaq xalqın bizə nə qədər dəstək olduğunu göndərdikləri isti geyimlərdən, yeməklərdən, dərmanlardan görürdük.
Ən ağır günlərimiz Suqovuşanda keçdi. Orada düşmən bizi pusquya saldı. Demə, dağın başına kamera qoyublarmış, yavaş-yavaş yaxınlaşmağımızı gözləyirlərmiş. Biz Talışkənddən keçib Suqovuşana getdiyimiz yolda texnikaya qarşı istifadə olunan ağır artilleriya mərmilərini başımızın üstündən yağış kimi yağdırdılar. Eyni anda iki yağışa düşmüşdük: biri şəhidlərimizə görə buludların “ağlaması”, digəri isə düşmənin üstümüzə yağdırdığı mərmi, güllə yağışı idi (şərəfsiz ermənilər bu səhnələrin videosunu hətta “YouTube” kanalına da yerləşdiriblər). Taborumuzun birinin əksəriyyəti şəhid oldu. Həyatım orada çox dəyişdi. Düşmən artilleriyası başımızın üstündən vura-vura şəhidlərimizi, yaralılarımızı çıxaranda düşüncələrim çox dəyişdi. Həyatı və ölümü sorğulamağa başladım. Çəlimsiz və cılız bədənimlə universitet dəhlizlərində kitablar daşıyanda qollarıma ağırlıq gəlirdi. Bu dəfə qollarımızda, çiynimizdə, kürəyimizdə apardığımız şəhidlər nəinki qollarımıza, hətta dizlərimizə, ürəyimizə – bütün bədənimizə və ruhumuza ağırlıq çökdürürdü. Yaşadıqlarımıza rəğmən, bütün təlatümün içində yüzlərlə döyüşçü arasında cəmi iki nəfər gülümsəyirdi. Biri bölük komandirim baş leytenant Tahirli, döyüşü çox sevdiyi üçün, biri də mən, bir neçə saniyə sonra şəhid olacağımı düşünüb sevindiyimə görə. Həmin vəziyyətdə hamımız tamam başqa biri idik. Məni narahat edən sual isə içimi yeyirdi: “Şəhid qardaşlarımızın analarına nə cavab verəcəyik?!”
Suqovuşanda gördüyüm dəhşətlər məndə posttravmatik stres sindromu yaratmışdı. Üstəgəl, həyatın paradoksallığı yenə də öz “zarafat”ından qalmamışdı: Respublika Natiqlik çempionatının qalibi, bülbül kimi ötən Anarın mərmi partlayışından dili tutulmuşdu. Onda biz Ağdamın müdafiəsində idik. Heç gözləmədiyimiz vaxtda mərmi bizim iyirmi metrliyimizə düşmüşdü. Yadıma gəlir ki, döyüş yoldaşım Ayxan Nəbiyev sifətimə şapalaq vurub məni çağırırdı: “İsayev, İsayev, ay İsayev, yaxşısan?” Donub qalmışdım. Sanki film idi. Xoşbəxtlikdən heç birimizə heç nə olmamışdı. Ancaq bir problem var idi. Kəkələyirdim. Nitqimdə tutulmalar yaranmışdı. Bu məni narahat etmirdi. Məni yarımçıq qalan arzum narahat edirdi. Bunun öhdəsindən necə gələcəkdim? Bəs arzularım? Bəs xəyallarım? Bu tipli suallar üçün çox çalışmalı olacaqdım. Ancaq necə?
Bir həll yolu düşünmüşdüm. Ordu sıralarından tərxis olunana qədər – müharibədən sonrakı növbəti altı ay ərzində Demosfen kimi hər gün dilimin açılması, nitqimin yaxşılaşması üçün məşqlər etdim. Ağdamla Kəlbəcərin qovşağında, Murovdağ yaxınlığındakı dağlarda günlərlə dayanmadan danışmağa cəhd etdim. Tərxis olunandan sonra da hər həftə dəniz qırağında qışqıra-qışqıra danışmağa başladım. Yavaş-yavaş bunun öhdəsindən gəldim. Bacardım. Özüm özümə gələ bilməsəm də, nitqim özünə gəlmişdi.
Səyahət “macəralarla dolu” keçmişdi. Məsələn, su tapmayanda meşədəki yarpaqların üstündəki yağışdan qalıb donan buzcuqları, qarı əridib içdik. Qarla çox yuyunduq. Dağın başında bumbuz havada tam 3 gün ac və susuz qaldığımız günlər oldu. Həftələrlə botinka ayağımızdan çıxmadı. Günlərlə, həftələrlə yuxusuz qaldıq. Elə vaxt oldu ki, 3 gündə 45 dəqiqə yatdıq. Oyaq qalmaq üçün Məlikməmməd kimi əlimizi, barmağımızı kəsdik ki, ağrıdan yatmayaq. Məbadə ki şərəfsiz düşmən bizim bir qarış torpağa ayaq basa. Sözün həqiqi mənasında, yastığımız vətən daşı, torpaq, palçıq, beton, yorğanımızsa qar, yağış, kəsici külək, zirehli gödəkçəmiz oldu. Çox ağır məşqlər elədik. Çox yorulduq. Bəzən fiziki və psixoloji olaraq çox dirəndik, ancaq heç vaxt geri addım atmadıq. Savaşdıq. Döyüşdük. Kişi kimi. Qarış-qarış qaytardıq bizim oraları. Həmişə ən qabaqda olduq. Müharibədən əvvəl də, müharibə dönəmində də, müharibədən sonra da. Soyuq əllərimizi, dodaqlarımızı bıçaq kimi kəsib, partladıb qanadanda yenə düşmənin qabağında qorxmadan məğrur dağ kimi dayandıq. Son nəfəsə çox yaxın olduğumuz saniyələr, dəqiqələr oldu. İndi nəfəs almağımı ikinci möcüzə kimi görürəm. Mən Ona minnətdaram.
Romada, Florensiyada gördüyüm intibah dövründən qalma heykəllər, Da Vinçinin, Mikelancelonun sənət əsərləri Qarabağın uçuq-sökük, dağıdılmış tikililəri, tarixi qəbirləri önündə öz gözəlliyini itirirdi…
Unutmadığım məqamlardan biri də mənə ilk medalın verilməsi anı oldu. 10 noyabr – doğum günüm idi. 9-dan 10-na keçən gecə bizə əmr gəldi ki, mövqeləri digər döyüş yoldaşlarımıza təhvil verib Ağdamın Çullu kənd-qəsəbəsinə qayıdaq. Həftələrdir yatmırdıq. 2 saat idi ki, yatmışdıq. Bir də gecə izdihama oyandım. Saat təxminən 3-ə işləyərdi. Bütün tabor sevinirdi. Səbəbini öyrənməyə çalışırdım. Kimdən soruşurdum, cavab verən olmurdu. Mən isə heç nəyi başa düşmürdüm. Sanki hamının dili tutulmuşdu. Yerləşdiyimiz yerə televizor quraşdırılmışdı. Gözümü görməmiş kimi ora zillədim. Diqqətlə baxdım. Hər şey bitmişdi. Müharibə bitmişdi. Biz qalib olmuşduq. Düşmən dizini yerə atmışdı. Hamımız qucaqlaşıb bir-birimizi təbrik edirdik. Döyüş yoldaşlarım məni təbrik edirdi: “Anar, doğum günün qutlu olsun”, “Sənə ikiqat təbrik düşür”.
10 noyabr gününün axşamı təxminən saat 8 radələrində bölük komandirim məni bütün taborun – yüzlərlə adamın qarşısına çıxardı:
– İsayev Anar!
Ucadan:“Mən!” – dedim.
– Çıx sıranın qabağına!
– Oldu!
Hərbi qaydada onun yanına addımladım. Komandirim bölüyün qarşısında üzünü mənə tutub:
– Qarşınızda gördüyünüz əsgər 12 ildə gördüyüm yeganə əsgərdir ki, ordudan getməyini istəmirəm. Nə yaxşı ki tanımışam onu. Özünə də demişəm, kaş ki ordudan getməyə. Səni çox istəyirəm, əsgərim, yaxşı ki varsan, – dedi.
Bölüyün alqış səsini eşitdim. Ardınca taborumuzun yüzlərlə döyüşçüsünün alqış səsi gəldi (bəzən hissləri sözlə ifadə etmək olmur. Mən də nə hiss etdiyimi yaza bilməyəcəm…).
Sonra öz boynundan xüsusi təyinatlıya aid gümüş boyunbağısını çıxarıb mənim boynumdan asdı: “Yaxşı ki varsan, İsayev”, – dedi. “Çox sağ olun, komandir”, – dedim. Bu, sonradan layiq görüləcəyim iki medaldan da üstün medal idi. İndi bu boyunbağı həmişə və hər yerdə mənə güc verir.
…Hər şey bitəndən sonra qayıtmalı idim.
Rayonun mərkəzində məni onlarla maşın gözləyirdi. Yavaş-yavaş bizi aparan taksi mərkəzə çatdı. Maşından düşdüm. Atam uşaq kimi qaça-qaça mənə tərəf gəldi. Ona ömrümdə ilk dəfə bu qədər ürəkdən və doyunca sarıldım. Ardınca onun dostları, sonra mənim dostlarım, tanışlarım. Hamıyla görüşdüm. Böyük izdiham vardı. Çox qəribə hisslər keçirirdim. Kədər və sevinc duyğusu üz-üzə gəlmişdi. Bir yandan Qarabağdan ayrılmamaq, bir yandan da evə getmək istəyim məni sıxırdı. Dönüb arxaya – gəldiyim yola baxırdım. Dərin köks ötürdüm. Atam: “Nolub, oğul, yaxşısan?” – deyə soruşdu. Qəhər boğazımı sıxırdı. Səssiz idim. Həyat çox qəribə gəlirdi mənə. Evə getməli idim. Anam məni gözləyirdi. Oturduq maşına, getdik kəndə. Onlarla maşın siqnallaya-siqnallaya atamı və məni müşayiət edirdi. Mənim ağlım isə hələ də Kəlbəcərin, Ağdamın, bütün Qarabağın dağlarında, qoxusunda idi. Kəndə çatdıq. Sanki kəndin, rayonun ən vacib adamlarından birinə çevrilmişdim. Anam, bacım, qohumlarım, tanıdıqlarım-tanımadıqlarım – hamı evimizin qabağında məni gözləyirdi. Maşından düşdüm. Anam məni görüb ağlamağa başladı. Ürəyi tutuldu. Qaçdım ona tərəf. Bərk qucaqladım. Bəlkə, on dəqiqə dayanmadan bir-birimizə sarıldıq. Həyatımda heç vaxt o qədər ağlamamışdım, o qədər təsirlənməmişdim. İlahi səsimi eşitmişdi. Səngərlərdə: “Kaş ki anama, atama bir də sarıla biləydim”, – deyə etdiyim duam qəbul olmuşdu. Hə, mən evdəydim. Saçlarına qurban olduğumun qara saçları 44 gündə ağarmışdı. Bacıma da doyunca sarıldım. O da ağladı. Atalar ağlaya bilmir, çətinlik çəkirlər. Ancaq onlar ağladısa, bu hansısa çox dərin hüznün, ya da bir fəlakətin əlaməti olur. Amma bu dəfə fəlakət geridə qalmışdı. Hüzn geridə qalmışdı. Bu, sevinc göz yaşları idi. Üçünə də sarıldım. Ağladıq.
Mən həyatımın heç bir dönəmində o qədər təcrübə qazanmadım. Çox güman, qazanmayacam da. Çünki müharibə kobud, səbirsiz müəllim kimi insana unudulmaz həyati təcrübələr öyrədir. O bizim sevdiklərimizin və yaşamın necə də dəyərli olduğunu bir daha sübut edir.
Başlanğıcda müharibənin məni dəyişməyindən söhbət açmışdım. Məsələn, indi ana-atama daha çox sevgi göstərirəm, sevdiklərimə daha çox bağlanıram. Qohumlarıma, dostlarıma, tanışlarıma daha isti münasibət göstərməyə çalışıram. Vətənimizin övladlarına daha çox elm öyrətməyə çalışıram. Anladım ki, əslində, bunları başa düşmək üçün insan hansısa bir müharibənin qopmasını gözləməli deyil. Başa düşdüm ki, həyatın döyüşü son nəfəsə kimi davam edir. Dəyişən sadəcə səngərlər olur.
Həyat döyüşündə də, döyüş həyatında da bizim yanımızda yoldaşlar olacaq. Onları sevib qorumaq lazımdır. Bəziləri bizimlə axıra kimi qala biləcək. Bəziləri isə…
Yaşadıqlarımdan sonra həyatımı iki hissəyə bölmüşəm: müharibədən əvvəlki İsayev Anar olduğum dönəmlər və indi Anar Yaşaroğlu olduğum vaxt. İnsan yaşadıqlarının cəminə çevrilir. Həyatımda belə bir çevriliş olduğu üçün Yaşaroğluna çevrildim.
İkinci dəfə doğuldum.
Yaşamın oğluna çevrildim.
İndi italiyalı tələbə yoldaşlarımla danışanda niyə soyadımın dəyişdiyini soruşurlar. Gülümsəyirəm…



