İspaniyanın Kordova vilayətinin Puente Xenil şəhəri yaxınlığındakı qədim Roma yaşayış məskəni olan Fuente Alamoda aparılan araşdırmalar nəticəsində İberiya yarımadasının ən qədim kitabxanası hesab edilə biləcək tikili aşkar olunub.
Araşdırma Kordova və Qranada universitetlərinin alimləri tərəfindən aparılıb. “Füyuzat”ın məlumatına görə, bu barədə “Euronews” məlumat yayıb.
Tədqiqatçılar uzun müddət Mitra tanrısına ithaf olunmuş məbəd hesab edilən 10 nömrəli otağın, əslində, IV əsrdə kitabxana kimi yenidən qurulduğunu müəyyən ediblər.
Mütəxəssislər otağın memarlıq xüsusiyyətlərini təhlil etmək üçün “shape grammar” adlı metoddan istifadə ediblər. Araşdırma zamanı burada Roma kitabxanalarına xas olan apsida, kitab rəflərinin yerləşə biləcəyi düzbucaqlı nişlər, yarımdairəvi oyuqlar, podium və yardımçı otaqların mövcudluğu aşkarlanıb.
Alimlərin fikrincə, bu xüsusiyyətlərin bir arada qorunub saxlanılması tikilinin kitabxana funksiyası daşıdığı ehtimalını xeyli gücləndirir. Əgər bu nəticə tam təsdiqlənərsə, Fuente Alamo kitabxanası təkcə İberiya yarımadasının deyil, həm də Roma imperiyasının qərb hissəsində indiyədək məlum olan ən qədim və ən yaxşı qorunmuş kitabxanalarından biri olacaq.
Qeyd edək ki, Fuente Alamo kompleksi ilkin olaraq eramızdan əvvəl I əsrdə termal hamam kimi fəaliyyət göstərib, daha sonra Roma villası kimi istifadə olunub və sonrakı əsrlərdə bir neçə dəfə yenidən qurulub.



