Türkiyənin İstanbul şəhərində 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalının açılış mərasimi keçirilib.
“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, türk dövlətlərinin mədəniyyət nazirliklərinin rəsmiləri, film istehsalçıları, kino ictimaiyyəti və media mənsubları iştirak ediblər.
Açılışda türk dövlətlərinin ortaq tarixi və mənəvi bağlarının kino sahəsində də özünü göstərdiyi qeyd olunub. Festivalın əsas proqramı açıqlanıb və münsiflər heyətinin üzvləri təqdim olunub.
Tədbirin sonunda qırğız rejissor Kanıbek Kalmatovun “Aytmatov” filmi nümayiş olunub.
Noyabrın 7-dək davam edəcək festivalın müsabiqə proqramında Azərbaycandan tammetrajlı bədii film kateqoriyasında “Tağıyev: Məktəb”, sənədli film kateqoriyasında “Azıx mağarası”, qısametrajlı bədii film kateqoriyasında isə “Torpağı sanı yaşayasan” filmləri iştirak edir.
Bundan əlavə, festival çərçivəsində “Bir cənub şəhərində” tammetrajlı bədii və “Bakı Türkoloji Qurultayı 100” sənədli filmləri müsabiqədənkənar proqramda nümayiş olunacaq.
Qeyd edək ki, festival çərçivəsində 10 ölkə və 10 muxtar respublikadan 56 film tamaşaçıların ixtiyarına veriləcək. Festivalda qonaq qismində 150 xarici, 300 yerli kino xadimi iştirak edir. Azərbaycan festivalda kino xadimlərindən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nümayəndələrindən ibarət 20 nəfərlik heyətlə təmsil olunur.
2021-ci ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunan festivalın məqsədi türkdillu ölkə və xalqlarının ortaq mədəni irsini kino vasitəsilə dünyaya nümayiş etdirməkdir.



