Atatürk Mərkəzində müasir Azərbaycan ədəbiyyatınn və kinosunun tanınmış nümayəndələrindən biri, yazıçı, senarist və teleaparıcı Orxan Fikrətoğlunun 60 illik yubileyi qeyd olunub.
“Füyuzat” Kulis.az-a istinadən xəbər verir ki, tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, ədəbiyyat və incəsənət adamları, media nümayəndələri, eləcə də yubilyarın ailə üzvləri və yaxınları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademik Nizami Cəfərov Orxan Fikrətoğlunun ədəbiyyat və kino fəaliyyətinn əsas istiqamətləri barədə məlumat verib. Çıxışında yubilyarın atası, tanınmış şair Fikrət Sadıq haqqında da xatirələrini bölüşən akademik maraqlı bir detala diqqət çəkib.
O qeyd edib ki, həm ata, həm də oğul öz fəaliyyətlərində bir növ “işıqçı” rolunu oynayıblar. Belə ki, Orxan Fikrətoğlunun kino sahəsindəki fəaliyyəti də məhz “Ötən ilin son gecəsi” filmində işıqçı kimi başlayıb və o, bu işığı sonradan öz qələminə, ekran əsərlərinə daşıyıb. Akademik vurğulayıb ki, Orxan Fikrətoğlunun yaradıcılığında Şirvan şairlərinə xas olan dərin düşüncə sistemi öz əksini tapıb və o, fəaliyyətinin bütün mərhələlərində daim yeniliklər axtarışında olub.
Daha sonra çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı da Fikrət Sadıqdan danışıb, Orxan Fikrətoğlunun fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. S.Rüstəmxanlı 60 yaşın yaradıcı insan üçün o qədər də böyük bir rəqəm olmadığını, bunun sadəcə yeni mərhələnin başlanğıcı olduğunu bildirib. O, yubilyarın televiziya fəaliyyətindən geniş bəhs edərək, onun bu sahədə tamamilə yeni bir nümunə və üslub yaratdığını vurğulayıb. Orxan Fikrətoğlunun hekayə və romanlarının bədii dəyərindən danışan Xalq şairi qeyd edib ki, bu əsərlərdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyli tərzinin, ironiyasının davamı hiss olunur. S.Rüstəmxanlı Orxan Fikrətoğlunu 21-ci əsrin yazıçısı adlandırıb.
Türkiyəli yazıçı İmdat Avşar öz çıxışını Azərbaycan şair və yazıçılarının Türkiyədəki tanıdılması və qəbulu mövzusu üzərində qurub. Bəxtiyar Vahabzadə və Zahid Xəlil kimi ədəbiyyat adamlarının qardaş ölkədəki nüfuzundan danışan İ.Avşar daha sonra Fikrət Sadıq yaradıcılığına diqqət çəkib. O bildirib ki, Orxan Fikrətoğlu təkcə öz fərdi yaradıcılığı ilə deyil, həm də atasının ədəbi irsinin layiqli davamçısı kimi böyük hörmətə layiqdir.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək Orxan Fikrətoğlunun yaradıcılıq potensialından, onun ədəbi ustalığından bəhs edib. O, yubilyarı təbrik edərək, ona gələcək peşəkar fəaliyyətində və yaradıcılığında uğurlar arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi çıxışında 1990-cı illərin mürəkkəb ədəbi mühitindən danışıb. O xatırladıb ki, onların yeni yazmağa başladığı həmin illərdə yazıçılar həm mövzu, həm də üslub axtarışında idilər və o dövrün qələm adamlarının bir cümləsi belə digərinə oxşamırdı. İ.Fəhmi Orxan Fikrətoğlunun o çətin illərdən formalaşaraq gələn özünəməxsus qələmindən bəhs edərk, onun gənc nəsil üçün əsl nümunə olduğunu qeyd edib. Həmçinin, o, yubilyara yaratdığı dəyərli əsərlərə görə təşəkkürünü bildirərək onun çox etibarlı, yaxşı bir dost olduğunu xüsusi vurğulayıb.
Yazıçı Rüstəm Dastanoğlu isə çıxışında Orxan Fikrətoğlunu çağdaş ədəbiyyatımızın brendi adlandırıb. O qeyd edib ki, vaxtilə Mirzə Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında gördüyü tarixi missiyanı Orxan Fikrətoğlu özünün müəllifi olduğu məşhur “Zorxana” verilişində həyata keçirib. Rüstəm Dastanoğlunun sözlərinə görə, bu cür yubiley tədbirlərinin keçirilməsi səbəbkardan daha çox bütövlükdə ədəbiyyatmız üçün zəruridir ki, yetişməkdə olan gənc nəsil ölkədə ədəbiyyat və sənət adamlarına verilən yüksək dəyəri əyani şəkildə görsün. Yubilyarın əsl doğum gününün martın 21-də qeyd olunduğunu xatırladan yazıçı, həmin ərəfədə də xüsusi tədbirin keçiriləcəyinə inamını ifadə edib. O, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi kimi qurumların bu cür məqamlarda daha fəal olmasının, sənət adamlarını daim diqqətdə saxlamasının vacibliyini xüsusi vurğulayıb.
Ədəbiyyatşünas Azər Turan isə Orxan Fikrətoğlu fenomeninin mürəkkəbliyinə toxunub. O vurğulayıb ki, Orxan Fikrətoğlu haqqında danışmaq, onun yaradıcılıq dünyasını təhlil etmək olduqca çətindir. Azər Turanın fikrincə, bu imzanı tam dərk etmək və onun haqqında dolğun danışmaq üçün mütləq şəkildə dünyanın bir çox qlobal ədəbi cərəyanlarından xəbərdar olmaq lazımdır.
Kinoşünas və kinorejissor Cəmil Quliyev yubilyarın Azərbaycan kinosunun inkişafındakı müstəsna roluna diqqət çəkib. O, xüsusilə Azərbaycan kinosunun ən ağır illəri hesab olunan 1990-cı illərdə Orxan Fikrətoğlunun kinematoqrafiya sahəsindəki fədakar fəaliyyətindən, yazdığı ssenarilərdən və bu sənətin yaşamasına verdiyi dəstəkdən ətraflı bəhs edib.
Yazıçı Şərif Ağayar çıxışında Orxan Fikrətoğlunun atası, mərhum şair Fikrət Sadıqla bağlı kövrək və maraqlı xatirəsini tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra o, yubilyarın müasir Azərbaycan ədəbiyyatındakı mövqeyini təhlil edərək, onun mütaliə və yaradıcılıq mühitindəki xüsusi çəkisindən danışıb.
Tədbirdə yubilyarın ailəsi adından bacısı Aysel Fikrət çıxış edib. O, qardaşının təkcə ictimaiyyət üçün böyük yazıçı olmadığını, eyni zamanda ailədə çox gözəl ailə başçısı və qayğıkeş ata olduğunu diqqətə çatdırıb. Aysel xanım qardaşına cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.
Yubiley mərasiminin sonunda söz səbəbkara – Orxan Fikrətoğluna verilib. O, tədbirin təşkilatçılarına, çıxış edən ziyalılara və iştirakçılara öz dərin təşəkkürünü bildirib. Yubilyar bu cür görüşlərin yazıçı üçün böyük mənəvi stimul olduğunu vurğulayaraq, bu tədbirdən aldığı yüksək enerji ilə bundan sonrakı fəaliyyətində yaradıcılığına daha çox fokuslanacağını diqqətə çatdırıb. O, həmçinin oxucularını və tamaşaçılarını sevindirəcək yeni əsərlər üzərində işləməyinin də anonsunu verib.
MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu yubilyarın yeni nəşr olunmuş hekayələr toplusunu təqdim edərək O.Fikrətoğlunun müasir Azərbaycan ədəbiyyatında fərqli üslubunu vurğulayaraq bildirib ki, onun yaradıcılığının təməlində dayanan zəngin intellektual bazası dayanır. Natiq bildirib ki, yeni topluda Orxan Fikrətoğlunun öncəki illərdə qələmə aldığı hekayələrlə yanaşı, son dövrlərdə yazdığı hekayələri də yer alıb.
Xatırladaq ki, Orxan Fikrətoğlunun 60 illik yubileyi münasibətilə yeni hekayələrinin toplandığı “Dalandar D” kitabı MİMTA Yayımları tərəfindən oxucuların ixtiyarına verilib.




