Ədəbiyyat • Xəbərlər

Ataqam – Qapı arxasındakı adam

Qapı döyüldü.
– Kimdir? – soruşdum.
– Aç, mənəm, – yorğun kişi səsi cavab verdi.
Səs tanış deyildi. Duruxdum. Əlimi qapının cəftəsinə uzadıb çəkdim.
– Adınız nədir?
Cavab gəlmədi. Ehtiyatla gözlükdən baxdım, heç kimi görmədim.
Sumqayıta yay tətilinə gələn günün axşamı əmim şəhər qaydalarının ən vaciblərini izah etmişdi: “Tanımadığın adama qapı açma!”, “Yad adamla danışma!”
Qapını döyənin kimliyini öyrənmək marağım şəhərin dəmir qapıları arxasında gizlənmiş qaydalara üstün gəldi; qapını azca araladım, məhəccər boyu yuxarı–aşağı baxıb üzbəüz qonşunun qapısındakı sarı pişikdən başqa bir canlı görmədim. Ürəkləndim.

Pilləkənin başından dolambac şəhər cığırının dibinə boylanan anda yelçəkən qapını çırpıb bağladı. Açar içəridə qaldı.

Əmimin işdən gəlməyini gözləməkdən savayı çarəm qalmadı.
“Okean” balıq dükanının üstündəki beşmərtəbəli binanın həyətinə düşdüm. Hərə öz işində idi: kağız torbalarda evinə ərzaq daşıyan kişi, dayanacağa tələsən məktəb yaşlı iki qız, başını bulaya–bulaya öz–özünə nəsə danışan ortayaşlı xanım, maşınının süşələrini silən taksi sürücüsü, sağ ayağını qatlayıb divara söykəmiş papiros çəkən oğlan…
“Okean”ın qabağında yekə saqqallı ahıl bir kişi oturub təsbeh çevirirdi.
Əmim işdən trolleybusla gələcəkdi. Tez–tez dayanacağa tərəf boylanırdım. Vaxtı öldürmək üçün son zamanlar öyrəndiyim sevimli işimə – tək daban üstə yerimdə fırlanmğa başladım. Bunu ötən yay kəndə tətilə gəlmiş bir şəhər uşağından öyrənmişdim.
Qoca əli ilə məni yanına çağırdı.

Təsbeh çevirən qocanın “yad adam” olduğunu heç ağlıma da gətirmədim.

Ona yaxınlaşıb salam verdim. Kimi gözlədiyimi soruşdu. Dedim. Əmimi tanıdığını deyəndə çox sevindim. Birnəfəsə başıma gələni – altıncı sinfi bitirdiyimi, əmimgilə yay tətilinə gəldiyimi, qapının çırpılıb örtüldüyünü, açarın evdə qaldığını danışdım.
– Açar yaxşı dostdu, pis düşmən, – qoca dedi. Sözlərinin mənası anlamasam da, başımı tərpətdim. – Daban üstə fırlandığını gördüm, yadıma bir əhvalat düşdü.

Arxamı “Okean”ın şüşə vitrininə söykəyib qocanın danışdığı əhvalatı dinlədim.
– Çoxdanın söhbətidi, – qoca bir anlıq sukuta daldı, elə bil hafizəsindəki hadisələri yer–yataq edirdi, – “Superfosfat” zavodunun yeməkxanasını işlədirdim. Zavodda SSRİ–nin hər yerindən cavan qızlar var idi. Bir buryat qızla evləndim. Zavoddan bizə ev verdilər. Arvadımla evə baxmağa getdik. İkiotaqlı rahat ev idi. Çox sevinirdik. Otaqlara, mətbəxə alacaqlarımızın siyahısını tutduq. Balkona çıxıb Xəzərdən əsən sərin mehi sinədolusu ciyərimizə çəkdik.
Arvadım həyətdə dabanıüstə fırlanan oğlanı göstərdi. Oğlan məndən beş–altı yaş kiçik, iyirmi iki–iyirmi üç yaşında olardı. Başını ülgüclə qırxdırmışdı. Əvvəl sağ dabanı üstə durur, sol ayağıyla təkan verib saat əqrəbi istəqamətində fırlanır, azacıq fasilə verib ayağını dəyişir və saat əqrəbinin əksinə fırlanırdı. Biz ona xeyli baxdıq. Qayıdıb otaqları gəzməyə başladıq.
Özümüzlə xeyli azuqə götürmüşdük: pendir, kolbasa, çörək, sıcaqcada çay… Yoldaşım yerə qəzet sərib süfrə hazırladı: mis stəkanlara çay süzdü, pendir–çörək doğradı, bıçağın ağzını cunaya silib mənə uzatdı.

Xasiyyətini bilirdim; kolbasa doğramağı xoşlamırdı. Bir dəfə demişdi ki, kolbasa doğrayanda ürəyi əsir… Qəribə qız idi.

– “Görəsən, o oğlan niyə fırlanır?” – yoldaşım çaydan bir qurtum alıb soruşdu.
– “Bilmirəm”, – dedimsə də, sual məni düşündürdü. Uşaq olsaydı, anlayardım.
– Bircə dəqiqə, gəlirəm, gedim görüm niyə fırlanır?
İkimiz də gülümsədik.
Həyətə enib oğlana yaxınlaşdım. Məni görüb fırlanmağını saxladı. Hədsiz iri, yumru gözləri var idi. Ömrümdə elə göz görməmişdim. Salam verdim. “Salam” əvəzinə “Min yaşa!” cavab verdi. Yaşına uyuşmayan gər səsi vardı. Bizim yerlərdə belə səsi olan adama “boğazı gavahinlə deşilib” deyirlər. Burda niyə durduğunu, kimi axtardığını soruşdum. Bir qohumunun təkidli çağırışı ilə dünən səhər rayondan gəldiyini, zavodda işləmək istədiyini, qohumu ilə burda – Bakı avtobusları duran yerdən dənizə tərəf üçüncü binanın həyətində görüşməli olduqlarını, qohumun gəlib çıxmadığını dedi. Dünəndən ac olduğunu da öyrəndim. Evə çağırdım. Çay tökdüm, kolbasa–çörək verdim.
Oğlanın danışığı xoşuma gəldi. Əsgərlikdən təzə gələnlər kimi danışığında tez-tez rusca söyüşlər işlədirdi. “İnsan – arzuları böyüklüyündədi”. “İnsan – arzularının gözəllliyi qədər gözəldi”. Gər səslə dediyi bu sözlər məni ovsunlamışdı. Bunları özü düşünüb tapdığını deyirdi.
Yoldaşımı evdə qoydum, oğlanı da götürüb zavoda getdim. O vaxtlar zavoda işçi yığırdılar. Bazar günüydü, zavod işləmirdi, amma zavodun yataqxanasının müdiri ilə dost idim. Oğlana – adı Əşrəf idi – yataqxanada müvəqqəti yer düzəltdim, cibinə bir az pul qoydum, zavodun yeməkxanasını göstərdim, sabah tezdən onu yeməkxanada gözləyəcəyimi deyib evə qayıtdım.
Sabahı günü tezdən görüşdük. Direktorun yanına apardım. Hesabı yaxşı bildiyini dedi. Direktor Əşrəfə xeyli sual verdi, cavablarından razı qaldı, əmrini mühasibatlığa yazdı, hesabdara köməkçi götürdü, yataqxanada da daimi yer verdi.

***

Fəhlələr nahar fasiləsinə gələndə gözüm Əşrəfi axtarırdı. Onun harda nahar etdiyini bilmirdim, yeməkxanaya gəlmirdi.
Bir gün işdən sonra yanıma gəldi. Əlində qəzetə bükülü kitaba oxşar bir bağlama var idi. Etibarlı yerimin olub–olmadığını soruşdu. “Kitabdı, – dedi, – qohumlar siyahı veriblər, birini tapmışam, qalanlarını da axtarıram, rayona göndərəcəm”.
Bağlamanı alıb sənədləri saxladığım dəmir şkafa qoydum.
Ayaqüstü bir stəkan çay içib getdi. Gedəndə iri, yumru gözlərini qıyıb dedi: “Buna niyə həyat deyək?”


Çətinlik çəkdiyini bilirdim, şəhərə təzə gələnlərin hamısı özlərinə güzəran qurmağa çalışırdı, ona görə də toxtaqlıq verməyin mənasız olduğunu düşünüb dinmədim.


Üç gün sonra yenə bağlama ilə gəldi. Bağlamanı o birinin yanına qoydum. “Nə kitablarıdı bunlar?” – soruşdum. “Nağıl kitablarıdı, – dedi, – uşaq nağıllarıdı”.
Ayrılanda iri gözlərini haşiyələyən uzun kipriklərini çalıb dedi: “Həyat yaman gülüncdü”.
Üçgündənbir dəmir şkafa yeni bağlama qoyurdum.
Novruz bayramına iki gün qalmış Əşrəf gəldi, bağlamaların hamısını iri bir torbaya yığdı, rayona bayramlığa gedəcəyini dedi. Məni qucaqladı. Torbanı dalına atdı: “Gəl, buna başqa ad verək, təki həyat deməyək”, – deyib çıxdı.
Ertəsi gün iş təzəcə başlamışdı, zavoda milislər tökülüşdü. Zavodda hərdən kimsə zədələnir, hətta, iş yerində ölən də olurdu. Elə hadisə olan kimi milislər gəlirdi, amma indiki qədər milis maşını, motosikleti hələ görməmişdim.
Milislərin bir dəstəsi yeməkxanaya tərəf gəlirdi. Gəldilər… elə “Əşrəf hanı?” sualından məsələni anladım.
Əşrəf zavodun mühasibatlığında işləyən gürcü qızı yoldan çıxarmış, kassadan pulları hissə-hissə oğurlamış, birlikdə də yoxa çıxmışdılar.
Şahidlər üzümə durdular: “Tez–tez əlində bağlama gəlir, yeməkxana müdirinə verib gedirdi”.
Məni dinləyən olmadı. “Kitab gətirirdi” sözümə güldülər.
Yeddi il iş aldım. Əşrəflə gürcü qızının isə heç izini də tapa bilmədilər. Əşrəfin qouhumundan da soraq çıxmadı.
“Bayıl”da cəzamı günəgün çəkib çıxdım.
O hadisənin üstündən qırx il keçdi.
Bir dəfə Gəncəyə, qohumlardan birinin nəvəsinin toyuna gedirdim. Biləcəri stansiyasında papiros çəkməyə çıxdım. İşıq dirəyinin altında bir adamın dayanıb mənə zəndlə baxdığını sezdim. İri gözləri mənə nəyisə xatırladırdı.


Qatar fit verib tərpənən anda o adam mənə yaxınlaşdı, xırıltılı səslə dedi: “Bu həyata başqa ad tapa bildin?”


– Başqa ad tapa bildiniz? – sadəlövhlüklə soruşdum.
Qoca başını buladı:
– Yox, tapmadım. Və gözlərini yumub təsbehini çevirməyə başladı.  
Mən də susub təsbehin bir–birinə dəyən kəhrəba daşlarının şaqqıltısını dinlədim.  
Əmim qolumdan yapışanda fikirdən ayıldım.