Firdovsiyyə Əhmədova Füyuzat 136

Azərbaycan milli məfkurəsinin fədakar mücahidi

Məhəmməd Əmin Rəsulzadə də hərbi işin təşkili, Azərbaycan üzərində qonşu dövlətlərin iddia etdiyi ərazilər barədə Osmanlı rəsmiləri ilə danışıqlarını davam etdirmiş, xüsusən Bakı məsələsində çevik və prinsipial mövqe sərgiləmişdir. Vaxt itirməmək üçün hökumətdən xüsusi səlahiyyətlər verilməsini gözləmədən sentyabrın 12-də Almaniyanın Osmanlıdakı səlahiyyətli nümayəndəsi qraf Valdburqa Azərbaycan hökuməti adından nota imzalayaraq təqdim etmişdir. O, Bakının Azərbaycan coğrafiyası və tarixində tutduğu əhəmiyyətli mövqedən, mədəni, iqtisadi, siyasi keçmişindən bəhs etmiş, gətirdiyi konkret faktlara söykənərək fikrini əsaslandırmış, Rusiyanın Bakı üzərindəki iddiasının əsassızlığını (həmçinin yeni rus hökumətinin bəyan etdiyi prinsiplər baxımından) Almaniya nümayəndəsinin diqqətinə çatdırmışdır.

“Almaniya imperiyası ilə Böyük Rusiya arasında bağlanmış sazişin Bakıya aid maddəsinə” etiraz olaraq verilmiş nota barəsində Azərbaycan Xarici İşlər Nazirliyini məlumatlandıran M.Ə.Rəsulzadə lazım olarsa, hökumətin notaya uyğun hərəkət etməyini məqsədə müvafiq saymışdır. Diplomatiyada qarşı tərəfin maraq dairəsindən çıxış etməyin faydasını bilən bir peşəkar kimi Rəsulzadə neft amilini, sazişin “Bakı məsələsində” Almaniyanı təmin edəcək şərti diqqətsiz qoymamışdır. Əksinə, Azərbaycan hökumətinin “Almaniya kimi nəhəng sənaye dövlətinin ticari və iqtisadi maraqlarını” nəzərə alacağını vurğulamışdır. O təkcə bu nota ilə kifayətlənməmişdir. Belə ki, Osmanlıdakı Almaniya səfirliyinə etiraz notası təqdim edilmiş, notanın surəti Osmanlı dövlətinin Xarici İşlər Nazirliyinə, Avstriya-Macarıstan və Bolqarıstan səfirliklərinə, həmçinin bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə göndərilmişdir. İstanbuldakı nümayəndəlik adından etiraz edən M.Ə.Rəsulzadə M.H.Hacınskiyə məktubunda: “Hökumət də ayrıca olaraq etiraz etməlidir və {mütləq} hay-küy qaldırmaq lazımdır, – yazır və bir daha bil­dirir­­di, – bil­məlisiniz ki, bu xəyanətkarlığa ən böyük və layiqli cavab Bakının alınmasıdır”.

Bakının alınması barədə rəsmi şəkildə Azərbaycan hökumətindən deyil, Ənvər paşa vasitəsilə xəbər tutan M.Ə.Rəsulzadə növbəti məlumatında Alman bloku dövlətlərindəki vəziyyəti, Rusiya ilə münasibəti təhlil edərək getdikcə daha ciddi şəkil alan siyasi şəraitdə fəaliyyət kursunu müəyyənləşdirmişdir: “Əgər Azərbaycan hökuməti hazırda müstəqil çevik siyasət yeritsə, zənnimcə, bu bizim xeyrimizə olacaqdır”.

Cənubi Qafqaz respublikalarının sərhədlərinin müəyyənləşdirilməsi Rəsulzadənin İstanbulda diqqət yetirdiyi məsələlərdən olmuşdur. Ermənilər Ənvər paşaya təqdim etdikləri layihə və xəritəyə əsasən, Türkiyə və Azərbaycan ərazilərindən, həmçinin gürcülərdən bir sıra torpaqlar tələb edirdilər. Rəsulzadə Ənvər paşa ilə bu məsələyə dair söhbətlərində Osmanlı dövlətinin ümumi maraqlarına zidd olmasa da, Azərbaycan dövlətinin mənafeyinə əks olan layihələrə qarşı çıxmış və Ənvər paşa ən münasib saydığı yolları məsləhət görərək Nuru paşaya müvafiq hərbi göstərişlər vermişdi.

Davamı…