Xəbərlər

Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Naşirlərinin I Forumu keçirilib.

“Füyuzat”ın məlumatına görə, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutan forumun məqsədi yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaqdır.

Tədbirdə Azərbaycan və Türkiyədə nəşriyyat işi ilə məşğul olan təşkilatlar, onların rəhbər və kollektiv heyəti, ictimaiyyət və media nümayəndələri, oxucular və digər qonaqlar iştirak ediblər.

Tədbirdə 5 paneldə ölkəmizdən və xaricdən ümumilikdə 15 spiker çıxış edəcək.

Forum çərçivəsində 27–28 aprel tarixlərində AMEA-nın həyətində “Oxu günü – 10” sərgi-yarmarkası təşkil olunacaq.

Ölkənin 40-dan çox aparıcı nəşriyyatı və kitab evinin, eləcə də 70-ə yaxın yazıçı və ziyalının iştirak edəcəyi sərgidə kitabların endirimli satışı, həmçinin tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün “nağıl saatları” və ustad dərsləri təşkil ediləcək.

Sərgidə iştirak sərbəstdir.